Amit Quluzadə yenə komandasız qalıb. 2020/21 mövsümünün ilk yarısında Moldova “Milsami”sində çıxış edən yarımmüdafiəçi hazırda azad agentdi. 28 yaşlı futbolçu yeni komanda axtarışındadı:
“Yanvarın 10-da “Milsami”dən ayrılmışam. Bütün işləri yekunlaşdıraraq qarşılıqlı razılıq əsasında klubu tərk etdim. Hazırda komanda axtarışındayam. Litva, Latviya və Polşadan təkliflərim var. Bu ölkələrin klubları mənimlə maraqlanır. Polşa təmsilçisinə keçidim alınmayacaq. Əsasən Litva və Latviyadan olan təklifləri dəyərləndirirəm. Elə Moldovadan da məni heyətinə qatmaq istəyən komandalar var. Mənim fikrim Latviyadan yanadı. Çünki burda çıxış edən bir klub xidmətimdə maraqlıdı. Sadəcə, vizanın verilməsində problem çıxdı. Hazırda bunun həlli mümkün görünmür. Bir qədər gözləmək lazımdı. Ondan sonra konkret nəsə olacaq”.Amit menecerlərin onun başqa komandaya keçidinə mane olduğunu da qeyd etdi:
“Finlandiyanın “İnter Turku” klubu mənimlə ciddi maraqlandı. Demək olar ki, razılaşmaq üzrə idim. Sadəcə, bəzi futbol menecerlərinin saxtakarlıqları ucbatından keçidim alınmadı. Hazırda məni istəyənlərlə bağlı nəsə deyə bilmərəm. Çünki o qədər gözü götürməyən adam var. Komanda adı çəksəm, yenə “barmaq etməyə” çalışacaqlar. Buna görə də indi ad açıqlamaq istəmirəm”.İLKİN SULTANLI