Sizin reklam burada

“Kəpəz”ə məğlubiyyət “Sabah”da ab-havanı dəyişib

Title

Yetərincə normal heyətə malik “Sabah”ın işləri yaxşı getmir. Premyer-liqada turnir cədvəlinin sonuncusu olan Visente Qomesin komandası ölkə kubokunda da mübarizəni dayandırdı.

Birinci divizion təmsilçisi “Kəpəz”ə yenilgi hələ də müzakirə mövzusu olaraq qalır. Komandada nələrin baş verdiyini öyrənmək üçün Bəxtiyar Həsənalızadə ilə danışdıq.

- İlk növbədə komandanın hazırkı vəziyyəti ilə bağlı fikirlərini öyrənək. “Sabah” turnir cədvəlinin sonuncu pilləsindədi və uğursuz çıxışı davam edir.
- Mən komandaya yeni transfer olunmuşam. Bu barədə danışmağım düzgün olmaz. Komandanın hazırkı vəziyyətinə ən yaxşı şərhi baş məşqçi verə bilər. O, problemin nədən qaynaqlandığını daha yaxşı bilər. Yəqin ki, özü vəziyyəti təhlil edir. Problemləri deyər, biz də çalışıb aradan qaldırarıq.

- Özün də vurğuladın ki, komandaya yeni transfer olunmusan. Sən kluba keçəndə də vəziyyət belə idi. Komandanın bu durumuna görə tərəddüd etmədin?
- Bilirəm ki, potensialı olan komandaya gəlmişəm. “Sabah”ın potensialı “Qarabağ” və “Neftçi” səviyyəsində olmasa da, onlardan çox da geri qalmırıq. Heyətə baxmaq kifayət edir ki, komandanın səviyyəsi haqda fikir formalaşsın. “Sabah”a qoşulanda düşünmürdüm ki, geriyə addım atıram. Bilirdim ki, komanda nələrə nail ola bilər. İndiki mövqeyinə baxmayaraq, mövsümü yaxşı pillədə bitirəcəyinə inanıram.

- Kubokda da “Kəpəz”ə məğlub olaraq mübarizəni dayandırdız. Çoxları üçün bu gözlənilməz oldu. Mərhələ keçməyə nə mane oldu?
- Kubok oyununda meydanda deyildim. Problem nədə oldu, bilmirəm. Amma ola bilər ki, oyuna yanaşma düzgün olmayıb. Onsuz da, uduzmuşuq, keçmişi qaytara bilmərik. Sadəcə, biz bu oyunda qalib gəlməyə borclu idik. Futbolda belə hallar qaçılmazdı. Böyük çempionatlarda da komandalar 2-ci, 3-cü divizion təmsilçisinə məğlub olurlar. İnanırıq ki, bundan sonra belə hallar olmaz.

- Səncə, “Sabah” mövsümün qalan hissəsində nəyə nail ola bilər? Mövsümün sonunda komandanı hansı pillədə görürsən?
- Yenə deyirəm, komandanın potensialı böyükdü. Sadəcə, komanda ətrafında birləşmək lazımdı, futbolçularla, məşqçilərlə. Birləşib bu çətin vəziyyətdən çıxmalıyıq. Bu vəziyyətə özümüz özümüzü salmışıq. Kənardan kiminsə gəlib bizi xilas etməsini gözləyə bilmərik. Özümüz vəziyyətdən çıxmağı, uğursuzluğu geridə qoymağı bacarmalıyıq. İnanıram ki, buna nail olacağıq və mövsümü yüksək pillədə bitirəcəyik.

- Bəs komandada ab-hava necədi?
- Komanda daxilində ab-hava yaxşıdı, sadəcə, “Kəpəz”ə məğlubiyyətdən sonra bir qədər dəyişdi. O oyundan sonra ab-hava yaxşı ola bilməz. Hamının qanı qara idi. Heç kim bu məğlubiyyəti istəmirdi, gözləmirdi də. Ümumilikdə isə hamı bir-biri ilə mehribandı. Yaxşı kollektivimiz var. İnanıram ki, başqa məsələlər də keçəcək. Növbəti günlərdə bu məğlubiyyəti unudub, qarşıdakı oyunlarda uğurla çıxış edəcəyik.

- Son günlər bir məsələ də diqqəti “Sabah”a yönəldib: Bəhlul Mustafazadənin “Veyle”yə keçidinin alınmaması. Klubun icarə verməməsinə görə Bəhlulun məyus olduğu deyilir.
- Bu, klub rəhbərliyi ilə futbolçu arasında olan məsələdi. Ümumilikdə deyə bilərəm ki, Bəhlul yaxşı futbolçudu, potensialı böyükdü. Ümid edirəm ki, o, tezliklə karyerasını xaricdə davam etdirmək fürsəti qazanacaq. İstəyərdik ki, hansısa azərbaycanlı gənc futbolçu bizi ölkədən kənarda uğurla təmsil etsin. Getsəydi, əla olardı, amma qaldı. Komanda yoldaşımdı, bizim üçün də vacib futbolçudu.

- Sonda yığmanın DÇ-2022-nin seçmə mərhələsində keçirəcəyi oyunlarla bağlı fikirlərini öyrənək. Yığmanı çətin tsikl gözləyir. Səncə, bu rəqiblərlə mübarizədə nəyə nail ola bilərik?
- Qrupda çox çətin rəqiblərimiz var. Bu komandalarla döyüşməkdən başqa çarəmiz yoxdu. Biz o səviyyədə futbol ölkəsi deyilik ki, deyim, onlarla başabaş mübarizə apara bilərik. Onlarla oynamaq üçün mübarizə aparmalı, meydanda əzmkarlıq göstərməliyik. Hər bir futbolçu meydanda can qoymalıdı. Komandada müəyyən inkişaf görünür, ümid edirəm ki, bundan sonra da bu inkişaf davam edəcək. Layiqli mübarizə olsa, inanıram ki, nəticə də olacaq.

AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.