Sizin reklam burada

Məsut Özil transferi və "Fənərbağça" gündəmi

Title

Məsut Özil artıq Türkiyədədi. “Fənərbağça”nın yeni transferi tarixi vətəninə bazar günü gəlib.

32 yaşlı yarımmüdafiəçi yeni klubunun rəhbərliyinin göndərdiyi “KOÇ 10” nömrəli şəxsi təyyarə ilə gecə saatlarında İstanbul Hava Limanına enib. Almaniya yığmasının sabiq oyunçusu Londondan İstanbula həyat yoldaşı və qızı ilə birlikdə gəlib.

Onun “Fənərbağça” ilə 3,5 illik müqavilə imzalaması gözlənilir. Özil 2013-ci ildən çıxış etdiyi “Arsenal”la müqaviləsini qarşılıqlı razılıq əsassında pozub. Onu da xüsusi vurğulamaq lazımdı ki, Məsut paytaxt komandasında sonuncu oyununu ötən il martın 7-də keçirib. Klubla yeni müqaviləsi reallaşmayan təcrübəli futbolçunun adı bu mövsüm heç bir turnir üçün iştirak ərizəsinə daxil edilməmişdi. Bu səbəbdən yayda azad agent statusu qazanacaq Özilin mövsümün gedişində iş yerini dəyişməsi real görünürdü.

Qeyd edək ki, prezident Əli Koça məxsus təyyarə uçuşda olarkən “Fənərbağça”nın rəsmi “tvitter” səhifəsində canlı yayın təşkil edilib və bu prosesi 312 mindən çox futbolsevər izləyib. Bu səhifə məşhur mahnıda deyildiyi kimi “Gəl gündüzlə gecə olaq” paylaşımını edib, bu isə 594 mindən çox “layk” toplayıb. Xüsusilə qeyd edək ki, sosial şəbəkədə bir gündə qeydə alınan hər iki göstərici Türkiyədə “tvitter”in rekordu olub!

Özil ilə imzalanacaq müqavilənin detalları yaxın günlərdə razılaşdırılacaq. Səbəbkar “Fənərbağça”da tarixi məmləkəti olan Zonquldaka aid olan “67” nömrəli formada çıxış edəcək. Məsut İstanbul klubunun telekanalına açıqlamasında bunları deyib:

“Çox həyəcanlıyam, çünki mən həmişə “Fənərbaxça” azarkeşi olmuşam. Bir xəyal təkcə klub yox, mənim üçün də gerçəkləşir. Ümid edirəm ki, komanda yoldaşlarımla birlikdə uğur qazana biləcəyik. Həyəcanlıyam, başqa nə isə demək istəmirəm. İnanıram ki, hər şey yaxşı olacaq. Xeyirli olsun. Azarkeşlərin dəstəyinə görə təşəkkür edirəm. Onlar məni hər zaman dəstəklədilər. “Fənərbaxça” böyük klubdu. Çox xoşbəxtəm, azarkeşlərə təşəkkür borcumu meydanda qaytaracağam”.

Yeri gəlmişkən, İstanbul klubu Attila Salaini də sıralarına qatıb. Bəzi mənbələr 22 yaşlı macar müdafiəçiyə görə “Apollon”a (Cənubi Kipr) 2 milyon avro ödəniləcəyini xəbər verib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.