Nurlan İbrahimovun istefasından sonra “Qarabağ”ın mətbuat katibi postu boş qalıb. Futbol+ xəbər verir ki, artıq bu vəzifəsinin yeni sahibinin kimliyi bəllidi. Redaksiyamıza daxil olan məlumata görə, klub rəhbərliyi Gündüz Abbaszadə ilə razılıq əldə edib. “Köhlən atlar”ın rəsmiləri “CBC Sport”un əməkdaşı ilə danışıqları yekunlaşdırıb. Abbaszadə qismən də olsa, kubda fəaliyyətə başlayıb. Gələn həftənin əvvəllərində onun təyinatının rəsmən açıqlanması gözlənilir.
Əldə etdiyimiz məlumata görə, Abbaszadə, sadəcə, mətbuat katibi olmayacaq. O, yeni yaradılacaq Mətbuat Departamentinin rəisi vəzifəsində çalışacaq. Yeni yaradılacaq qurumda klubun media ilə əlaqələri tənzimlənəcək, həmçinin internet kanalı yaradılacaq. “Qarabağ” rəhbərliyi Abbaszadədən bu işlərə qısa zamanda başlamasını istəyib. Rəhbərlik 2021/22 mövsümündən etibarən klubun rəsmi telekanalının istifadəyə verilməsinin tərəfdarıdı.
İLKİN SULTANLI