Sizin reklam burada

Son 6 ilin bombardirlik rekordu yenilənəcək!

Title

Mahir Emreli dünən 5-ci turdan təxirə salınan oyunda “Səbail”in qapısına iki qol vurmaqla həm “Qarabağ”ı zirvəyə daşıdı, həm də 10 qolla bombardirlər yarışında vahid liderliyi ələ aldı.

Futbol+ ölkə çempionatı isə hələ indi yarılanır, yəni bizi irəlidə daha iki dövrə və ya 14 tur gözləyir. Sizcə, vurğunu bu statistik məqamların üzərinə salmağım əsassızdı? Əsla və qətiyyən!

Bəribaşdan deyim ki, mən də “Qarabağ”ın hücumçusuna ən yaxın vaxtda legioner həyatına başlamağı arzulayıram, onun hələ də “artıra” biləcəyini düşünənlər sırasındayam. Amma bu rəqəmlərin elə cəlbedici dünyası, cazibə qüvvəsi var ki, onların ətrafında vurnuxmaqdan da özümü saxlaya bilmirəm. Aşağıdakı siyahıdan da göründüyü kimi, ölkə çempionatının son 6 mövsümündə bombardirlər siyahısında 16 qol həddini aşan olmayıb. Sonuncu dəfə bu qədər qolu da məhz Mahir vurub. Ötən mövsümün yarımçıq qaldığını nəzərə alaq, onun sonda neçə qol vura biləcəyini demək çətindi. Hər halda, ölkə futbolunun tarixinə ötən mövsüm üçün hərəyə 7 qolla 4 futbolçunun adı yazıldı.

Bu il isə Mahir nəinki 2019-dakı rekordunu yeniləyə, hətta Reynaldonun 22 qol göstəricisinə də “əlcək ata” bilər. Əlbəttə, 22 qol da rekord deyil. Ona qalsa, Azərbaycan çempionatının tarixində 39 qolla bombardir olan Nazim Əliyev, 35 qolla bombardir olan Musa Qurbanov var. Sadəcə, o vaxt komanda sayı çox idi. Bombardirlik ətrafında hansı oyunların getdiyini isə hamı bilir. Rəhmətlik Süleyman Dəmirəl demişkən, dünən dünəndi, bu gün bu gündü. Bu gün isə Mahirin mövsümün sonunda bütün son illərdəki qol saylarını yeniləməklə bombardir ola biləcəyindən xəbər verir. Təbii ki, sağlıq durumunda hansısa ciddi problem yaranmasa və bu qış legioner həyatına başlamasa…

Son 10 çempionatın bombardirləri:
2011 – Georgi Adamiya 18
2012 – Bahodir Nasimov 16
2013 – Nikolas Kanales 26
2014 – Reynaldo 22
2015 – Nurlan Novruzov 15
2016 – Dani Kintana 15
2017 – Rauf Əliyev/Filip Ozobiç 11
2018 – Baqali Dabo 13
2019 – Mahir Emreli 16
2020 – Baqali Dabo, Mahir Emreli, Stiven Jozef-Monroz, Peyman Babayi – 7

ORXAN
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.