Sizin reklam burada

Nurlan Novruzov çimərlik futbolu yığmasıyla məşq edir

Title
Nurlan Novruzov çimərlik futbolu yığmasıyla məşq edir

Ötən ilin sonlarında Estoniya “Narva Trans”ından ayrılan Nurlan Novruzov hələ də özünə komanda tapa bilməyib. Hazırda nə işlə məşğul olduğunu öyrənmək üçün forvardla əlaqə saxladıq: “Karyeramda heç bir dəyişiklik yoxdu. Azərbaycanda bir sıra klublarla danışığımız oldu. Lakin konkret nəsə yoxdu. Ölkə xaricinə qayıtmaq istəmirəm. Dünyanın hər yerində karantindi. Karyeramla bağlı ancaq gözləmə mövqeyindəyəm. Hələlik isə çimərlik futbolu üzrə milli komandanın heyətində məşq edirəm. Çalışıram ki, formadan düşməyim. Buna görə də belə bir qərar verdim. Bundan əlavə də fərdi məşqlər edirəm”.
Qeyd edək ki, ötən il fevralın 21-də baxışdan uğurla keçən Novruzov “Narva Trans”da çıxdığı 25 oyunda 1 qolla yadda qalıb. 27 yaşlı futbolçu bu müddət ərzində 1 qırmızı və 3 sarı vərəqə ilə də diqqət mərkəzinə düşüb. Həmçinin 25 qarşılaşmada cəmi 7 dəfə 90 dəqiqə meydanda olub. “Narva Trans”dan baş məşqçi Valeri Bondarenko ilə yola getmədiyi üçün ayrılıb. Novruzov qəzetimizə müsahibəsində estoniyalı məşqçinin arvadının erməni olmasının komandadan getməsinə səbəb olduğunu demişdi.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.