Dünən İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Gürcüstanda və Rumıniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün hökmü ilə Azərbaycanın gənclər yığması Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda A qrupunda Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya komandaları ilə mübarizə aparacaq.
Qrupdakı rəqibləri dəyərləndirməsi üçün U-21-in baş məşqçisi Milan Obradoviçlə əlaqə saxladıq. Serbiyalı mütəxəssis qəzetimizə açıqlamasında 3-cü yer uğrunda mübarizə aparacaqlarını bildirdi:
“Bu gün məşqçilər və digər millilərin çalışdırıcıları ilə görüşdük. Onlarla rəqibləri və oyunları müzakirə etdik. Ardıcıl olaraq Norveç, Xorvatiya və Avstriya ilə səfərdə oynayacağıq. Xorvatlarla avstriyalılar qrupun ən güclüləridi. Onların futbolçuları Avropanın səviyyəli liqalarında çıxış edirlər. Əlbəttə, 21 yaşlılardan ibarət yığma komandaları da çox yaxşı təşkilatlanıb. Düşünürəm ki, qrupda 3-cü yer uğrunda mübarizə aparacağıq. Hədəflərimizdən əlavə olaraq inkişaf etməliyik. Oyundan-oyuna həm texniki, həm də taktiki cəhətdən artırmalıyıq. Hədəfəmiz meydana çıxıb, oynamaqla kifayətlənmək deyil. Günbəgün inkişaf edib, ən yüksək səviyyəyə çatmaqdı. Finlandiya və Norveç də yüksək səviyyəli futbolçulardan qurulmuş komandalardı. Onların oyunçuları da Avropanın ən yaxşı liqalarında çıxış edirlər. Bizi bir-birindən maraqlı qarşılaşmalar gözləyir. Hazırda qrupu neçənci pillədə bitirəcəyimizi dəqiq deyə bilmərəm. Ötən tsiklə nisbətən daha yaxşı oyun nümayiş etdirsək, xal ehtiyamız çox olacaq və bir çox rəqiblərə başağrı olacağıq. Qarşıda bizi çox çətin işlər gözləyir. İyuna kimi hazırlıq işləri görməliyik. Məhz bu tarixdə Norveç səfərində görəcəyik ki, komandamız nəyə qadirdi. Qrupun çətinliyi və asanlığı barədə heç vaxt danışmamışam. İstənilən komanda burda yüksək nəticə əldə edə bilər. Biz də həmçinin. Bütün komandalara hörmətlə yanaşırıq. Hər oyun qələbəyə köklənəcəyik və inkişaf etməyə çalışacağıq. Biz bunu bacararıq. Biz yaxşı oyun sərgiləyirik, güclü komandalara qarşı mübarizə apara bilirik. Ötən il İsveçrəyə qarşı həm evdə, həm səfərdə yaxşı oyun nümayiş etdirmişdik. Slovakiyaya başağrı olduq. Onları öz meydanımızda məğlub etdik. Beləliklə, düşünürəm ki, bu qrupda yaxşı nəticələr əldə edə bilərik. Əsas hədəfimiz oyunçularımızın inkişaf etdirməkdi. Onlar bu rəqiblərə qarşı özlərini yaxşı tərəfdən göstərib, əsas milli komandanın baş məşqçisinin diqqətini cəlb edə bilər. 21 yaşlılardan ibarət milli komandada güclü futbolçuların çoxluğu əsas yığma üçün güc mənbəyi deməkdi. Burda keyfiyyətli oyunçuların çoxluğu baş məşqçinin seçim imkanını genişləndirir. Bu da rəqabətə və inkişafa səbəb olur. Bizim də əsas məqsədimiz oyunçuların bacarıqlarını və oyun praktikasını artırmaqdı”.İLKİN SULTANLI