Sizin reklam burada

Mahir Emrelinin “Zaqlebiye”yə keçidi alınmayıb

Title

Mahir Emreli karyerasını Polşada davam etdirə bilər. Bu haqda həmin ölkənin mətbuatı məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, 24 yaşlı futbolçu ilə “Zaqlebiye” yaxından maraqlanır. Lyubin təmsilçisinin forvarda ehtiyacı var ki, boşluğu məhz Emreli ilə doldurmağı planlaşdırırlar.

Nəzərinizə çatdıraq ki, 24 yaşlı hücumçunun “Qarabağ”la müqaviləsinin müddəti mövsümün sonunda bitir. Emreli cari mövsümdə Ağdam təmsilçisinin heyətində 9 qarşılaşmada 7 qol vurub. Bu amil Polşa klubunun diqqətini cəlb edib və futbolçu ilə ilkin təmasa keçiblər. Ekstraklasada 14 turdan sonra 22 xalla 6-cı pillədə qərarlaşan “Zaqlebiye” çempionatın ilk dövrəsində 18 qol vurub, 14-nü buraxıb. Komandanın ən sərrast futbolçusu mərkəz müdafiəçisi Lorenko Simiçdi. O, rəqibləri 3 dəfə məyus edib.

Göründüyü kimi, Lyubin təmsilçisi hücumçu problemi yaşayır. Komandanın əsas forvardı Rok Sirk ümidləri doğrultmur. Hücumçu cari mövsümdə 2 dəfə rəqibləri məyus etməyi bacarıb. Məhz bu səbəbdən də klub Emrelini heyətinə qatmaq niyyətindədi.

Görəsən, Polşa təmsilçisi “köhlən atlar”la transfer üçün əlaqə yaradıbmı? “Qarabağ” “Zaqlebiye”nin Mahir Emreli ilə maraqlandığından xəbərdardı? Məsələ ilə ilə bağlı klubun baş meneceri Asif Əsgərovla əlaqə saxladıq. “Köhlən atlar”ın rəsmisinin cavabı belə oldu:

“Bizə müraciət olmayıb. Ola bilər ki, klubun nümayəndələri Mahirin agentləri ilə əlaqə saxlayıblar. Polşa mətbuatında belə xəbər çıxıbsa, deməli, menecerlər təmasa keçiblər. Lakin “Qarabağ”la heç kim əlaqə saxlamayıb. Futbolçumuzun bizimlə müqaviləsi var. Mahiri transfer etmək istəyənlər əvvəlcə “Qarabağ”la təmasa keçməlidilər. İndiki halda futbolçumuzla heç kim maraqlanmayıb”.

Məsələ ilə bağlı redaksiyamıza məlumat daxil olub. Əldə etdiyimiz informasiyaya görə, “Zaqlebiye” həqiqətən də Emrelinin menecerləri ilə təmasa keçib. Polşa təmsilçisi sol cinah vingeri və hücumçu axtarışındadı. Azərbaycan millisinin üzvü də bu meyarlara uyğun gəlir. Lakin Lyubin təmsilçisi əsasən Avropa pasportu olan futbolçunun xidmətində maraqlıdı. “Zaqlebiye” futbolçuya maaş olaraq illik 150 min avro təklif edib. Lakin Mahir hazırda “Qarabağ”da bundan çox qazanır. Menecerlər maaşın artılmasını tələb edib. “Zaqlebiye” rəhbərliyi isə Avropa pasportu olmayan futbolçuya daha çox maaş verməkdən imtina edib. Beləliklə, qış “transfer pəncərəsi”ndə adı ən çox hallanan Mahir Emrelinin daha bir klubla izdivacı baş tutmayıb.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.