Sizin reklam burada

PFL rəsmisi "Zəfər dəhlizi" ideyasının yaranmasından danışdı

Title

“Səbail” - “Neftçi” matçı başlamazdan öncə maraqlı hadisə baş verdi. Komandalar meydana həmişəkindən fərqli qaydada çıxdı. Onlar matçdan öncə fləşmob etdilər. Hər iki komandanın oyunçuları meydana daxil olan kimi görüşün baş hakimi Kamal Umudlu üçün düzüldülər. 44 günlük Vətən müharibəsində iştirak edən referi "Zəfər dəhlizi"ndən keçdi. Daha sonra dövlət himni səsləndirildi.

Əldə etdiyimiz məlumata görə, ideyanın sahibi PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov olub. Məsələ ilə bağlı qurum rəsmisinin fikirlərini öyrəndik:

“Düşünürəm ki, diqqətdən yayınmamalı məqam idi. Çünki 44 günlük Vətən müharibəsində özümüz Bakıda olsaq da, ürəyimiz torpaqlarımız uğrunda döyüşən qardaşlarımızın yanında idi. Hamıya bəllidi ki, döyüşlərdə futbol ictimaiyyəti arasından da kifayət qədər insan iştirak edirdi. Mövzu vətən olanda, insanın vəzifəsi önəm daşımır. Bizim ilk amalımız ölkəmizin keşiyində durmaqdı. Bu müddətdə həm AFFA, həm PFL, həm də klublarımızda çalışan şəxslər döyüşlərdə iştirak etdilər, həm də səfərbərlik xidmətlərini yerinə yetirdilər. PFL-in əməkdaşı, operator Rəhim İslamzadə qazi oldu. O, Füzuli istiqamətində gedən döyüşlərdə yaralanıb. Cənab Prezident İlham Əliyev həmin şəxsi müharibədə göstərdiyi qəhrəmanlığa görə medalla təltif edib. Eyni zamanda AFFA-nın əməkdaşları müharibədən qayıdandan sonra icraçı vitse-prezident Elxan Məmmədovla görüşüblər. “Səbail” - “Neftçi” matçında baş verən hadisəni tək bir nəfərin adına bağlamaq düzgün deyil. Bu, bütün qəhrəmanlarımız üçün idi. “Zəfər dəhlizi” ideyasının kim tərəfindən irəli sürülməsi ikinci planda qalmalı, bəlkə də heç danışılmamalıdı. Məsələnin tarixçəsi maraqlıdısa, bu barədə də danışa bilərik. Premyer-liqa matçlarının təyinatları əvvəlcə planlaşdırılır, sonra siyahıda olan şəxslər koronavirus testindən keçirlər. Bundan sonra hakimlərin və köməkçilərin təyinatları rəsmiləşir. Həmin siyahı da ilk olaraq PFL-ə göndərilir. Kamalın adını siyahıda görəndə belə bir fikri həyata keçirmək istədim. Açığı, onun üçün “Zəfər dəhlizi”ni “Qarabağ”nın “Zirə” ilə qarşılaşacağı yoxlama oyununda etmək istəyirdim. Sadəcə, həmin matç heç yerdə yayınlamadı, həm də çempionat görüşünün insanlar üzərində təsiri daha effektli olur. Biz bunu “reklam xarakterli edək” deyə də düşünmürdük. Əsas məqsədim bu idi ki, vətəndaşlarımız şəhidlərimizə, qazilərimizə, müharibədə iştirak edənlərə necə davranmaq lazım olduğunu daha geniş şəkildə görsünlər. Biz bununla göstərdik ki, vətən uğrunda döyüşənlər hər zaman bir addım daha öndə tutulmalıdılar. Cənab Prezidenti İlham Əliyev də bu məsələyə xüsusi diqqətlə yanaşır. Belə ideyanı həyata keçirmək, sadəcə, mənim ürəyimdən keçdi. “Zəfər dəhlizi” ideyası ilə bağlı öncə Aslan Şahgəldiyevlə məsləhətləşdik. Həmin gün 20 Yanvar hadisəsinə təsadüf edirdi. Evə gedəndə sosial şəbəkələrin birində qrup yaratdım. Burda 4 nəfər var idi: Qədir Həsənov (“Neftçi”nin meneceri), Fərəc Əliyev (“Səbail”in icraçı direktoru), Nicat Zülfülü (“Səbail”in meneceri) və mən. Bu məsələni orda ardıcıllıqla müzakirə etdik. Çox sağ olsunlar, klublarımız ideyaya həssas yanaşdılar. Onların da sayəsində “Zəfər dəhlizi”ni oyunun əvvəlində həyata keçirdik. Hadisədən öncə Kamal Umudlu ilə elə-belə söhbətimiz olmuşdu. Əsasən COVID-19 testinin nəticəsi ilə bağlı danışmışdıq. Mənim Kamala insan kimi hörmətim var. Buna görə də mütəmadi olaraq söhbətləşirik. Orda bildirdim ki, oyundan öncə məni gözləyərsən. Tam detallı olaraq isə qarşılaşmadan yarım saat öncə danışdıq. Hətta bir çox futbolçular məsələdən xəbərsiz idilər. Sadəcə, kapitanlar məlumatlandırılmışdı. Çünki bəzi məsələlər var ki, bunu anında bilmək və həyata keçirmək daha təsirli olur.

Yenə deyirəm, “Zəfər dəhlizi”ni həyata keçirməkdə hansısa məqsədimiz olmayıb. Tək istəyimiz Vətən müharibəsində iştirak edənləri diqqətdə saxlamaq idi. Bunu AFFA və PFL-in birgə təşəbbüsü kimi qəbul etmək lazımdı. Hansısa şəxsin adına çıxarmaq düzgün deyil. Əsas odu ki, bu məqsədimizi həyata keçirdik. Açığı, bu qədər səs-küyə səbəb olacağını gözləmirdim. Sosial şəbəkələrdə çox paylaşıldı, bəyənildi. Bunun da əsas səbəbi vətəndaşlarımızın müharibə iştirakçılarına verdikləri dəyərdi”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.