"Qarabağ"ın sabiq hücumçusu, avrokuboklardakı bombardiri Reynaldo dos Santos Silva və ya sadəcə, Reynaldo dünən karyerasını başa vurduğunu açıqladı. Braziliyalı futbolçunun “feysbuk” səhifəsində yazdıqlarından aydın olur ki, bundan sonra vətənində qalacaq və bir daha yaşıl meydana çıxmayacaq. Bir futbolçunun 31 yaşında belə qərar vermək üçün çox ciddi əsasları olmalıdı. Mənə elə gəlir ki, heç belə əsasların axtarışına çıxmağa da dəyməz. “Qarabağ” üçün avrokuboklarda 11 qol vuran Reynaldo bu komandadan ayrılandan sonra onsuz da gözdən itmişdi, 4 il ərzində 5 klub dəyişəndə yavaş-yavaş tükənirdi. Tükəndi, tükəndi və bitdi…
Reynaldonun taleyi hansısa futbolçunun yalnız bir klubda özünü göstərə bilməsinə dair klassik nümunədi. Braziliyalının peşəkar futbolçu həyatında “Qarabağ” 5-ci iş yeri olsa da, o, nə ilk müqaviləsini bağladığı “Nautiko”da, nə 5 il məxsus olub, heyətində 5 oyun keçirdiyi “Anderlext”də, nə də icarəyə verildiyi “Serkl Brügge” və “Vesterlo”da özünü tapdı. “Qarabağ”la müqavilə bağladığı vaxta – 2013-ün fevralına qədər futbol səmasında ruh kimi dolaşdı, qolçu bacarığını heç yerdə göstərə bilmədi. Amma Qurban Qurbanovun əlinin altında parladı, işlək mexanizmin bir parçasına çevrildi, oyunu ilə yüzminlərlə azarkeşin qəlbində özünə taxt qurdu. Mənə elə gəlir ki, “Qarabağ”ın 2013-17-ci illər aralığını əhatə edən tarixinə məhz Ronaldonun təkbaşına komandaya qazandırdığı onlarla qələbə yazılıb. İstər ölkədaxili yarışlarda, istərsə də ÇL və AL oyunlarında dəfələrlə ən çətin vəziyyətlərdən rəqib qapısına yol tapmağı, hər kəsin ümidləri tükənəndə də səhnəyə çıxmağı bacarıb. Əlbəttə, mən onu ilahiləşdirmək, bütləşdirmək niyyətindən uzağam. Oyununa, qollarına görə sağ olsun, amma “Qarabağ”ın 2014-də Çempionlar Liqasının təsnifat mərhələsində - “Zaltsburq”la dueldə mübarizəni dayandırmasının bir nömrəli səbəbkarı da məhz Reynaldodu. Meydanın mərkəzində yersiz kunq-fu fəndinə əl atan və birbaşa qırmızı vərəqə ilə qovulan Reynaldo… Amma necə deyərlər, hər şərdə bir xeyir var. “Qarabağ” məhz həmin il Avroliqanın pley-offunda iki oyunun nəticəsinə görə “Tvente”ni yolundan kənara atmaqla bu turnirin qrupuna düşdü. Beləcə Qurban Qurbanovun komandasının avrokuboklardakı zəfər yürüşü başladı.
Sonrası məlumdu: “Qarabağ”dan ayrılandan sonra, yəni 2017-nin yanvarında “Adanaspor”, 2018-in yanvarında Trnava “Spartak”ı, fevralında (?!) “Aktobe” ilə anlaşdı, ardından 4 ay Ağdam klubunda göründü. Sonra “İrtış”, Batumi “Dinamo”su və nəhayət, dünənki son. Nə yazıq ki, Reynaldo bir daha heç vaxt və heç bir klubda “Qarabağ”dakı səviyyəsinə qalxa bilmədi. Bunun günahının futbolçuda, yoxsa sonradan ona qucaq açan komandaların çalışdırıcılarında olması artıq mənə maraqlı deyil. Bəlkə də xarakteri ilə bağlı hansısa problemlər var, bəlkə də futbol artıq ona əvvəlki qədər zövq vermir. Hər nədisə, gerçəklik budu ki, tam 4 il Azərbaycan azarkeşini oyunu ilə məst edən, nəinki “Qarabağ”ın, futbolumuzun avrokuboklardakı bombardiri olan birisi tarixə döndü. Futbolun üzü sərt və amansızdı, rekordların ömrü bir yerə qədərdi. Amma aydın məsələdi ki, ən azı həmin 11 qol rekordu yenilənənə qədər Reynaldo daim xatırlanacaq, yada düşəcək. Əfsanə süqut etdi, rekordu isə hələ bir neçə il də yaşayacaq…
HÜŞƏNG