Sizin reklam burada

"Futbolçular böyük həvəslə “Şkendiya” ilə matça hazırlaşırlar”

Title

UEFA Gənclər Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib. Tədbirdə 1/32 final cütləri müəyyənləşib. Çempionlar yolunda mübarizə aparan “Qəbələ”nin rəqibi də bəlli olub. 19 yaşadək futbolçulardan ibarət komandamız bu mərhələdə Şimali Makedoniya “Şkendiya”sı ilə qarşılaşacaq. Bir oyundan ibarət mərhələnin görüşləri martın 2-3-də baş tutacaq. “Qırmızı-qaralar” 1/16 finala vəsiqə uğrunda matçı səfərdə keçirəcək.

Yeri gəlmişkən, püşkatmadan öncə UEFA iştirakçıları qruplara bölüb. Hər qrupda yer alan 8 komanda püşkdə 4 cüt təşkil etməliydi. “Qəbələ” Çempionlar yolunda 4-cü qrupda yer almışdı. “Qırmızı-qaralar”ın potensial rəqibləri arasında “Çertanovo” (Rusiya), “Dinamo” (Minsk, Belarus), “Kayrat” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Lüdoqorets” (Bolqarıstan), “Şkendiya” (Şimali Makedoniya) və “Şerif” (Moldova) yer almışdı.

“Qəbələ”nin rəqibi məlum olandan sonra bölgə təmsilçisinin U-19 komandasının baş məşqçisi Famil Xəlilovla əlaqə saxlayıb, püşkü dəyərləndirməsini istədik. Onun reaksiyası belə oldu:

“Əvvəlki illərdə bu mərhələ iki oyundan ibarət olurdu. Ancaq bu dəfə pandemiya səbəbindən UEFA təkoyunlu formatdan istifadə etməyi lazım bildi. Püşkə əsasən Şimali Makedoniyaya yollanacağıq. Hələ püşkatma mərasimi keçirilməmiş uşaqlar rəqibdən asılı olmayaraq, oyunun səfərdə keçirilməsini arzulayırdılar. Uzaq yolçuluq olsa da, səfərdə oynamaq komandaya əlavə motivasiya verəcək. İlk dəfə deyil ki, UEFA Gənclər Liqasında çıxış edirik. Bu üzdən artıq bizi təcrübəli komandalar sırasına aid etmək olar. Ancaq onu da bildirim ki, pandemiya səbəbindən daxili çempionatın keçirilməməsi, oyun təcrübəsinin azlığı bizi bir qədər çətin vəziyyətə salıb, müəyyən çatışmazlıqlarımız var. Komanda təxminən bir ildi rəsmi görüş keçirməyib. Bizim sonuncu rəsmi oyunumuz ötən ilin martına təsadüf edir. “Şkendiya” isə bu yöndə heç bir problem yaşamır. Çalışacağıq yoxlama görüşləri hesabına çatışmazlıqları aradan qaldıraq, futbolçulara oyun təcrübəsi qazandıraq. Açığı, rəqib haqda heç bir məlumatımız yoxdu. Buna baxmayaraq, yaxın günlərdə Şimali Makedoniya təmsilçisi barədə ətraflı informasiya toplamağa çalışacağıq. İstənilən halda, matça hazır olacağıq. Onu da bildirim ki, komandada əhval-ruhiyyə yetərincə yüksəkdi, uşaqlar böyük həvəslə “Şkendiya” ilə matça hazırlaşırlar”.

“Qəbələ” Futbol Akademiyasının baş meneceri Nail Kərimov isə həm püşklə bağlı fikirlərini bölüşdü, həm də səfər planları haqda məlumat verdi:

“Mümkün rəqiblər arasında İsrail və Rusiya çempionları nisbətən çətin hesab olunurdu.Qalanları aşağı-yuxarı eyni səviyyədə komandalar idi. Təbii ki, püşk bu gün atıldığından Şimali Makedoniya klubu haqda geniş məlumatımız yoxdu. Yaxın günlərdə informasiya toplamağa başlayacağıq. Cari mövsümdə Avropanın hər yerində aşağı liqalarda oyunlar olmadığından, yəqin ki, dəqiq bilgi əldə etmək mümkün olmayacaq. Amma dediyim kimi, eyni səviyyədə komandalarıq. Səfər proqramına gəlincə, əvvəla onu deyim ki, Şimali Makedoniya ilə Azərbaycan arasında viza rejimi yoxdu. Bu isə bizim üçün xoş xəbərdi, rahatlıqdı. Viza alınmağa vaxt sərf olunmayacaq. Çətin tərəfi isə odu ki, bütün uçuşlar Türk Hava Yolları vasitəsi ilə mümkündü. Və bu səbəbdən istəyimiz tarixdə uçub, istədiyimiz tarixdə qayıtmağımız hazırda real görünmür. Şərtlər nəyə imkan versə, o şəkildə gedib-gələ biləcəyik. Bu gündən etibarən bu məsələ üzərində iş başlayıb. Tələblərə əsasən oyuna 7-10 gün qalmış komanda üzvlərinin hər biri testdən keçməlidi və uçuşdan 48 saat əvvəl yenə test olmalıdı. Bu məsələni də yaxın günlərdə daha dəqiq öyrənib üzərində işləyəcəyik. Onu da qeyd edim ki, testlər xüsusi müəyyənləşdirilmiş klinikalarda verilməlidi. Həmçinin ordan qayıtmazdan əvvəl də nümayəndə heyətinin tərkibində yer alanlar test verməli olacaq. Çünki uçuş üçün 48 saat ərzində verilən testlər qəbul olunur. Qarşı tərəfə də məlumat vermişəm, əlaqə nömrələrimizi onlara göndərmişəm. Oyunun keçiriləcəyi tarix hələ dəqiqləşməyib. UEFA qarşılaşmanın martın 2-si və ya 3-də keçirilməsini nəzərdə tutub. Biz də onlardan birini seçməliyik. Uçuşlar hansı tarixdə imkan versə, onu da da seçəcəyik”.

RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.