Sizin reklam burada

“Keşlə”də Yunis Hüseynovu Sənan Qurbanov əvəzlədi

Title

“Bu oyunçularla uğur qazana biləcəyimizi düşünürəm”
Premyer-liqanın 2-ci turuna təsadüf edən, qolsuz bərabərliklə bitən “Keşlə” - “Qarabağ” matçından sonra jurnalistlər qarşısına çıxan birincilərin baş məşqçisi Yunis Hüseynov çox böyük əminliklə komandasının 2020/21 mövsümündə çempionluq uğrunda mübarizə aparacağını söyləmişdi. Onun söylədikləri elə həmin vaxt mediada geniş reaksiya doğurmuş, Yunis bəyin iddialı açıqlaması ətrafında müzakirələr yaşanmışdı. Sentyabrın 11-nə təsadüf edən həmin qarşılaşmanın üstündən 4 ay 12 gün keçəndən sonra Hüseynov öz istəyi ilə paytaxt klubundan ayrıldı. Baş məşqçi hiss etdi ki, vaxtında bu addımı atıb özü istefa verməsə, gec-tez rəhbərlik təəfindən postundan uzaqlaşdırılacaq. “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov növbəti məğlubiyyəti ona bağışlayan deyildi. Və hər yenilgidən sonra “qırmızı-ağlar” “avrokubok zonası”ndan uzaq düşür ki, bu da ilin əvvəlində cızılan plana uyğun gəlmirdi.
Söylənilənlərə inansaq, ötən cümə “Sumqayıt”a yenilən komandanın legonerləri də rəhbərliklə görüşdə baş məşqçidən narazılığını ifadə ediblər. Axundovla görüşdə Yunis bəyin müasir futbolun tələblərinə uyğun məşqçi olmadığını bildiriblər. Rəhbərlik Hüseynova daha bir oyunda şans verməyi düşünsə də, əksər futbolçuların, xüsusilə də legionerlərin narazlılığından xəbər tutan baş məşqçi rəhbərliyin ona qapını göstəməsini gözləmədən istefa ərizəsini masanın üstünə qoyub.
Ötən gün onun boşaltdığı posta təyinat olub. Klub rəhbərliyi Yunis bəyin əvəzinə 2019-cu ildə “Qəbələ”yə ölkə kubokunu qazandıran Sənan Qurbanovu dəvət edib. 40 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə bağlanıb. Komanda onun rəhbərliyi altında avrokuboklara vəsiqə qazanarsa, müqavilə müddəti daha birilliyə uzadılacaq.
Dünən “Keşlə”nin baş məşqçisi postuna təyin olunan Sənan Qurbanovla danışdıq. 40 yaşlı mütəxəssis təyinatın onun üçün gözlənilməz olduğunu bildirməklə yanaşı, “Keşlə” ilə uğur qazanacağına inanır.
- Bu gün “Keşlə”nin baş məşqçisi təyin olunduz. Təklif gələcəyini gözləyirdiz?
- İnanın, hər şey gözlənilməz oldu. Klub rəhbərliyi təklif göndərdi. Görüşdük, bəzi məsələlər barədə ətraflı danışdıq. Fikirlərimiz üst-üztə düşdüyündən razılığa gəldik və müqavilə bağladıq. Bildiyimə görə, baş məşqçi postuna məndən başqa da namizədlər olub. Ancaq seçim zamanı mənə üstünlük verilib ki, buna görə onlara “çox sağ ol” deyirəm. Ümid edirəm, həm mənə, həm də kluba düşərli bir mövsüm olacaq. “Keşlə” hazırda yaxşı heyətə malikdi. İndiki məqamda bu yükün altına girməyə qərar vermişəmsə, deməli, özümdə əminlik var. İnanıram ki, bir yerdə qarşıya qoyulan hədəfə çatacağıq.
- “Qəbələ”dən ayrılandan sonra ilyarımdı işsizsiz. Yenidən böyük futbola qayıtmaq, elita klubunu çalışdırmaq necə hissdi?
- Məşqçilik elə sahədi ki, bəzən uzun müddət işsiz qalırsan. Bəzən də olur ki, bir klubdan digərinə keçmək heç bir həftə çəkmir. Təbii, bütün məşqçilər istəyər ki, uğur qazansın və bunun fonunda bir klubda uzun müddət çalışsın. Məşqçi bir komandada çox işləyəndə onun üçün də asan olur. Öz oyun fəlsəfəsini ortaya qoyur, futbolçular da ona öyrəşib, çalışdırıcının onlardan nə istədiyini bilirlər. Yeni gələn oyunçu belə qısa vaxtda komandanın oyun sisteminə alışır. Mən işlədiyim dönəmdə daim məşqlərə böyük həvəslə çıxmışam. Və həmişə də istəmişəm kollektivdə yer alan futbolçular da məşqlərə eyni həvəslə yanaşsınlar. Yenidən elitada çalışacağıma görə sevinirəm. Ümid edirəm ki, klub rəhbərliyinin etimadını doğruldacam.
- Rəhbərliklə aranızdakı razılığa əsasən müqavilənizin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub. “Keşlə” avrokuboklara vəsiqə qazanacağı halda müddət uzadılacaq. Bu şərt üzərinizdə əlavə təzyiq yaratmır?
- İstənilən komandada baş məşqçidən nəticə tələb olunur. Hər komandanın qarşısına bir məqsəd qoyulur ki, sonda ona çatmaq lazımdı. İnanmıram ki, hansısa elita və ya birinci divizion təmsilçisi çempionatda “nə olar, olar” prinsipi ilə oynasın. “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovla söhbətdə bir çox məsələləri müzakirə etdik və məndən nə tələb olunduğu açıq-aydın deyildi. Rəhbərliyin komandanın arxasında belə dayanması ürəyimcədi. Təbii ki, mövsümün sonunda işimə qiymət veriləcək və rəhbərliyi qane etsə, anlaşma uzadılacaq. Bunun üçün isə ilk növbədə komanda çempionatın sonunda qaşıya qoyulan məqsədə çatmalıdı.
- Zaur Axundov bir qədər odioz fiqurdu. Qorxmursuz ki, “Keşlə” bir-iki tur sərfəli nəticə qazanmayacağı halda siz də yola salına bilərsiz?
- İnanmıram ki, belə olsun. Mən “Keşlə”də çıxış edən futbolçuların potensialına inanıram və bu oyunçularla uğur qazana biləcəyimizi düşünürəm.
- Komanda hazırda 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Necə düşünürsüz, daha üst pillələrə yüksəlmək üçün indiki məqamda nə çatışmır?
- Söhbətimiz zamanı komandanın potensialının yüksək olduğunu bildirdm. Təbii ki, mənim də heyətdə görmək istədiyim futbolçular var. Ancaq vaxtımızın az olduğunu da deməliyəm. Növbəti turun oyunu fevralın 13-də olacaq. Ona qədər əhval-ruhiyyəni qaldırmaq, düşərgədki ab-havanı düzəltmək lazımdı. Qısa vaxtda görməli olduğumuz çox iş var. Özümə və komandaya inanıram. Əlimizdən gələn hər şeyi edəcəyik ki, növbəti tura qədər çatışmazlıqlar aradan qalxsın.
- Növbəi turda sizə doğma olan “Qəbələ” ilə qarşılaşacaqsız. Debütünüz isə kubok qarşılaşmasına təsadüf edəcək. Yəqin “Qəbələ” ilə matç sizin üçün xüsusi əhəmiyyət kəsb edəcək...
- Həm futbolçu, həm də məşqçi kimi “Qəbələ”nin uğurları üçün çalışmışam. Bu gündən isə yeni komandanın - “Keşlə”nin baş məşqçisiyəm və indi məni yeni komandam daha çox düşündürür. Onun uğur qazanması üçün çalışacam. Kubokdakı rəqibimizin kimliyinə bu gün aydınlıq gələcək. Heç şübhəsiz, “Keşlə”də debütümün yaxşı olmasını istəyirəm. Hər iki cəbhədə mübarizəni sona qədər davam etdirmək fikrindəyik.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.