Sizin reklam burada

Xoş getdin, Dmitri Kramarenko!

Title

Sərlövhəni oxuyan istənilən şəxs o dəqiqə Dmitri Kramarenkonun ÇSKA-nın qapıçılarla işləyən məşqçisi təyin olunmasına reaksiyamın “rəngini müəyyənləşdirməyə” çalışacaq. Amma yox, mən bu təyinata xoş baxanlardanam, sərlövhəni də srağagün ÇSKA-nın saytında yer alan təyinat haqda xəbərin sonuncu – “xoş gəlmisən, Dmitri Sergeyeviç” cümləsinə uyğunlaşdırmışam.

Bəli, ÇSKA vaxtilə qapısını qoruyan həmyerlimizə bu dəfə qucağını açıb. “Hərbçilər” dekabrın sonunda vidalaşdıqları Sergey Ovçinnikovu Kramarenko ilə əvəzləməyə qərar verib. Deyilənə görə, vaxtilə Dima ilə komanda yoldaşı olan, indi də ÇSKA-nın formasını geyən İqor Akinfeyevin tövsiyəsi də bu məsələdə müəyyən rol oynayıb. Rusiya futbolunun “xaç atası” sayılan Valeri Qazzayev də artıq xeyir-dua verib. Amma mənə elə gəlir ki, Kramarenkonun xeyir-duasına ehtiyac duyduğu sonuncu şəxs də elə məhz Qazzayevdi. Bu sözüm yadınızda qalsın, çünki sonda nədən belə düşündüyümü açıqlayacam. Hələlik Kramarenko haqda bəzi fikirlərimi bölüşəcəm.

Dimanın mərhum atası Sergey Kramarenko canı-qanı, varlığı ilə Azərbaycan futboluna xidmət edən şəxslərdən olub, SSRİ miqyasında yetərincə yaxşı tanınıb, oyunu ilə yanaşı, şəxsiyyəti ilə də seçilib, doğma “Neftçi”nin mənafeyini heç nəyə qurban verməyib, yaşıl meydanda bakılıların xətrinə dəyənlərin cavabını bəzən hətta yumruqları ilə verib. Ötən əsrin 70-ci illərində məhz Kramarenkonu artıq yaşlanmaqda olan Lev Yaşinin SSRİ yığmasındakı xələfi gözü ilə görənlərin də sayı hədsiz çox idi. Amma hansısa səbəblərdən, bəlkə də elə yuxarıda vurğuladığımız xarakteri, bəlkə də “Neftçi”nin sovet futbolundakı statusu üzündən bu mümkün olmadı və ata Kramarenko uzun illər boyunca bakılılara xidmət edəndən sonra karyerasını bitirdi. Sonra daimi yaşamaq üçün Moskvaya yollandı, vətəni heç unutmasa da, orda da dünyasını dəyişdi. “Neftçi”nin əfsanəvi qapıçısı həmişə oğlundan nigaran idi, həmkarlarımızdan kimsə ona Dima haqda sual verəndə narahatlığını gizlətmirdi. Arxivimdə mərhum qapıçının vaxtilə “Sovetski sport”a verdiyi müsahibədən iqtibas da var: “Məndə lider xarakteri var idi, oğlumda isə bu zəifdi, onda idmançı qəzəbi, özünü sübut etmək bacarığı çatışmır”.
Təəssüf ki, bu keyfiyyətlər Dimanı karyerası boyunca müşayiət etdi, Rusiyanın müxtəlif klublarının heyətində 10 il keçirsə də, heç cür özünə daimi yer qazana bilmədi, əsas heyət uğrunda mübarizədə ya gerçəkdən uduzdu, ya da uduzduruldu. 2002-də hətta “Atletiko”da baxışda olsa da, bəyənilmədi. Bax, indi yazının əvvəlində vurğuladığım məqama – Qazzayev amilinə toxunmaq istəyirəm. Həmin vaxt “Alaniya”nı çalışdıran osetin mütəxəssis 1996-cı il noyabrın 16-da Sankt-Peterburqda keçirilən “qızıl oyun”dakı məğlubiyyəti təkcə Nazim Süleymanova yox, Dimaya da bağışlamadı. 1996 mövsümündə 22 oyunda 18 qol buraxan, 1847 dəqiqə meydanda olan Kramarenko bütün göstəricilərdə Zaur Xapovu üstələsə də, Qazzayev növbəti mövsüm birmənalı çəkildə kabardin qapıçıya güvəndi. 1997 mövsümündə Dima cəmi 9 oyunda meydanda oldu və bir daha əvvəlki səviyyəsinə dönə bilmədi. Taleyin cəzası, ya nə idisə, heç “Alaniya” da əvvəlki “Alaniya” olmadı, 97-də 10-cu yeri tutdu, sonra da nəticələrini get-gedə pisləşdirməklə elitadan getdi.

Özünü göstərmək, soyadını yaşatmaq baxımından Dmitri Kramarenko üçün növbəti imkan yaranıb. Bu təyinata ancaq sevinmək olar. Kramarenko çalışmaq bacarığını göstərməklə yanaşı, istedadlı azərbaycanlı qapıçıların Rusiyaya yoluna açmaqda da böyük rol oynaya bilər. Odu ki, xoş getdin, Dmitri Sergeyeviç!

HÜŞƏNG
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.