Sizin reklam burada

“Neftçilər” “dənizçilər”ə şans vermədi

Title

54 Səbail - Neftçi (Bakı) 1:3 (1:1)
96. Nikolas Hagen - 4,5
3. Turan Manafov - 5,5
55. Adil Nağıyev - 4,5
16. Peyman Keşavarzi 4,5
34. Urfan Abbasov - 5,0
14. Rahid Əmirquliyev (k) - 5,0
5. Vüqar Bəybalayev - 4,0
(17. Elçin Rəhimli, 76) - qiymətsiz
22. Əfran İsmayılov - 4,5
(19. Luka İmnadze, 86) - qiymətsiz
27. Hendrik Ekşteyn - 5,0
9. Florian Kadriu - 4,5
(20. Ruslan Hacıyev, 74) - 4,0
11. Rauf Əliyev - 4,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
1. Kamran Ağayev
26. Kamal Qurbanov
7. Mirsahib Abbasov
28. Məqsəd İsayev
29. Amil Yunanov
99. Bahadur Həziyev
77. Ədilxan Qarəhmədov
44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Turan Manafov

30. Aqil Məmmədov - 5,5
91. Tallison Dias - 5,5
3. Mamadu Mboc - 5,5
6. Voislav Stankoviç - 5,5
20. Mərt Çəlik - 5,5
19. Fəhmin Muradbəyli - 5,0
(26. Ömər Buludov, 74 - qiymətsiz/
56. Elton Əlibəyli, 90+5) - qiymətsiz
36. Mamadu Kane - 5,5
17. Bruno Teluşi - 5,5
8. Emin Mahmudov (k) - 6,0
29. Sabir Buqrin - 6,5
22. Mirabdulla Abbasov - 5,5
(72. Emin Zamanov, 88) - qiymətsiz

Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
28. Stiven Jozef-Monroz
10. Saman Nərimancahan
5. Anton Krivotsyuk
4. Rener Alveş
80. İsmayıl Zülfüqarlı
70. Asim Əlizadə
37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Sabir Buqrin

Qollar: Ə.İsmayılov, 29-p. (1:0). S.Buqrin, 45 (1:1). E.Mahmudov, 51 (1:2). S.Buqrin, 90 (1:3, E.Mahmudov).
Vərəqələr: S.Buqrin, 12 (hakimin qərarına etiraz). T.Dias, 26 (qeyri-idman hərəkəti). A.Məmmədov, 28 (hakimin qərarına etiraz). Ə.İsmayılov, 39 (oyunun bərpasını ləngitmək). V.Bəybalayev, 50 (qeyri-idman hərəkəti). M.Çəlik, 73 (qeyri-idman hərəkəti). E. Rəhimli, 83 (qeyri-idman hərəkəti) B.Teluşi, 85 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: KAMAL UMUDLU, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
21 yanvar. Bakı. ASCO Arena. Tamaşaçısız.
İkinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Üçhəftəlik qış fasiləsindən sonra premyer-liqa qaldığı yerdən davam etdi. 14-cü turun açılış matçında lider “Neftçi” “Səbail”in qonağı idi. Soyuq qış günündə “20-ci sahə”dəki stadionda keçirilən qarşılaşma maraqlı alındı.

Samir Abasov flaqmanı meydana ənənəvi 5 müdafiəçili taktika ilə çıxarmışdı. Qapını həmişəki kimi Aqil Məmmədov qoruyurdu. Müdafiənin solunda Dias, sağında Muradbəyli yer almışdı. Mərkəzdə isə Mboc, Mərt və Stankoviç oynayırdı. Fəhmin 90 dəqiqə ərzində, demək olar ki, müdafiəçi kimi oynamadı. Yanlız “Səbail” basqı edərkən geri çəkilməyə məcbur olurdu. Abasov “Keşlə” ilə yoxlama oyunundakı kimi yenə cinah yarımmüdafiəçisinin xidmətindən istifadə etməmişdi. Teluşi və Kane yarımmüdafiənin dayaq hissəsində, Emin mərkəzdə çıxış edirdi. Buqrin isə yenə pleymeyker kimi oynayırdı. Hücumun sivri ucunda Mirabdulla yer alırdı.

Aftandil Hacıyev də ənənəvi sxemindən istifadə edirdi. Müdafiənin solunda Manafov, sağında Abbasov, mərkəzdə isə Nağıyevlə Keşavarzi yer almışdı. Dayaq yarımmüdafiəçisi mövqeyində Rahidlə Vüqar, cihanlarda isə Əfranla Kadriu yer almışdı. Ekşteyn “Səbail”in oyun qurucusu idi. Qol vurmaq vəzifəsi Raufa tapşırılmışdı.

Gözlənilənlərin əksinə, “dənizçilər” oyuna daha istəkli başladı. Əfran - Kadriu tandeminin fəallığı “Neftçi”yə problem yaradırdı. Flaqmanda isə Mahmudovla Buqrin əks-hücum qurmağa cəhd göstərsələr də, alınmırdı. İlk 20 dəqiqədə Aftandil Hacıyevin yetirmələri topa daha çox nəzarət edirdi. Onlar cinahlardan rəqib müdafiəsini yarsalar da, dəqiq zərbə vura bilmirdilər. “Neftçi”nin futbolçuları isə əsasən qısa ötürmələrlə topu özündə saxlayıb, mərkəzdən Mirbadullaya göndərməyə çalışırdılar. Lakin “Səbail”in müdafiəçiləri və qapıçısı inamlı oyunla diqqət çəkirdi. İlk hissənin ən real təhlükəsini “Səbail” yaratdı. 26-cı dəqiqədə Əfran sol cinahla reyd edib, topu Kadriuya göndərdi. Aqil Məmmədovla təkbətək qalan yarımmüdafiəçinin qarşısını Dias kobudluqla aldı. Dərhal da Kamal Umudlunun fiti səsləndi. Topun arxasına keçən Əfranın zərbəsini Aqil dəf etdi. Lakin referi qolkiperin irəli çıxdığını bildirərək zərbəni təkrarlatdı. Əfran bu dəfə dəqiq oynayaraq hesabı açdı. Qoldan sonra “Neftçi” təşəbbüsü əla almağa başladı. Teluşi, Emin və Sabir mərkəzdən hücumlar quraraq ilk hissənin sonuna kimi “Səbail”in müdafiəsini təlaşda saxladı. Bu da fasiləyə 1 dəqiqə qalmış bəhrə verdi. Flaqmanın 45-ci dəqiqədə yerinə yetirdiyi künc zərbəsindən sonra top Buqrinin qarşısına düşdü. Mərakeşli yarımmüdafiəçi cərimə meydançasının həndəvərindən möhtəşəm zərbə ilə “doqquzluğ”u nişan aldı.

Fasilədən sonra oyun daha maraqlı məcrada keçdi. Bu dəfə komandalar oyun baxımından yerlərini dəyişmişdilər. Artıq “Neftçi” topa daha çox nəzarət edirdi, “Səbail” isə əks-hücumlara bel bağlayırdı. İkinci hissəyə daha istəkli başlayan nominal qonaqlar fasilədən 5 dəqiqə sonra hesabda önə keçdi. Mahmudov cərimə zərbəsindən baxımlı qola imza atdı. Qoldan sonra “Səbail” nəzarəti ələ almağa çalışdı. Əfran iki epizodda hesabı bərabərləşdirməyə yaxın olsa da, qeyri-dəqiq oynadı. “Neftçi”nin yarımmüdafiə “dördlüy”ü topu özündə saxlayaraq hesabın dəyişməməsinə çalışırdı. Sona 4 dəqiqə qalmış Aftandil Hacıyev Əfranı yeni transfer Luka İmnadze ilə əvəzlədi. Bununla da “Səbail” 2 hücumçulu sxemə keçdi. Lakin bu addım komandaya baha başa gəldi. “Dənizçilər”in mərkəzdəki boşluğundan Buqrin istifadə edərək dubla imza atdı.

İLKİN SULTANLI
Gözdən qaçmadı
* Komandalar meydana həmişəkindən fərqli qaydada çıxdı. Onlar matçdan öncə fləşmob etdi. Hər iki komandanın oyunçuları meydana daxil olan kimi görüşün baş hakimi Kamal Umudlu üçün düzüldülər. 44 günlük Vətən müharibəsində iştirak edən referi "zəfər dəhlizi"ndən keçdi. Daha sonra dövlət himni səsləndirildi.

* Dövlət himni səslənən zaman ehtiyat oyunçular skamyasının həmdəvərində pişik gəzirdi. Məstanın mahnının səsindən qorxduğu hiss olunurdu. Arada meydana girməyə çalışan pişik mərkəzdəki futbolçuları görüb, geri çəkilirdi. Daha sonra “Səbail”in əməkdaşlarından biri onu qucağına alıb, stadiondan kənarlaşdırdı.

Reaksiyalar

Samir Abasov: "Qışdan sonra oyunlarımız çətin keçəcək. Premyer-liqa səviyyəsində bir yoldaşlıq oyunu keçirdik. Yaxşı tərəfi odu ki, qələbə qazandıq. Sadəcə, 3 xala sevinirik. Üzülməmişik, amma tam da istədiyimiz deyil. Birinci hissəni bəyənmədim. Futbolçuların meydana arxayın çıxması xoşuma gəlmədi. İlk yarıda rəqib daha yaxşı idi. Bəlkə də çempionatda oyunçularımız özlərini çempionluğa görə stressə salıblar. İkinci hissədə yaxşı çıxış etdik. Sabir və Emin fərdi keyfiyyətlərinə görə fərqləndilər. Digər oyunçular da əziyyət çəkdi. Namiq Ələsgərovla Yusuf Lavalın yeri göründü. Bütün məşqlərdə Ələsgərov iştirak edirdi. Bəlkə də onun yoxluğu səbəbindən axsadıq. Referiyə bu gün hər şey keçərli idi. O cür insanlara görə indi burda rahat danışa bilirik. Futbolçulara dedim ki, özünüz oyununuza baxın və təhlil edin. Stiven Jozef-Monroz motivasiya baxımından ehtiyatda qaldı, onun problemi tam aradan qalxmayıb. Ömər Buludovu ona görə oyuna saldıq ki, sağ cinahda boşluqlar gördük. Hücumçu axtarışındayıq, o da alınsa, rotasiya etmək bizə xoş olacaq".

Aftandil Hacıyev: "Yenidən futbol həyəcanı qayıtdı. Bu gün meydanda hər iki komandanın istəkli olduğu göründü. Maraqlı oyun alındı. Hər iki hissədə qol epizodları yarandı. Səhvlər də oldu, bunlar bizə istədiyimiz sonluğu gətirməyə imkan vermədi. Amma futbolçulardan razıyam, çəkinmədən oynadılar. Bu matç bizim üçün göstərici deyil. Rəqibin qarşıdakı hədəfləri bizdən fərqlənir. Amma o demək deyil ki, kimdənsə çəkinək. Ən azı bir xal qazana bilərdik. Səhvlərdən qollar buraxdıq. Futbolçular ikinci qoldan sonra daha da irəli atıldılar. Rəqibi təbrik edirəm və uğurlar arzulayıram. "Neftçi"nin yüksək səviyyəli oyunçuları var ki, matçın taleyini həll etdilər. Üç gün sonra "Zaqatala" ilə baş tutacaq matça hazırlaşacağıq. İlk hissədə son saniyələrdə qol buraxmaq futbolçulara təsir etdi. Futbolçuların fiziki durumu da eyni deyil. "Neftçi"yə qarşı isə hər xırda detal önəmlidi. İki qoldan sonra nə qədər çalışdıq, amma alınmadı. Qol vəziyyətləri yaratsaq da, yararlana bilmədik. Tək Əfran İsmayılov yox, başqa oyunçular da səhv etdilər. Bəzən sonluq istədiyimiz kimi alınmır. Turan Manafov U-21-də oynayır, amma başqaları millidə yoxdu. Çalışırıq ki, onları qazanaq. Bu gün hazır olmayana şans vermirik. Əfran bu mövqedə ən yaxşıdısa, cavanlar üçün utandırıcıdı. Komanda sayı çox olsaydı, onları oynamaq üçün icarəyə verərdik. Gənclərlə bağlı problemlər var. Klubda transfer işlərini görən şəxslər olmalıdı, amma bizdə məşqçilərin üzərinə yük düşür. Şərtlər də çətindi. Hər futbolçu gəlmir. Seleksiya nəticəsində gec də olsa, istədiyimiz oyunçuları cəlb edirik. Birini yekunlaşdırmışıq, biri də yoldadı. Müdafiəçi də almaq istəyirik. Mən də istəyirəm ki, yaxşı, keyfiyyətli və bahalı futbolçular alaq. Məcburuq ki, vəziyyətə uyğun hərəkət edək. Qısa zamanda müdafiəçi və dayaq yarımmüdafiəçisi almaq niyyətindəyik".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.