Kubok oyunlarının ən böyük özəlliyi, gözəlliyi, cəlbediciliyi sensasiyalara açıq olmasında gizlənir. Avropanın aparıcı futbol ölkələrində o qədər sensasiya yaşanır ki, adam bəzən gözlərinə inana bilmir. İspaniyada “Real”la “Atletiko”nun, Almaniyada “Bavariya”nın, İngiltərədə “Nyukasl”ın elə bu mövsüm mübarizəni hansı şəraitdə dayandırmasından xəbərdarsız. Dünən Azərbaycan kubokunda da kiçik sensasiyanın şahidi olduq. “Səbail”, “Qəbələ” və “Zirə” elitanın səviyyəsini göstərsə də, “Sabah” gözlənilmədən büdrədi. “Kəpəz”lə oyunun ilk yarısında hesabı açan “tələbələr” sonda acı məğlubiyyətlə üzləşdi. Bu isə o deməkdi ki, 2013/14 mövsümündən bəri ilk dəfə ölkə kubokunun 1/4 final mərhələsində aşağı dəstə təmsilçisi, daha da dəqiqləşdirsək, “Kəpəz” görünəcək. 1/4 final mərhələsinin iki oyundan ibarət, növbəti rəqibin yeni baş məşqçi ilə anlaşan “Keşlə” olacağını nəzərə alsaq, gəncəlilər uğurunu bir qədər də inkişaf etdirə, hətta yarımfinalda da görünə bilər. “Kəpəz” sensasiyasının davam edib-etməyəcəyini fevralın ilk həftəsində biləcəyik. Komandasını uğurlara daşımaq Yaşar Vahabzadənin vəzifəsidi. Toxunmaq istədiyim məqam isə başqadı…
“Sabah”ın maliyyə imkanına görə ölkənin sayılıb-seçilən klublarından olduğu heç kimə sirr deyil. Heyət əsasən ulduzlardan qurulub, klubun yetərincə yüksək səviyyədə olan bazası var, indiyə qədər maliyyə çatışmazlığı ilə bağlı hansısa narazılıq mediaya sıçramayıb. Amma təəssüf ki, yaşıl meydanda qazanılan nəticələr klubun büdcəsinə və iddiasına uyğun gəlmir. Xüsusən də baş məşqçi sarıdan heç yarımayıblar. Elşad Əhmədov getdi, İqor Ponomaryov gəldi, Ponomaryov getdi, Jelko Sopiç gəldi, Sopiç getdi, Visente Qomes gəldi, nəticələr isə heç cür düzəlmədi ki düzəlmədi. Premyer-liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmaq azmış kimi, komanda ölkə kubokundan da əlini üzdü. Yəni 2017-nin sentyabrında futbol ailəsinə qoşulan “tələbələr”in bu il də çoxdan arzuladağı hədəfə çata bilməməsi, avrokuboklardan kənarda qalması tam realdı. Fikrim kiməsə maraqlıdısa, yüzdəyüz əminəm ki, komanda bu baş məşqçi ilə yenə avrokuboklara həsrət qalacaq. Bəlkə də klub prezidenti Maqsud Adıgözəlov da, Müşahidə Şurasının üzvləri bə bu gerçəkliklə artıq barışıb. Amma durumun faciəviliyi ondadı ki, çıxış yolu da yoxdu. Daha doğrusu, yeganə yol var ki, bu da baş məşqçini kompensasiya ödəməklə istefaya göndərməkdi. Bildiyimə görə, klub bu günə qədər də Sopiçin kompensasiyasından qurtulmayıb. Belədə daha bir məşqçiyə kompensasiya ödəmək intihara bərabər olardı.
Təbii ki, ən optimal yol baş məşqçinin özünün istefa verməsidi. Avropa mədəniyyəti, təcrübəsi görmüş bir mütəxəssis üçün belə nəticələr fonunda istefa qərarı adi hal sayılmalıdı. Amma maraqlıdı ki, ispan mütəxəssis özünü qətiyyən o yerə qoymur, hər məğlubiyyətə əcaib əsas tapır və beləcə günü-günə satmaqla müqavilə müddətinin sonuna qədər postunda qalmaq niyyətini gizlətmir. Komanda get-gedə batır, Visente Qomes cibini doldurur, üfüqdə isə yaxşı heç nə görünmür. Əminliklə demək olar ki, bu adam öz xoşuna istefa verən deyil. “Sabah”ın pulu onun gözünü necə qamaşdırıbsa, komandanın turnir cədvəlinin sonunda qərarlaşması, özündən qat-qat zəif rəqiblə mübarizədə kubokdan çəkilməsi qətiyyən vecinə deyil. Şəxsən mən onun hansısa uğursuzluqdan sonra məsuliyyəti boynuna götürdüyünü, “bu məğlubiyyəti mənim ayağıma yazın” dediyini nə görmüşəm, nə də eşitmişəm. Düzü, “Sabah” rəhbərliyinə hansısa məsləhət də verə bilmirəm. Qomes özü getməyəcək, klub göndərsə, kompensasiya ödəyəcək, göndərməsə, nəticələr düzəlməyəcək. Bir sözlə, özünəməxsus, çıxışı olmayan dairə yaranıb. Hər ötən gün dairə daralır. Görəsən, “Sabah” nəyi gözləyir?