Beşinci turdan təxirə salınan oyunda “Qarabağ” “Səbail”i 4:0 hesabıyla məğlub etdi və layiq olduğu liderlik kürsüsünə oturdu. Bu məsələdə təəccüblü nəsə yoxdu. Nə xüsusi araşdırma aparmaq lazımdı, nə də təhlillər etmək. Mənim diqqətimi çəkən başqa məqamdı. Hakimlərin mübahisəli oyundankənar vəziyyət qeydə aldığı epizodu da nəzərə alsaq, “Qarabağ” qonaq komandanın qapı torunu 5 dəfə silkələdi.
Düzdü, konkret statistikanı qeydiyyata almırdım. Amma futboldan az-çox başımız çıxır. Oyuna gözucu baxmağımız belə kifayət edir ki, kimin meydanda nə iş gördüyünü, öz üzərinə düşən vəzifənin öhdəsindən necə gəldiyini başa düşək. Yalan olmasın, “Qarabağ” “Səbail”in qapısına 90 dəqiqə ərzində elə 5 dəfə zərbə vurdu, həmin zərbələr də qapı xəttini keçdi. Düzdü, o toplardan birini hakimlər qol kimi qeydə almadılar. Olsun, 0:4 uduzmaq da biabırçılıqdı, elə bu da böyükhesablı yenilgi sayılır. “Çərçivə”də əcnəbi dayanıbsa, bu hesabla uduzmaq ikiqat rəzalətdi.
“Azərsun Arena”da keçirilən oyunda “Səbail”in qapısını Qvatemaladan dəvət olunan Nikolas Hagen ad-soyadlı legioner qoruyurdu. Daha doğrusu, qorumağa çalışırdı. Az öncə qeyd etdiyim kimi, “Qarabağ”ın “çərçivə”yə düşən zərbələrinin hamısı qola çevrilirdi. Belə yerdə adamın Aftandil Hacıyevə sual verməyi gəlir ki, Hagen hansı keyfiyyətlərinə görə “Səbail”in əsas qapıçısı sayılır? Bəli, Azərbaycan futbolunun reallıqları bizə də məlumdu. Yaxşı başa düşürük ki, Hageni “Səbail”ə baş məşqçinin istəyindən, iradəsindən kənar gətiriblər. Azərbaycan premyer-liqasında legioner limiti tətbiq olunur. Adətən, məşqçilər çalışırlar ki, qapıçı yerli olsun, limitdən hücumda, yarımmüdafiədə əcnəbi oynatmaqla yararlansınlar. Amma “Səbail”də əksinədi. Aftandil Hacıyev iki yerli qapıçını ehtiyatda oturdur, legioneri qapıya qoyur. Bununla da meydanda taktiki dəyişikliklər etmək, əcnəbilərdən daha yaxşı yararlanmaq imkanlarını məhdudlaşdırır. Sizin də yadınızda olar, bu yaxınlarda Şahruddin Məhəmmədəliyevin “Qarabağ”a necə gəlməsindən yazmışdım. Qurban Qurbanov Azərbaycan vətəndaşı sayılan, özü də yaş limitinin tələblərinə cavab verən Şahruddini “Qarabağ”a üçüncü qapıçı kimi dəvət etmişdi. Sonra necə olduğunu hamımız gördük. Dağıstanlı qapıçı indi təkcə “Qarabağ”ın yox, Azərbaycan millisinin də “1 nömrə”sidi. Özü də sözün bütün mənalarında.
“Səbail” geridə qalan 14 turda qapısından 23 top buraxıb. Orta hesabla hər oyuna 1,5 qoldan da artığı düşür. Bu 14 oyunun yalnız ikisində “dənizçilər” qapısını toxunulmaz saxlaya bilib. İkinci dövrənin son turunda “Neftçi” “Səbail”in qapısına üç qol vurub. 13-cü turda eyni sayda qolu “Qəbələ” “Səbail”in qapısından keçirib. Hər iki oyunda qapıda Nikolas Hagen dayanmışdı. Maraqlıdı ki, hər görüşdə qapısında qol görən “Səbail”də Hagen “çərçivə”nin əvəzolunmaz ağasıdı, məşqçilər korpusu onu əvəzləmək fikrinə düşmür. Futbolda “qalib heyəti dəyişməzlər” deyimi var. Sanki “Səbail”də bu deyimi bir qədər özünəməxsus formaya salıblar: “Qol buraxan qapıçını dəyişməzlər”. Turlar irəliləyir, qapıya hər tur qollar vurulur, məğlubiyyətlər sıralanır. Di gəl ki, qapıçını əvəzləmirlər. Olmaz ki, başqalarına da şans versinlər? Bununla da Hagenə toparlanmaq, səhvlərindən nəticə çıxarmaq fürsəti də yaranar. Bəlkə Qvatemaladan dəvət olunarkən ona əsas heyətdə daimi yer sözü veriblər. Bu söz də onu arxayınlaşdırıb, öz üzərində lazımınca çalışmır, oyunlara yetərincə köklənə bilmir. Futbolda belə hallara dəfələrlə şahid olmuşuq.
Bəli, məğlubiyyətə, buraxılan qollara görə yalnız qapıçını günahlandırmaq doğru yanaşma deyil. Futbol komanda oyunudusa, yenilgidə də hamı birlikdə günahkar olur. Amma məğlubiyyətləri də araşdırmaq, daha çox günahı olanları üzə çıxarmaq da vacibdi. Bununla da növbəti oyunlara daha yaxşı hazırlaşmaq, məğlubiyyət riskini azaltmaq mümkün olar. Heç şübhə etmirəm ki, sadaladıqlarımın hamısını Aftandil Hacıyev də bilir. Lakin bunu tətbiq etmir, Nikolas Hagen “çərçivə”də toxunlmaz isim elan olunub. Mənim Kamran Ağayevə münasibətim çoxlarına bəllidi. Məsuliyyətsiz davranışlarına, istedadına laqeyd yanaşmasına, yersiz hərəkətlərinə görə onu xeyli tənqid etmişəm. Atalarımız “igidi öldür, amma haqqını ver” deyiblər. Kamranın liderlik qabiliyyətinə də, təcrübəsinə də bələdik. Çətin məqamlarda artıq çəkisi də, formada olmaması da bu iki keyfiyyətin sayəsində aşıla bilər. Yetər ki, ona güvənilsin, etimad göstərilsin. Ağayevi nə qədər qınasaq da, belə münasibətə layiq olmadığını deməliyik. Onsuz da “Səbail” uduzur, üç oyuna qapısından 10 top buraxır. Olmaz ki, millimizin sabiq qapıçısına, illərini Azərbaycan futboluna verən Kamrana da etimad göstərilsin? O 10 qol Kamranın qoruduğu qapıya vurulsaydı, dünya dağılmayacaqdı. Hərdən adama elə gəlir ki, “Səbail” Qvatemaladan olan sosial şəbəkə istifadəçilərinin “layk”larına görə Hageni qapıya qoyur. Qorxurlar ki, qapıda azərbaycanlı dayansa, həmin “layk”lar da gəlməyəcək. Bu sevdanın da nəticəsi acı məğlubiyyətlər olur.
AMAL