Azərbaycan yığmasının futzalçısı İsa Atayev Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəkləri oyunlardan əvvəl federasiyanın rəsmi saytına açıqlama verib."Futbol+" xəbər verir ki, hazırlıqla bağlı da danışan təcrübəli oyunçu vaxt azlığının və ilk gündən tam heyətlə məşq etməməyin çətinlik yaradacağını qabardıb:
“Zədə üzündən fərdi qaydada məşq edirəm. İki gündən sonra kollektiv çalışmalara qoşulacağam. Həkim oyuna qədər tam hazır olacağımı deyib. Özüm də bu qarşılaşmalarda meydana çıxmağı, komandama kömək etməyi çox istəyirəm. Baş məşqçi də artıq komandanın yanındadır. Plan üzrə çalışmalarımız davam edir. Əlbəttə, tam formaya düşmək, oyuna istədiyimi kimi hazır olmaq üçün vaxtımız azdır. İndi yaradılmış imkandan mümkün qədər istifadə edirik. Komanda olaraq tam yığışmamışıq, başqa klublardakı oyunçularımız hələ milliyə qoşulmayıb. Heyətin bütün üzvləri ilk gündən bir yerdə olsaydı, yəqin ki, effekt daha çox olardı”.Rəqibləri də dəyərləndirən 32 yaşlı hücumçu millinin qrupu lider kimi başa vuracağına şübhə etmədiyini bildirib:
“Qrup mərhələsinə Slovakiyaya qarşı duellə start verəcəyik. Reytinq cədvəlinə uyğun fikir bildirsək, favorit Azərbaycan millisidir. Slovakiya bu yolda əsas rəqibimizdir. Moldovanı da kiçiltmək olmaz. Yunanıstana gəldikdə, bu komanda ilkin mərhələdən mübarizəyə başlayıb və "pley-off"da Türkiyə millisini səfərdə vurduğu qolların yaratdığı üstünlük sayəsində mübarizədən kənarlaşdırıb. Onlar nə Slovakiyadır, nə də Moldova. Təbii ki, məqsədimiz final mərhələsinə yüksəlməkdir. Bunun üçün də yaxşı start göturməliyik. Slovakiya ilə son 2 ildə 2 dəfə qarşılaşmışıq. Çətin rəqibdir, amma udmaq mümkündür. Məncə, qrup mərhələsini lider kimi başa vuracaq və məqsədimizə çatacağıq”.Atayev yeni format haqqında da danışıb:
“İlk dəfə qrup mərhələsi ev-səfər sistemi ilə keçiriləcək. Bu format daha maraqlı olacaq. Çünki hər bir rəqiblə iki oyun keçirəcəksən. Təəssüf ki, pandemiya ilə əlaqədar oyunlar azarkeşsiz oynanılır. Ancaq gələcəkdə bu sistem azarkeşlər üçün də maraqlı olacaq. Artıq hər kəs millini doğma meydanda da izləmək imkanı qazanacaq”.Qeyd edək ki, Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarına hazırlaşan milli komanda Bakı İdman Sarayında məşq edir. Yanvarın 29-da Slovakiyanı qəbul edəcək yığma 4 gün sonra Afinada Yunanıstanla üz-üzə gələcək.