Sizin reklam burada

Mehriban Əliyeva yenidən AGF-nin prezidenti seçildi

Title
Mehriban Əliyeva yenidən AGF-nin prezidenti seçildi

Dünən Milli Gimnastika Arenasında “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin 11-ci Ümumi Yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirilib. AGF-nin Nizamnaməsinə əsasən builki Ümumi Yığıncaq hesabat-seçki xarakteri daşıyıb. Gündəlikdə olan məsələlərə keçid almazdan əvvəl ötən 5 il ərzində dünyasını dəyişən gimnastika ailəsi üzvləri və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Son 5 ilin hesabatını təqdim edən AGF-nin vitse-prezidenti Altay Həsənov Olimpiadalarda, dünya və Avropa çempionatlarında, həmçinin başqa yarışlarda gimnastika növləri üzrə əldə olunan nailiyyətlərdən, Tokio Olimpiya Oyunlarına qazanılan lisenziyalardan, Bakıda təşkil olunan beynəlxalq yarış və tədbirlərdən, yeni gimnastika növlərinin inkişafından, AGF-nin beynəlxalq arenadakı uğurlarından bəhs edib. Hesabatın sonunda bütün işlərin, əldə olunan nailiyyətlərin ölkənin 1-ci vitse-prezidenti, AGF-nin prezidenti Mehriban Əliyevanın rəhbərliyinin bəhrəsi olduğunu vurğulayıb və ona gimnastika ictimaiyyəti adından təşəkkür edib.
AGF-nin baş mühasibi Viktoriya Abuşova 2020-ci il üzrə maliyyə hesabatını təqdim edəndən sonra İcra Komitəsinə seçki keçirilib. Səsvermənin nəticələrinə əsasən Mehriban Əliyeva növbəti 5 il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri), Altay Həsənov isə vitse-prezidenti (İcra Komitəsinin sədr müavini) seçilib. Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-konsert Kompleksinin direktoru Rafiq Beybutov, bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilevanın növbəti 5 il müddətinə İcra Komitəsinə üzvlüyü də təsdiqlənib. Sonda 2020-ci ildə mötəbər yarışlarda nəticə göstərən idmançı və məşqçilər xatirə medalları ilə təltif olunub.
Qeyd edək ki, səsvermə ilk dəfə elektron formada, əsasən yarışlar zamanı xalların hesablanmasında ixtisaslaşan ilk Azərbaycan brendi olan “SmartScoring”in dəstəyi ilə təşkil edilib. Ümumi yığıncaqdan dərhal sonra AGF-nin yenidən seçilən rəhbərliyi İcra Komitəsinin 2021-ci ildəki ilk, ümumilikdə 37-ci iclasını keçirib. Son 3 ildə AGF-nin baş katibi olan Nurlana Məmmədzadə yenidən bu vəzifəyə təyin olunub. İntizam Komissiyasının üzvləri Nazim Rəcəbovla Aytac Qasımova uyğun olaraq həmin komissiyanın sədri və üzvlüyünə təyin edilib. Namiq Əliyevin isə ilk dəfə həmin komissiyaya üzv olmasına qərar verilib. Elşad Nərimanov Veteranlar Şurasının sədri, uzun illər sözügedən şuranın sədri olan Arif Quliyev fəxri prezidenti seçilib.
Müzakirələrdən sonra gimnastika növləri üzrə baş məşqçilərin hesabatı, AGF-nin bir neçə qaydasına dəyişikliklər təsdiq olunub. Bundan əlavə, 2021-ci ildə yığmalara cəlb olunan gimnastların təmsil etdiyi klub-idman təşkilatları və şəxsi məşqçilərin mükafatlandırılması üzrə siyahı təsdiqlənib.
Xatırladaq ki, Mehriban Əliyeva 2002-ci il oktyabrın 7-dən AGF-yə rəhbərlik edir.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.