Sizin reklam burada

“Qəbələ”nin seriyası Zirədə qırıldı

Title

53 Zirə – Qəbələ 2:0 (1:0)
1. Mateus Albino – 5,5
32. Qismət Alıyev – 5,0
12. Lazar Corceviç – 5,5
77. Cəlal Hüseynov – 5,5
2. Sərtan Taşkın – 5,0
8. İlkin Muradov – 5,0
(21. Hacıağa Hacılı, 68) – 5,0
4. Elvin Camalov (k) – 5,5
11. Klesio Bauk – 5,5
30. Riçard Almeyda – 5,0
9. Davit Volkov – 6,0
29. Musa Qurbanlı – 5,5
(91. Ruslan Qurbanov, 70) – 5,0

Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
3. Ali Sisey
5. Kərim Diniyev
6. Ayxan Süleymanlı
7. Tural Bayramlı
13. Şəhriyar Rəhimov
20. Əli Şirinov
27. Tamerlan Burcəliyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Davit Volkov

1. Anar Nəzirov (k) – 4,5
71. Rüfət Əhmədov – 4,5
13. Yurgen Qoxa – 4,5
2. Vinko Medimoreç – 4,5
55. İdris İnqilablı – 5,0
77. Merab Qiqauri – 5,0
26. Stefan Vukçeviç – 4,5
(99. Ceyms Adeniyi, 65) – 4,5
32. Nikolas Raysel – 5,5
14. Cavid Hüseynov – 5,0
(9. Ehtiram Şahverdiyev, 90+1) – qiymətsiz
23. Rafael Utriq – 5,0
70. Ülvi İsgəndərov – 4,5
(10. Rövlan Muradov, 46) – 5,0

Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
4. Sadiq Quliyev
5. Rasim Ramaldanov
7. Roman Hüseynov
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
28. Murad Musayev
74. Yusif Nəbiyev
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Nikolas Raysel

Qollar: M.Qurbanlı, 45+1 (1:0, D.Volkov). D.Volkov, 90+4 (2:0).
Vərəqələr: R.Utriq, 17 (qeyri-idman hərəkəti). D.Volkov, 21 (qeyri-idman hərəkəti). Q.Alıyev, 38 (qeyri-idman hərəkəti). E.Camalov, 60 (qeyri-idman hərəkəti). R.Almeyda, 69 (tələb olunan məsafəyə riayət etməmək). C.Hüseynov, 73 (qeyri-idman hərəkəti); V.Medimoreç, 85 (qeyri-idman hərəkəti), M.Qiqauri, 90+4 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev (Bakı).
21 yanvar. Zirə. İdman Kompleksinin stadionu. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.

Son üç oyunda uduzmayan “Qəbələ” ilə cari mövsümün sürpriz komandası kimi ad çıxaran “Zirə”nin dueli maraqla gözlənilirdi. Komandaların çempionatın açılış turunda bərabərə qalması (1:1), gənc mütəxəssislər Rəşad Sadıqovla Elmar Baxşıyevin dueli, meydan sahiblərinin “11-liy”ində “Qəbələ”də parlamış dörd futbolçunun yer alması – bu və başqa amillər oyuna marağı artırmaya bilməzdi.

Bir başqa məqam isə komandaların qış fasiləsində ciddi dəyişikliyə məruz qalmamasıydı. Belə deyək, oyun planında ciddi dəyişiklik yox idi. Sadəcə, psixoloji cəhətdən daha hazırlıqlı olan və daha az səhv edən komanda qələbə qazanacaqdı.

Oyunun ilk dəqiqələri bölgə təmsilçisinin qalib gələcəyindən xəbər verirdi. Özünü meydan sahibi kimi aparan qonaqlar topa nəzarət edir, Albinoya nəfəs almaq imkanı vermirdilər. Təkcə ilk yarımsaatda Merabın üç dəfə qola yaxın olduğunu xatırlatmaq kifayət edər. Braziliyalı qolkiperlə müdafiəçilərin etibarlı oyunu sayəsində zirəlilər qapısında top görmədi, əksinə, bunun sayəsində özünəinam qazanmış oldular. Tablodakı 0-lardəyişməmişdi, futbolçular paltardəyişmə otağındakı 15 dəqiqəlik istirahəti düşünürdülər. Və bu an səhnəyə Davitlə Musa çıxdı. Qonaqların müdafiə xəttindəki ani diqqətsizlikdən yararlanan gürcü məhsuldar ötürmə, Qurban Qurbanovun oğlu isə qol müəllifi kimi yadda qaldı.

Fasilədən sonra “qırmızı-qaralar”ın hücum edəcəyi, qəsəbə təmsilçisinin əsas diqqəti müdafiəyə ayıracağı gözlənilən idi. Belə də oldu. Topa nəzarəti ələ keçirən qonaqlar böyük qüvvə ilə irəli atılmaqla hesaba tarazlıq gətirmək niyyəti güdürdülər. Bu mənada Rövlanla Adeniyinin mübarizəyə qoşulması Baxşıyevin yetirmələrinin fəallığını xeyli artırmışdı. Di gəl ki, topu rəqibin cərimə meydançasına qədər gətirən qonaqlar heç cür qapıya zərbə vura bilmirdi. Yalnız bir epizodda Rafaelin vuruşu yerinə düşdü ki, dirək braziliyalının həmyerlisini məyus etməsinə imkan vermədi.

Baxımlı oyun planında ürəkaçan görünməyən qarşılaşma kifayət qədər sərtliklər, bir çox epizodlarda kobudluqlarla diqqət çəkirdi. Son 20 dəqiqədə qonaqların dörd futbolçunun sarı vərəqə alması vəziyyəti aydınlaşdırır. İkili mübarizələr bir növ döyüş meydanını xatırladırdı. Son 5-10 dəqiqədə yaşananlardan “qol” qoxusu gəlirdi. Hansısa komanda fərqlənəcəkdi. Üzü gülən yenə zirəlilər oldu. Nəzirovla müdafiəçinin anlaşılmazlığından istifadə edən Volkov fərqləndi.

“Zirə” qələbə sayəsində ilk “3-lük”dəki yerini bir az da bərkitdisə, “Qəbələ” qələbə seriyasını davam etdirə bilməməklə yanaşı, 4-cü pilləyə yüksəlmək şansını da əldən verdi.
HƏBİB

Gözdən qaçmadı
* Rəşad Sadıqov oyunboyu hakimlərə işlərini görməyə imkan vermədi. Az qala hər fitə reaksiya verir, etiraz edirdi. Yeri gəldi-gəlmədi etdiyi etirazlar oyunu canlı yayınlayan PFL-in “yutub” kanalında aydın eşidilirdi: “Orxan, niyə saxlayırsan, niyə vermirsən, üstünə qışqıranda saxlayırsan…”

* Gənc mütəxəssisin fasiləsiz etirazları hakimləri boğaza yığmışdı. Orxan Məmmədov topu əlində 6 saniyədən çox saxladığına görə Albinoya “sarı” göstərəndə Sadıqov “partladı”. Lakin bu “partlayış”ın nəticəsi baş məşqçiyə göstərilən sarı vərəqə oldu.

* Sadıqovun texniki zonada səsinə güc verməsi futbolçularını da xeyli həvəsləndirmişdi. Odu ki, tribunada əyləşənlər də zaman-zaman meydana yaşananlara reaksiya verməli olurdu. Bu mənada Ruslan Qurbanov daha çox fərqlənirdi. Ruslanın canfəşanlığını görən “Zirə”nin baş məşqçisi ilk hissənin sonlarına yaxın ona tərəf dönüb, sərt tonda “sus” əmrini verdi.

* Sona saniyələr qalmış qonaqların qapısına yol tapan Davit Volkov qola sevinmədi. Başqa cür desək, sabiq komandasının qapısından keçirdiyi topu hay-küylə qeyd etməyə ehtiyac görmədi.
***

Rəşad Sadıqov Musanın debütündən məmnundu
“Çempionatda hər 7-8 saniyəyə görə belə qərar verilirmi?”

Oyunsonrası mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavabladı. 38 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi, daha sonra suallara aydınlıq gətirdi: “Maraqlı oyun oldu. Matç gərgin mübarizə şəraitində keçdi. İki gün idi Bakıda sulu qar yağırdı. Bu da meydanda hiss olundu. Meydança sürüşkən idi. “Qəbələ” çempionatın rəngarəng futbol oynayan komandalarındandı. Bu gün bir daha bunu hiss etdik. Güclü rəqiblə mübarizə aparırdıq. Bəzi itkilərimiz var idi. Buna baxmayaraq, uşaqlar maksimum çalışdılar ki, yaxşı mübarizə aparsınlar. Futbol səhvlər oyunudu. Bunlardan kim yaxşı istifadə edirsə, o da qələbə qazanır. Biz rəqibin səhvlərindən daha yaxşı istifadə etdik. Ümumilikdə bərabər oyun getdi”.

- Hakimlər “Zirə”ni çox “sıxır”?
- Ümumən belə qələmə verməzdim. Hakimlərin bizi “sıxdığı” fikri ilə razı deyiləm, Sadəcə, bəzi qərarlar yalnız bizim başımıza gəlir deyə, bir az emosional reaksiya veririk. Bizə qarşı qərəz olduğu fikri yoxdu.

- İlk yarıda sanki “Qəbələ”nin 2-3 təhlükəli epizodu oldu. Amma fasilədən sonra rəqibə real qol imkanı vermədiz...
- Oyuna çox passiv başladıq. Rəqib təhlükəli hücumlar edirdi. Şükürlər olsun ki, həmin dəqiqələrdə dözdük. “Qəbələ” üçün rəqibin fərqi yoxdu, həmişə öz oyununu diqtə etməyi düşünür. Çalışır ki, futbolu eybəcərləşdirməsin. Həm özü oynayır, həm də rəqibə oynamaq imkanı verir. İlk yarıdan sonra hesabda irəli idik. Bu da imkan verirdi ki, daha ehtiyatlı oynayaq. Son dəqiqələrdə isə əks-hücumda qol vurduq. Rəqib də fərqlənə bilərdi. Elə oldu ki, qolu biz vurduq.

- Musa Qurbanlının debütü necə alındı? Komandaya uyğunlaşa bilibmi?
- Çox yaxşı uyğunlaşdı. Əmin idim ki, belə problemi olmayacaq. Çünki futbolçularımızın bir çoxu ilə oynamışdı, mənimlə də məşqçi-futbolçu kimi bir yerdə olub. Bu gün çox yaxşı çıxış etdi, qol vurdu. Topla yaxşı davranırdı, epizodlara açılırdı. Ümumən bütün futbolçulardan razı qaldım.

- Hakimin qərarı öz yerində, topu daha tez oyuna daxil etməsi ilə bağlı qapıçınızla xüsusi söhbət aparmağı düşünmürsüz? Artıq neçənci belə haldı...
- Çempionatda hər 7-8 saniyəyə görə belə qərar verilirmi? Qapıdan zərbə 11 saniyə yubandığına görə ikinci “sarı” göstərilirmi? Qapıçı ilə nə danışım? Bir çox qapıçılar 10-12 saniyəyə topu oyuna daxil edir. Mən belə məqamları xatırlamıram. Ona görə qapıçı ilə nə danışmalı olduğumu bilmirəm. Orxan Məmmədov bu gün çox yaxşı idarəçilik etdi, sərt oyuna imkan verdi. O qərarın doğru olmadığını deyə bilmərik, amma çox zaman hakimlər belə məqamlara göz yumur.

- Yeni transferiniz Andelkoviç haqda məlumat verərdiz. Hansısa müdafiəçinin gedişi gözlənilirmi?
- Yaydan müdafiəyə oyunçu axtarırdıq. Elə alındı ki, yalnız iki oyunçu götürə bildik. Amma mövsümün gedişində zədələr, cəzalar olurdu. Çox yaxşıdı ki, Cəlal özünü yaxşı göstərdi. Bu gün aparıcı oyunçularımızdan birinə çevrilib. Yenə də rəqabət yaxşı şeydi. Bəzən 5 müdafiəçi ilə oynaya bilərik. Rəqiblərə qarşı oyun sistemini dəyişə bilərik. Gənc, perspektivli oyunçudu. İnanıram ki, həm bizə faydası olacaq, həm də oyununu inkişaf etdirəcək.

Elmar Baxşıyevə ünvanlanan sualların sayı çox olmadığından, baş məşqçinin dediklərinin ümumi məzmununu təqdim edirik:

“Oyun öncədən fikirləşdiyimiz kimi keçdi. Bilirdik ki, “Zirə” əks-hücumlarda güclüdü. Rəqibin heyətində sürətli və keyfiyyətli futbolçular var. Amma bizim də oyunla bağlı planımız var idi. Bunu – düşünülmüş hücumları meydanda da gördüm. Sadəcə, hücumları tamamlamaq çatmırdı. Bunu hücumun son mərhələsində bir az diqqətsizlik və ya konsentrasiyanın az olması ilə əlaqələndirərdim. Çoxlu imkanı dəyərləndirə bilmədik. Bu qədər epizodu yaradıb, dəyərləndirməyəndə müdafiədə boşluq yaranır. “Zirə” də bu boşluqlardan istifadə etdi və qələbə qazandı. İlk gündən nəticə yox, oyun istəmişəm. Komanda da nə istədiyimi bilir. Düşünülmüş hücumlar olmalıdı. Bunu da meydanda görürəm. Getdikcə epizodları daha yaxşı dəyərləndirəcəyimizə inanıram. Futbol adına hər şey etdik. Komandaya iradım yoxdu. Qələbə qazanmaq üçün imkanlardan yararlanmaq lazımdı".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.