Sizin reklam burada

Mahir “Qarabağ”ın xal itirməsinə imkan vermədi

Title

55 Sabah (Bakı) – Qarabağ (Ağdam) 1:2 (0:1)

12. Alvaro Vilyet - 5,0
14. Slavik Alxasov – 5,0
34. Bəxtiyar Həsənalızadə - 5,0
(9. Xulio Sezar Rodriges, 80) – qiymətsiz
13. Filip İvanoviç (k) – 5,0
2. Amin Seydiyev – 5,5
6. Şakir Seyidov – 5,5
30. Mario Marina – 5,0
(7. Coşqun Diniyev, 61) – 5,0
10. Aleksey İsayev – 5,0
(77. Veysəl Rzayev, 80) – qiymətsiz
23. Amadu Diallo – 5,0
28. Kevin Kubemba – 6,0
26. Fofana Tiemoko – 4,5
Ehtiyat oyunçular
94. Nicat Mehbalıyev
31. Rustam Samiqullin
8. Elşən Abdullayev
19. Təmkin Xəlilzadə
17. Məhəmməd Mirzəbəyov
90. Ramil Şeydayev
38. Arsen Ağcabəyov
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Kevin Kubemba

1. Şahruddin Məhəmmədəliyev – 5,5
5. Maksim Medvedev (k) – 5,5
55. Bədavi Hüseynov – 5,5
4. Rahil Məmmədov – 5,5
30. Abbas Hüseynov – 5,5
2. Qara Qarayev – 5,5
6. Patrik Andrade – 5,5
10. Abdulla Zubir – 5,5
(8. Uroş Matiç, 90) – qiymətsiz
18. İsmayıl İbrahimli – 5,0
(27. Toral Bayramov, 64) – 5,0
11. Mahir Emreli – 6,0
7. Kvabena Ovusu – 5,5
(9. Xayme Romero, 79) – qiymətsiz
Ehtiyat oyunçular
12. Emil Balayev
94. Ayhan Arazlı
66. Cavid Bayramov
21. Rauf Hüseynli
99. Hüseyn Hüseynzadə
29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Emreli

Qollar: R.Məmmədov, 8 (0:1, A.Hüseynov). K.Kubemba, 60 (1:1, A.Diallo). M.Emreli, 72 (1:2, T.Bayramov).
Vərəqələr: A.İsayev, 43 (qeyri-idman hərəkəti). M.Marina, 55 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
21 yanvar. Masazır. Bank Respublika Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Adətən, fasilədən dönən komandalar bir qədər “ağır” təsir bağışlayır. Ancaq bu dəfə fərqli mənzərə gördük. Hər iki komanda ilk dəqiqələrdən dinamik oyuna üstünlük verdi, sürətli hücumlarla yadda qaldı. Məhz bunun nəticəsidi ki, artıq 8-ci dəqiqədə tablodakı sıfırlardan biri dəyişdi. Künc zərbəsindən sonra “tələbələr”in müdafiəçiləri təhlükəni sovuşdurmaq istəsə də, Abbasın ötürməsi Rahilə çatdı və ucaboy müdafiəçi şansını boşa vermədi. Əslində hələ 5-ci dəqiqədə ağdamlılar hesabı aça bilərdi. Amma Vilyet əvvəlcə Ovusunun, ardından Zubirin təhlükəli zərbəsini dəf etdi. İlk yarıda rəqibdən üstün oyun sərgiləyən “köhlən atlar” bir neçə dəfə fərqi artırmağa yaxın olsalar da, fasiləyə qədər hesab dəyişmədi.
İkinci yarı da ağdamlılar üstünlüyü ilə başladı. Ilk qolun müəllifi olan Rahilin aşırma zərbəsi az fərqlə tirin üstündən keçdi. Bir saatın tamamında isə meydan sahiblərinin nadir hücumlarının biri qolla yekunlaşdı. Dialonun qapıya paralel ötürməsini Kubemba tamamladı. Ancaq 12 dəqiqə sonra qonaqlar yenidən hesabda önə çıxdı. Bu dəfə çempionatın ən sərrast futbolçularından biri olan Mahir adını tabloya yazdırmağı bacardı. İlk yarıda bir neçə real qol imkanını boşa verən Emreli meydana sonradan çıxan Bayramovun ötürməsini dəyərləndirdi. Qalan dəqiqələdə hesab dəyişmədi və oyun “Qarabağ”ın qələbəsi ilə bitdi.

RƏŞAD
***
Qurban Qurbanov komandasına təşəkkür etdi
Qomes isə nəticələri yox, müharibəni faciə sayır

Oyundan sonra ənənəvi mətbuat konfransı keçirildi. Jurnalistlər önünə əvvəlcə Qurban Qurbanov çıxdı.
- Hamımız futbol üçün darıxmışdıq. Koronavirus pandemiyasına görə narahatlıq var idi ki, birdən çempionat dayanar. İnşallah, bu xəstəlik tez bitər və azarkeşlərimiz stadiona qayıdar. Vacib oyuna çıxmışdıq. İstirahətdən dönmüşük deyə, istədiyin oyunu meydanda görə bilmirsən və buna görə nəticə qazanmaq vacib olur. Rəqib bu gün fərqli sistemlə oynadı. Nə qədər çətin olsa da, futbolçularım işlərinin öhdəsindən gəldilər. Vaxt getdikcə daha yaxşı olacağıq. Bugünkü oyuna görə futbolçularıma təşəkkür edirəm.

- 2021/22 mövsümündə mükafatçılar sırasına düşənlər və kubokun sahibi ölkəmizi UEFA-nın yeni layihəsi olan Konfrans Liqasında təmsil edəcək. İstər maddi, istərsə də mənəvi planda builki çempionluğun daha vacib olduğunu düşünmürsüz?
- Qarşımıza çempionluq hədəfi qoymuşuq. Ola bilər ki, büdcələri zəif olan komandalara bu turnir təsir etsin. Ancaq onu da qeyd edim ki, hələ məbləğ bəlli deyil. Gözləyək, görək nə olacaq. Çempionlar Liqası fərqlidi, hamımız ora fərqli yanaşırıq. Sona qədər mübarizə aparacağıq, qismətdisə, çempionluq bizim olacaq.

- Transferlərlə bağlı məsələ nə yerdədi?
- İnanın ki, çox çətindi. Futbolçu tapmaq, onu razı salmaq çox çətindi. Bu gün heyətdə zədəlilər var. Öz çempionatımızda da bizə oyunçu lazımdı. İstəyirik ki, uyğun bir transfer edək. Ola bilər indi alınmasın, yayda müqavilə bağlansın. Pandemiyadan sonra transfer etmək çətin oldu. Futbolçular da karyeralarını düşünərək daha güclü çempionatlara yollanmaq istəyirlər.

- Toplanışdan istədiyinizi əldə edə bildiz?
- Deməzdim ki, toplanış pis keçdi. Vaxtımız az idi, ölkədən kənarda olsaydıq, yenə də maksimum iki yoxlama oyunu olacaqdı. “Zirə” ilə oyunda da fərqli dəqiqələr oldu. Başqa çıxış yolumuz yox idi. İlboyu da komanda çox yüklənmişdi. Ümumilikdə hazırlıqdan razı qaldım. Özobiç çox yaxşı formada idi, ancaq son məşqdə zədələndi.

- Nurlan İbrahimov 15 ildən sonra məcburən klubdan ayrıldı. Onun durumu ilə bağlı fikriniz necədi?
- Onun haqqında danışmaq ağırdı. Heyifsilənirəm ki, belə sərt qərar verildi. Klub olaraq Nurlandan çox məmnun idik. Həmişə onunla isti münasibətlərimiz var idi. Getməsinə üzüldük, ancaq başqa yol yox idi. Nurlan həmişə qəlbimizdədi. Ola bilsin, karyera baxımından daha üstün yerdə işini davam etdirdi.

- UEFA-dakı nüfuzumuz bu sərt qərarda nə dərəcədə rol oynadı?
- Deyəsən, məni də sildirmək istəyirsiz (gülür). Bu haqda az danışmalıyıq. Bəzi qərarlar var ki, biz onları qınaya bilmərik. Belə məsələlələrə ali futbol qurumu həssas yanaşır. Biz hamıyla mübarizə apara, qərarlara etiraz edə bilmərik. Bu həm vaxtımızı alar, həm də nüfuzumuzu aşağı salar. Biz “İnter”lə oyuna görə nə qədər vaxt itirdik, mübahisələr oldu. Ancaq qərar verilmişdi. Cəzalanmışıqsa, bunu qəbul edib, ağıllı hərəkət etməliyik. Həmişə çalışırıq ki, öz mədəniyyətimizi qoruyaq. Bəzi qərarlar olub ki, ölkə olaraq bizə münasibətdə haqsızlıq edilib. Məsələn, cari avrokuboklarda bütün oyunlarımızın səfərdə keçirilməsinə qərar verildi. Hər ölkənin öz qanunları var. Nurlanı biz çox istəyirik, bəlkə bundan sonra daha nüfuzlu yerdə olacaq.

- Bu gün oğlunuz Musa Qurbanlı qol vurdu. Özünüz də qeyd etdiz ki, heyətdə zədəli futbolçular var. Onu icarəyə verdiyinizə görə peşman olmadız?
- Bir qərar verdikdən sonra heç vaxt peşman olmuram. Həmişə seçimlərin düzgün olduğunu düşünürəm. Musanın getməsini Rəşad Sadıqov çox istədi. Bizim göndərmək fikrimiz yox idi. Elə futbolçular olub ki, bizim komandada çox qol vura bilməyib. Ancaq bizdən ayrılıb başqa çempionata üz tutandan sonra mövsümdə 15-20 dəfə fərqlənib. Hər oyunçunun özünü göstərə biləcəyi komanda olur.

- Vild-Donald Gerye və Mahir Emreliyə təkliflər olduğu deyilir. Bu haqda nə deyə bilərsiz?
- Gerye burdadı ki? (gülür) Onunla bağlı təklif yoxdu. Mahirə isə Polşa klubu təklif göndərib. Başqa bir neçə klub da Mahirlə maraqlanır. Lakin hələ ciddi bir dəyişiklik gözlənilmir. Gerye də, deyəsən, İstanbuldadı hələ.

Qurbanovun ardından konfrans salonuna Visente Qomes daxil oldu. Məğlubiyyətə üzülən ispan mütəxəssis bəzi sualları aqressiv qarşıladı.
- Çox yaxşı oyun alındı. Həm qol imkanlarımız, həm də intensivliyimiz var idi. Səhvlərimiz də oldu. Çalışmalıyıq ki, səhvlərimizi azaldaq. “Qarabağ” kimi komandalara qarşı belə səhvlər olanda cəza qaçılmazdı.

- “Sabah” heyət və büdcə baxımından premyer-liqada bir-iki klubdan geri qalır. Lakin turnir cədvəlində sonuncusuz. Bu, nə ilə bağlıdı?
- Büdcə və heyətlə bağlı nəsə deyə bilmərəm. Mən bura gələndən nə qədər oyunçu transfer etmişik, ona fikir verin. 6 oyunluq məğlubiyyət seriyası bizə çox təsir etdi. Qışa qədər oynadığımız son 4 oyunda xal qazana bilmişdik. Bu gün də “Qarabağ”a uduzduq.

- Mövsümün əvvəlində “sükan arxasına” bəlkə də bir qədər gec keçdiyinizdən uğursuzluğa don geydirmək mümkün idi. Ancaq qış fasiləsində kollektivlə birgə olduz. Bu dəfə də ilk matçda uğursuzluqla qarşılaşdız.
- Fasilədən sonra ilk oyunumuz “Qarabağ”a qarşı oldu. Unutmayın ki, bu gün məğlub olduğumuz rəqib “Qarabağ”dı, Azərbaycanın ən yaxşı komandasıdı. “Qarabağ”a uduzmaq faciədi? Düşünürəm ki, bu gün yaxşı oyun sərgiləmişik.

- Statistikaya nəzər salsaq, komandanız 13 turda cəmi 13 qol vurub ki, bu da hər tura bir qol deməkdi. Hücum xəttiniz çox zəifdi ki, qol vura bilmirsiz?
- Bu statistikanın digər tərəfinə də baxın. Qol imkanlarımız olur, amma vura bilmirik, yoxsa heç qol imkanımız olmur? Çoxlu qol imkanı yaradırıq, lakin yararlana bilmirik.

- Bəs bu 8 ayda nə işlə məşğul olmusuz? Hücumçular qol vura bilmirsə, siz nə etmisiz?
- Məşqçi kimi məşqlərdə qapıya zərbələr üzərində işləyirik. İstəyirik yaxşı atmosfer yaradaq ki, futbolçular qol vura bilsin.

- Komandada dəyişikliklər çox olur. Sizə elə gəlmir ki, problem ilk “11-liy”i müəyyənləşdirə bilməməyinizdədi?
- İndi mən hansısa eksperimentdən danışa bilmərəm. Əvvəlki oyunlara baxsaq, çox dəyişiklik etməyimizlə bağlı fikirlə razılaşmıram.

- Ayrılmaq fikrinə düşməmisiz?
- Rəhbərlik davam etməyimi məqbul sayıb və işimə davam edirəm.

- Əvvəl deyirdiz ki, öz oyun fəlsəfəmi aşılamaq istəyirəm. Lakin görünən odu ki, bunu hələ edə bilmirsiz. Problem sizdə, yoxsa futbolçulardadı?
- “Qəbələ” ilə oyundan sonra başqa oyun tərzinə keçdik. İndi hələ bu oyun tərzindəyik. Mənə elə gəlir ki, bu sistemlə oynamaq bizə xeyir verəcək.

- Bunun effekt verəcəyini düşünürsüz?
- Bəli, inanıb dəyişmişəm. Oyun tərzini dəyişdikdən sonra “Zirə”yə uduzduq, lakin həmin oyunda penaltidən yararlana bilmədik, imkanlarımız da çox olmuşdu. Komanda artıq daha yaxşı oynayır və daha da “artırmalıyıq”. Bərbad oyun sərgilədiyimizi düşünmürəm. Nəticənin yaxşı olmadığını mən də bilirəm. Bu gün sadə bir səhvdən sonra qol buraxdıq.

- Heyətinizdə kifayət qədər yaxşı futbolçular olsa da, sonuncu sıradasız. Bu heyətlə sonuncu olmağı faciə saymırsız?
- Mənə görə futbolda faciə yoxdu. Faciə bu yaxınlarda olan müharibə idi. Qalib gəlmək, çox qol vurmaq istəyirik, ancaq bu həmişə alınmır.

Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında Fövqəladə Hallar Nazirliyinin oyuna ezam olunmuş yanğınsöndürənləri də var idi. Nə qədər təəccüblü olsa da, onlar da qonaqlara azarkeşlik edirdilər.

* Mahir qol vurandan sonra ehtiyat oyunçular skamyasına yaxınlaşaraq, üzərində “İmarət”in şəhid üzvü Məhəmmədəli İbrahimlinin şəkli olan formanı açdı.

* Artıq 4-cü dəqiqədə Ovusu yan xəttə yaxınlaşaraq, əlcəklərini çıxarıb kənara atdı.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.