“Qarabağ” srağagün müdafiəçisi Vild-Donald Gerye ilə yolları ayırıb. Bu haqda klub rəsmi xəbər yayıb. Haiti millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Son çempion bununla da intizamsızlığına görə əsas komandadan uzaqlaşdırılan 31 yaşlı sol cinah müdafiəçisindən qurtulub.
Geryenin yeni komandası da artıq məlumdu. O, karyerasını Cənubi Kiprdə davam etdirəcək. Futbolçu “Apollon” ilə 1,5 illik müqavilə bağlayacaq. Dünən Kiprə yollanan haitili “Apollon”la münasibətləri rəsmiləşdirəcək.
Ağdam klubu ilə müqaviləsinə xitam verilən Haiti millisinin üzvü “instaqram” səhifəsində paylaşım edərək, “Qarabağ”la vidalaşıb:
“Bu kluba və şəhərə minnətdaram. Sevgi və xoş münasibət üçün hamıya təşəkkür edirəm. İnanıram ki, həyatımda yeni bir mərhələ açmağın vaxtı gəldi. Bu səbəbdən də klubdan başqa komandaya keçməyimə icazə verilməsini xahiş etdim. Hamıya, xüsusən də azarkeşlərə müraciət edirəm ki, məni başa düşsünlər. Onlar bu illər ərzində möhtəşəm idilər. Burdakı illərim unikal alındı. “Qarabağ” yüksək hədəfləri olan klubdu. Mənim üçün həyəcanverici, qürurlu, eyni zamanda çətin dövr oldu. Amma burda heç vaxt unuda bilməyəcəyim qədər futboldan zövq aldım. Azarkeşlərimizə bir daha sonsuz təşəkkürümü bildirir, AFFA-ya da minnətdarlıq edirəm. “Qarabağ”da oynadığım zaman ərzində böyük futbolçularla birgə meydana çıxdım. Hamısını tanımağıma şadam, onlara daim hörmətim olacaq”.
32 yaşlı sol cinah müdafiəçisi “Qarabağ”a belə təşəkkür edib:
“Artıq karyeramda yeniliyin vaxtı çatdığını fikirləşirəm. Gedirəm, amma bu forma həmişə mənə bu komanda ilə birgə olduğumu hiss etdirəcək. Kluba, prezidentə, baş məşqçiyə, direktora, komanda yoldaşlarıma, bütün texniki heyətə, inanılmaz işçilərə təşəkkür edirəm”.
Geryenin ayrılığından sonra ağdamlılar yeni futbolçu axtarışına start verib. “Köhlən atlar” haitilinin boşluğunu doldurmaq niyyətindədi. Qurban Qurbanov fevralın 10-na kimi yeni futbolçunun transfer edilməsini istəyib. Geryenin “Qarabağ”dan ayrılması ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Sən demə, haitili müdafiəçi özü bilərəkdən komandanın düşərgəsinə gec qoşulub. Gerye premyer-liqa qış fasiləsinə yollandıqdan sonra Cənubi Kipr təmsilçisi ilə menecerlər vasitəsilə şəxsi razılıq əldə edib. Məhz bundan sonra “Qarabağ”ın daxili qaydalarını pozmağa başlayan haitili sonda istəyinə çatıb. Gerye son həmlə ilə həddini aşıb. Təyyarə reyslərinin ləğvini və koronavirus testini bəhanə gətirməsini Qurbanov hardasa bağışlayardı. Amma 20 min dollar cərimələnməsinə mətbuat vasitəsilə sərt etiraz etməsi, "bu ədalətsiz qərardı" deməsi baş məşqçinin səbr kasasını daşırıb. Qurban bəy intizamsız legionerlə bütün əlaqələri kəsib, onun görüşmək təklifini geri çevirib. İstəyinə nail olan müdafiəçi "Qarabağ" rəsmiləri ilə əlaqə saxlayıb və müqaviləsinə qarşılıqlı razılıqla xitam verilməsini istəyib. Təbii ki, bu da razılıqla qarşılanıb. Qurbanov bir an belə tərəddüd etmədən onun getməsini istəyib.
Beləliklə, futbolçu bəhanə uydurmaqla “Qarabağ”dan ayrılıb. O, daha çox əylənmək və pul qazanmaq üçün “Apollon”a keçib. Qurban bəyin bu qərarının doğru, yoxsa yanlış olduğunu zaman göstərəcək. Amma görünən odu ki, “Qarabağ” Geryenin Cənubi Kipr təmsilçisinə keçidindən bir qəpik belə qazanmayıb. Klub öz əli ilə haitilini “Apollon”na təhvil verib.
İLKİN SULTANLI