Premyer-liqanın 14-cü turu çərçivəsində hakimlərin idarəçiliyi ümumilikdə qənaətbəxş oldu. Ədalət təmsilçiləri 4 qarşılaşmada futbolçuları 23 sarı, 1 qırmızı vərəqə ilə cəzalandırdılar. İki görüşdə - “Səbail” - “Neftçi” və “Zirə” - “Qəbələ” matçlarında baş hakimlər 8 dəfə əllərini ciblərinə atdılar. Turun ən ehtiyatlı qarşılaması isə Masazırda keçirildi. “Sabah” - “Qarabağ” görüşündə hakim cəmi 2 dəfə vərəqə göstərmək məcburiyyətində qaldı. Reportyorlarımızın qeydlərinə keçid alaq.
ƏLİYAR AĞAYEV, Keşlə - SumqayıtFIFA referisi ilk dəqiqələrdən futbolçulara “sarı” paylamaqla oyunun “ip”ini ələ aldı. 38-ci dəqiqədə Elçin Mustafayev qırımızı vərəqə alaraq meydandan qovuldu. Əliyar bəy bu epizodda haqlı qərar verdi. Çünki “Keşlə”nin cinah müdafiəçisi Əli Qurbanini dayandırmaq üçün kobudluğa əl atdı. FIFA referisi də qaydalara uyğun olaraq onu qırmızı vərəqə ilə cəzalandırdı. İlk hissədə hər iki komandanın baş məşqçisi Ağayevə söz ataraq psixoloji təsir göstərməyə çalışırdılar. Lakin FIFA referisi təcrübəsindən istifadə edərək, onların sözlərini qulaqardına vurmağı bacardı. Ağayev ümumilikdə qarşılaşmanın öhtəsindən gəldi. Təcrübəli hakim epizodlara yaxın olurdu, köməkçiləri ilə vaxtında əlaqə qurmağı bacarırdı. Bir sözlə, turun son görüşü Əliyar Ağayev üçün çətin olmadı.
VÜQAR HƏSƏNLİ, Sabah - QarabağMasazırda keçirilən qarşılaşmada sürət gözlənilənlərin əksinə yüksək idi. Qış fasiləsindən qayıdan Vüqar Həsənli də bu templə ayaqlaşırdı. Baş hakim hadisələrin mərkəzində olmağı bacarırdı. Verdiyi bütün qərarlarda haqlı idi. Oyunu ümumilikdə yaxşı idarə etdi. Göstərdiyi vərəqələrdə haqlı idi. Vüqar Həsənlinin köməkçiləri ilə əlaqəsini də yüksək qiymətləndirmək olar. Ümumiyyətlə, hakimlər briqadası üzərinə düşən vəzifənin öhdəsindən gəldi.
KAMAL UMUDLU, Səbail - NeftçiReferi 44 günlük Vətən müharibəsində iştirak etdiyinə görə meydana qəhrəman kimi çıxdı. Qarşılaşmadan öncə onun üçün yaradılan “Zəfər dəhlizi” baş hakimdə yüksək əhval-ruhiyyə yaratdı. Matçın sürətli məcrada keçməsi də Umudlunun gözünü qoxutmadı. O, ilk dəqiqələrdən kobud oynayan futbolçuları sarı vərəqə ilə cəzalandıraraq oyuna nəzarəti əlində saxladı. 26-cı dəqiqədə təyin etdiyi penalti qərarı doğru idi. Epizodun təkrarına baxdıqda görürük ki, Dias Kadriuya qarşı kobud oynamışdı. 11 metrlik cərimə zərbəsini təkrarlatması da alqışalayiq qərar idi. Çünki Aqil Məmmədov Əfran İsmayılovun zərbəsindən əvvəl bir qədər önə çıxmışdı. Həmin epizodda qayda pozulmuşdu və penalti təkrarlanmalıydı. Qolkiperin etirazı yersiz idi və referi qaydalara uyğun olaraq onu sarı vərəqə ilə cəzalandırdı. Ümumilikdə isə hakimlər briqadası qarşılaşmanı yaxşı idarə etdi. Onlar bir-biri ilə yaxşı əlaqə qururdular. Kamal Umudlu göstərdiyi bütün vərəqələrdə haqlı idi. 44 günlük Vətən müharibəsində iştirak etməsinə baxmayaraq, gənc referi oyunun öhdəsindən gələ bildi.
ORXAN MƏMMƏDOV, Zirə - QəbələHakimlər briqadası işinin öhdəsindən gəlməyi bacardı. Hansısa kobud səhvə yol verilmədi və ya oyunun nəticəsinə təsir edəcək qərar qəbul olunmadı. Rəşad Sadıqov 90 dəqiqə ərzində Orxan Məmmədova və komandasına təzyiq etsə də, onlar baş məşqçisinin təsiri altına düşmədilər. Bu, hakimlər briqadası üçün təqdirəlayiq hərəkət idi. Hətta 69-cu dəqiqədə həddən artıq etiraza görə Məmmədov Sadıqovu sarı vərəqə ilə cəzalandırdı. Bu qərar doğru və yerində atılmış addım idi. Ümumilikdə isə hakimlər briqadası matç ərzində qətiyyətli idi. Hakimlərin qarşılaşmanın öhdəsindən gəldiklərini desək, yanılmarıq.