“Rəqib bizə qarşı yaxşı hazırlaşmışdı. Həm də son illərdə tez-tez qarşılaşdığımızı nəzərə alsaq, bir-birimizi yaxşı tanıdığımızı deyə bilərəm".Futbol+ xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva deyib. Braziliyalı mütəxəssis Avropa çempionatının seçmə mərhələsində Slovakiya yığması üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib:
"Bizim əsas problemimiz yaratdığımız qol epizodlarını realizə edə bilməməyimiz oldu. Hətta məşqlərdə də, oyunöncəsi təlimat zamanı da futzalçılarıma buna diqqət etmələrini tapşırdım. Amma etiraf edim ki, bunun öhdəsindən yenə tam gələ bilmədik. Oyuna yaxşı başladıq və birinci hissədə ardıcıl epizodlar yaratdıq, təəssüf ki, bu üstünlüyümüzü hesaba daşıya bilmədik. Bəli, hazırlıq üçün az vaxtımız oldu, fiziki, taktiki planda problemlərimiz görünürdü. İkinci hissənin başlanğıcı çox çətin oldu. Ancaq ikinci qolu vurmağımız rəqibin oyun planında açılmasına səbəb oldu. Biz də yaranan boşluqları düzgün dəyərləndirdik. Vacib olan qələbə idi, onu da qazandıq. İndi Yunanıstanla matçda bunun davamını gətirməliyik”