İstər karyerasını davam etdirən, istərsə də butslarını mıxdan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar.

Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən adamlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı ölkə futboluna Kamal Quliyev, Vüqar Nadirov, Fərhad Vəliyev, Namiq Əliyev kimi oyunçular bəxş edən, SSRİ vaxtında ikinci dəstənin 9-cu zonasında mübarizə aparan Sumqayıt “Xəzər”inin məşqçilər korpusunda yer alan Ağamusa Bağırovdu. Ağmusa bəy bizimlə söhbətdə daha çox SSRİ çempionatı vaxtı başına gələn maraqlı hadisələri danışdı, müstəqillyin ilk illərində xaricə səfərlərini xatırladı.

“Mən bu şampanla tost demək istəyirəm”

Ötən əsrin 80-ci illəri idi. “Xəzər”in oyununa Rusiyanın Kuybışev (indiki Samara) şəhərindən olan hakimlər briqadası təyin olunmuşdu. Mən komandanın maşını ilə onları hava limanında qarşılayıb Sumqayıta gətirməliydim. Onları ordan götürüb şəhərdəki “Şirvan” restoranına nahara apardıq. Həmin vaxt qırmızı şampan təzə çıxmışdı, keçmiş SSRİ-də yalnız Bakıda istehsal olunurdu və ancaq hörmətli qonaqların süfrəsinə qoyulurdu. Komandanın rəhbərliyi, hakimlər briqadası çörək yeyən zaman laysmanlardan biri soruşdu ki, bu nə içkidi? “Qırmızı şampandı” deyib, tərifləməyə başladım. Sətiraltı onu da bldirdim ki, sabahkı oyun bizim üçün yaxşı qurtarsa, sizə də veriləcək. Laysman özünü saxlaya bilmədi və “mən bu şampanla tost demək istəyirəm” söyləyib, qədəhini ofisianta uzatdı. Biz daha nə deyək, adam içmək istəyir. Bir-iki qədəhdən sonra mənə qayıtdı ki, “olar bu şampandan və konyakdan otağa da götürüm”. “Olar, niyə olmur, ancaq bizi də sabah unutma” dedim. Ertəsi sürücü hakimləri yeməyə aparıb qayıdandan sonra mənə “üçündən ikisi yeməyə getmədi, yalnız birini apardım” dedi. Günorta naharından sonra “bu dəfə ikisi getdi, biri yox”, - deyə bildirdi. Matç saat 16.00-da başlamalıydı. Oyuna saatyarım qalmış dedilər ki, baş hakim əlimyandıda səni axtarır. Nə məsələdi? Məlum oldu ki, dünən tost deyən laysman gecə şampanı konyaka, konyaka arağa qatdığından ayıla bilmir. Dədə-baba üsulu ilə çox çalışsaq da, ayılmadı ki ayılmadı. Baş hakim də yalvarır ki, nə edirsiz-edin, bircə matçın komisarı xəbər tutmasın. Bilsə, üstümüzdən xətt çəkiləcək. Çox fikirləşəndən sonra qərara gəldik ki, komissardan gizli həmin laysmanı yerli hakimlərdən biri ilə əvəz edək. Elə də etdik, Moskvadan gələn komissar heç nə hiss etmədi. Bəlkə də bildi, ancaq üstünü vurmadı. Çünki onu da qırmızı şampanla yola salmışdıq.

“Narahat olmayın, uşaqlarınızın hamısı bir nəfər kimi zalda kinoya baxırlar”
Müstəqilliyin ilk illəri idi. Aşağı yaş qrupu üzrə yığmaların biri ilə Sankt-Peterburqa - turnirə yollanmışdıq. Onu da qeyd edim ki, həmin komandada sonradan böyük futbolda ad-san qazanan xeyli oyunçular var idi. Biz qaldığımız mərtəbədən bir mərtəbə yuxarıda otelin kinoteatrı yerləşirdi. Günorta divardakı afişa diqqətimi çəkdi. Gördüm yazılıb ki, 23.00-dan sonra 18 yaşdan yuxarı şəxslər üçün film nümayiş etdiriləcək. Mən də bizim uşaqları çox yaxşı tanıyıram. Bilirəm ki, bu afişanı görsələr, nəsə edəcəklər. Axşam yeməyindən sonra bunlar otaqlarına yollandılar. Hamıya da tapşırıldı ki, bu gün “odboy” saat 22.00-dadı. Saat 11-in yarısı bir-bir otaqları gəzib yoxlayıram ki, görüm bunlar yatıb-yatmayıblar. Hamısının quzu kimi yuxuya getdiyini görəndə ürəyim sakitləşdi. Ondan sonra məşqçilərin biri ilə küçəyə çıxdıq. Bir az gəzib-dolaşdıqdan sonra mehmanxanaya qayıdanda elə bil mənə dedilər ki, kinoteatra dəy. Məşqçini otağa yola salıb, həmin mərtəbəyə yollandım. Zalın girişində də bir rus qadın otururdu. Həmin qadın məni görcək “narahat olmayın, uşaqlarınızın hamısı bir nəfər kimi zalda kinoya baxırlar, heç kim oteli tərk etməyib” demişdi ki, hirsimdən blmədim gülüm, yoxsa ağlayım. Deməli, bunlar məşqçi ilə mənim aramda olan söhbəti eşidiblər. Biliblər ki, biz “odboy”dan sonra şəhərə çıxacağıq. Fürsətdən maksimum yararlanıblar.

“Avropalılar gör nə qədər avamdılar, biz isə hər vəziyyətdən çıxış yolu tapırıq”
2000-ci illərin əvvəlində AFFA-nın xətti ilə Danimarkaya yollanmışdım. Məndən başqa keçmiş SSRİ-nin, demək olar ki, bütün respublikalarından nümayəndələr var idi. Qalacağımız otelə yerləşməmiş hamıya xəbərdarlıq olundu ki, otaqlarda siqaret çəkilməsin. Tərslikdən mən də çox çəkən adam. Otaqda yuxarı-aşağı gedib gəlirəm, ürəyim istəyir, ancaq çəkmirəm. Birdən küncə qoyulmuş ventilyator diqqətimi çəkdi. Özlüyümdə fikirləşirdim ki, bunu qoşub siqaret yandırım. Tüstünü ventilyator dağıdacaq və heç nə hiss olunmayacaq. Bu fikirlə bir siqaret yandırıb, bir az qorxa-qorxa tüstüsünü ciyərimə çəkdim. Siqareti çəkib qurtardım, ancaq heç nə olmadı. Fikirləşdim ki, yolunu tapmışam. Hələ üstəlik ürəyimdə “avropalılar gör nə qədər avamdılar, biz isə hər vəziyyətdən çıxış yolu tapırıq” deyib, özümdən razı qaldım. Yarım saatdan sonra yenə bir siqaret yandırıb, bir-iki tüstü almışdım ki, qapı döyüldü. Elə bildim mənimlə qonşu otaqda qalan gürcü məşqçidi. Yaxınlaşıb qapını açmışdım ki, xüsusi geyimli, başlarında dəbilqə, üstlərində balta, zəncir, nə bilim, nələr-nələr olan 4-5 yanğınsöndürən qəfil içəri girib ətrafa baxdılar. Sən demə, resepşndə mənim otağımda tüstü olduğunu bildirən həyəcan siqnalı işə düşüb və otelə yanğınsöndürənlər çağrılıb. Bizə 70 avro ezamiyyət pulu veriləcəkdi. O pulu da məndən cərimə kimi aldılar.

“Gedin qonaqlarınızı arxayın yola salın, nə qədər lazımdı gözləyəcəm”

Bir dəfə “Xəzər”in oyununa Gürcüstandan olan hakimlər briqadası gəlmişdi. Prinsipial görüşdə komanda qalib gəldi ki, bunda gürcü ədalət təmsilçilərinin də müəyyən rolu oldu. Matçdan sonra rəhbərlik, məşqçi korpusu hakimlər briqadasına qonaqlıq verdi. Necə deyərlər, gətir-götür, hər şey yüksək səviyyədə. Stolun üstündə yeyib-içən oğlanlar demiş, quş südü, can dərmanı, nə desən var. Bir də onda ayıldıq ki, Bakı-Tiflis qatarının Biləcəridən tərpənməsinə 40 dəqiqə qalıb. Hakimlər də Tiflisə gedib, bir gün sonra başqa respublikaya uçmalıdılar. Yəni bir gün artıq qalmağa vaxtları yoxdu. Tez komandanın “RAF”ına oturub yola düşdük. Sürücümüz Ramiz də çox yaxşı maşın sürəndi. Belə deyək, işinin əsl peşəkarıdı. Biz stansiyaya çatanda qatarın tərpənməsinə 2 dəqiqə qalmışdı. Gördüm maşınla fırlansaq, çatmayacağıq. Mən tez düşüb, maşın gəlincə relslərin üstündən keçib maşınist olan elektrovoza mindim. Maşinist məni görüncə əvvəlcə qorxdu, istədi qışqır-bağır salsın. Birtəhər vəziyyəti ona izah edəndən sonra “məndən nə istəyirsən” soruşdu. “Heç nə, qatarı 3-5 dəqiqə gecikdir” demişdim ki, “ola bilməz” deyib, yerə düşməyimi istədi. Əlimi cibimə aparıb qırmızı 10-luğu çıxaran kimi “bu başqa məsələ, gedin qonaqlarınızı arxayın yola salın, nə qədər lazımdı gözləyəcəm” söylədi.

“İki oyuna 90 dəqiqə oynamadı, mövsümü boşa verdi”

1996-cı ildə rəhmətlik Tofiq Rzayevin baş məşqçi, mənim də köməkçi olduğum “Gənclik-95” komandası həvəskarlar arasında keçirilən və 11 komandanın qatıldığı çempionatda iştirak edirdi. İlk turda “Gənclik -95”in rəqibi Ələkbər Cəfərovun rəhbərlik etdiyi U-17 idi. İlk hissənin gedişində bizdə oynayan İslam Sədiyevlə rəqib futbolçu arasında qalmaqal yaşandı və hakim hər ikisini meydandan qovdu. Məsələyə AFFA-nın Nizam-İntizam Komitəsində baxıldı. U-17-nin oyunçusuna milli üzvü olduğuna görə güzəşt olundu, ona 2 oyunluq cəza verildi. İslamı isə 10 oyunluq cəzalandırdılar. İkinci dövrənin ilk turunda Qaraçuxur təmsilçisi ilə qarşılaşırdıq. İkinci hissə yeni başlamışdı ki, Bakı təmsilçisinin hücumçusu korner vuruşu zamanı Sədiyevə qarşı kobud oynasa da, ədalət təmsilçisi ədalətsizlik edərək epizoda göz yumdu. Bunu görən İslam üzünü əsas hakimə tutaraq, “korsan, görmürsən məni vurdu. Adam kişi olar” deyib, hakimə etirazını bildirdi. Referi də bunun qarşılığında əlini cibinə ataraq İslama “qırmızı” göstərdi və meydandan qovdu. İntizam Komitəsi də hakimin protokoldakı qeydlərini nəzərə alıb, Sədiyevi növbəti dəfə ağır cəzalandırdı. O bu dəfə 10 aylıq futboldan “silindi”. Belədə İslam həmin mövsüm bəlkə də Azərbaycan futbolunda indiyədək yaşnmayan durumla üzləşdi. O 1995/96 “futbol ili”ndə ümumilikdə 90 dəqiqə meydanda olmadan ağır cəzaya layiq görüldü.

RƏŞAD


Son xəbərlər

Qətərdə 1 bakal pivə neçəyədi?

Rafinya Roy Kinin cavabını verdi

Çempion fərqi artırdı - TURUN ŞƏRHİ

İngiltərə dünya çempionu olsa...

Nazirin nöqteyi-nəzəri

"İmişli"nin "Sumqayıt-2" sınağı - YENİLƏNİR

Region Liqasında 3 klub məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir

Addo Qana yığmasından ayrıldı

Oveçkin 1300-ə, Keyn 1200-ə çatdı, “Boston” isə...

Türkiyədə keçirilən turnirdə maraqlı nəticələr qeydə alınır

Yığmanın Avropa çempionatındakı oyunlarının vaxtı bəlli oldu

Prosineçki Azərbaycana qayıdır: Bu dəfə klubda çalışacaq - İDDİA

Roy Kin Braziliyanı tənqid etdi: "Belə olmaz"

Pol Corcun 7 oyunluq hısrəti bitdi

Son 1/4 finalçılar bəlli olur - YENİLƏNİR

Nazir idmançılarla görüşdü

"Sabah"ın futbolçusu karyerasını Türkiyədə davam etdirəcək? - Meneceri açıqladı

Alisson üçün ilk

Xorvatiyanın qeyri-adi seriyası davam edir

"O, sualı verdiyim anda üzümə zərbə endirdi" - Sebalyosla Kamran arasında niyə dava düşüb?

Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu

Xorvatiya 1/4 finala belə yüksəldi - VİDEO

"Ştutqart"da yeni baş məşqçi

"Neftçi-2"dən minimalhesablı qələbə - VİDEO

DÇ-2022-də ilk

Perişiç 2-ci pilləyə yüksəldi

Lökbatanda 3 qol - VİDEO

FİFA Serbiyaya qarşı iş açıb

"Qarabağ"la oyunda son illərin ən zəif və aciz "Neftçi"sini izlədik"

"Araz Naxçıvan"dan səfər qələbəsi - VİDEO

İspaniya millisində ayrılıq

"Advokat" beynəlxalq turnirdə iştirak edəcək

Portuqaliyalılar Ronaldonu istəmirlər

Mahmud Qurbanovdan odlu-alovlu açıqlamalar: "Bizim komandanı "sındırırlar"

"Zaqatala" son dəqiqə qolu ilə büdrədi - VİDEO

Yuri Tielemans İspaniya nəhənginin hədəfində

"Azərreyl" oyunları ölkə xaricində keçirəcək

"Real"ın sabiq yarımmüdafiəçisi ilə Azərbaycan klubu maraqlanır

İspaniya mətbuatı Ronaldonun yeni klubun adını açıqladı

Lebron Ceymsdən Devisə tərif

Voleybolçumuz Macarıstanda ən yaxşı seçildi

Qapko Avropa nəhənglərinin hədəfində

Bütün xəbərlər