Sizin reklam burada

Ağsulular prezidentə və AFFA rəhbərliyinə müraciət etdilər

Title

Ötən saylarımızın birində Ağsuda stadion problemi olduğunu diqqətinizə çatdırmışdıq.

Region Liqasında çıxış edən “Ağsu Siti”nin baş məşqçisi Samir İsayev redaksiyamızla əlaqə saxlayaraq, rayonda olan İdman Kompleksinin direktoru Elnur Alıyevdən narazılığını bildirmiş, onun ağsuluları arenaya buraxmadığını söyləmişdi. İsayevin sözlərinə görə, “Neftçi” İdman Klubu İctimai Birliyinin balansında olan idman kompleksinin rəhbəri vəzfəyə təyin olunduğu gündən ağsulu idmançılara və rayonu Region Liqasında təmsil edən komandaya qənim kəsilib. Samir bəyin dediklərinə inansaq, Alıyev rəhbərlik etdiyi stadionu şəxsi obyekti kimi idarə edir, arenanın saxlanılması üçün ayrılan vəsait hesabına rayonda özünə şərait qurub.

Dünən isə qəzetimizin e-mail ünvanına Ağsudan daha bir məktub daxil olub. Elnur bəydən şikayətçi düşən Mirzaman Kamilov bizə ünvanladığı məktubda bunları qeyd edib:

“Mən 50 ildən artıqdı futbol azarkeşi olan bir Ağsu şəhər sakini kimi Prezident İlham Əliyevə, AFFA rəhbərliyinə, başqa əlaqədar təşkilatlara, Ağsunun bu sahəyə cavabdehlik daşıyan qurumlarına müraciət etmək istəyirəm. Məqsədim rayonda futbol sahəsində yaranmış xoşagəlməz vəziyyətin yoluna qoyulmasına kömək göstərilməsini xahiş etməkdi. Məlumdu ki, təxminən 10 il əvvəl cənab Prezidentimizin iştirakı ilə Ağsuda müasir tələblərə cavab verən, dövlətin sifarişi ilə inşa olunan yeni futbol stadionu əhalinin istifadəsinə verildi. Hamı sevindi. 2018-ci ilə kimi istər futbol klubları, istərsə də sadə əhali – yaşlı, xəstə insanlar dövlət rəhbərinin yaratdığı bu imkandan pul ödəmədən yararlandılar. Lakin AFFA-nın əmri ilə stadion Bakı şəhərində fəaliyyət göstərən "Neftçi" adlı idman təşkilatına icarəyə verildi və Ağsuda da bir nəfəri ora direktor təyin etdilər. O gundən bu günə stadion həm rayon əhalisinin, həm də 2018-ci ildə bir qrup yerli, vətənpərvər, Ağsunun adını guclulər sırasına çıxarmaq, gəncləri pis vərdişlərdən uzaqlasdıraraq idmana cəlb etmək məqsədi qoyaraq yaradılan "Ağsu Siti" futbol, voleybol, boks sahələrini əhatə edən klubunun üzünə baglandı. Bu iki il ərzində komanda çıxış etdiyi zonanın şəriksiz lideri oldu, şəhərdən, kəndlərdən xeyli istedadlı gənclər üzə çıxarıldı. Lakin nə fayda. Komanda məcbur olub ev oyunlarını və məşqləri qonşu rayonlarda keçirdi. Bu, rayon üçün utandırıcı vəziyyətdi.

2018-ci ildə rayonumuzda “Ağsu Siti” adlı yeni komanda yaradıldı və yarandığı gündən rayon əhalisinin sevimlisinə çevrildi. Nə qədər acınacaqlı və utanverici olsa da, qeyd etməliyəm ki, bu komandanın uğurunu gözü götürməyənlər ortaya çıxdılar. Son nəticədə komanda rayondan uzaq salındı. Stadion rəhbərinin qərəzi, hikkəsi səbəbindən komanda ev oyunlarını başqa rayonlarda keçirmək məcburiyyətində qaldı. İndiki rəhbərliyə qədər Ağsunun yaşlı, müəyyən xəstəlikdən əziyyət çəkən sakinləri idman etmək, qaçmaq və idman gəzintisi üçün stadiona üz tuturdu. Çox təəssüf ki, yeni direktor bu gün bu insanları da arenaya buraxmır. Bəhanə də təmirdi. Halbuki təmir inzibati binada olub. Oyun keçirilən meydan və qaçış zolağı istifadəyə yararlıdı. Stadion heç kimin dədəsindən qalan mülkü deyil.

Prezidentimizin də idmanın inkişafı üçün nə qədər səy göstərdiyi hamıya bəllidi. Eşitdiyimizə görə, stadiondan istifadə etmək üçün komandadan icarə haqqı kimi yüksək məbləğdə pul istəyirlər. Bu həm dövlətin idman siyasətinə qarşı cıxmaq, həm də qanunsuzluq deməkdi. Ağsulu azarkeşlərin də əksəriyyətinin fikri ilə tanışam. Hamı bu özbaşınalıqdan çox məyusdu. Artıq idman həvəskarları ora stadion yox, tarixi tikinti abidəsi kimi baxıb keçirlər. Dolanışığın belə çətin vaxtında bu addımla stadion rəhbərliyi insanları küsdürür, ağsuluları hakimiyyətdən narazı salır. Biz dövlətimizin yanındayıq və bütün siyasətini dəstəkləyirik. Umid edirik ki, bu süni narazılığı yaradanlar da bizim kimi düşünəcəklər və problem yoluna qoyulacaq”.



P.S. Məktubda adı çəkilən “Neftçi” İdman Klubu İctimai Birliyinin eyniadlı futbol klubuna aidiyyatı olmasa da, o adla assosiasiya olunduğuna görə artıq 2 ildi Ağsuda "Neftçi"yə nə hörmət qalıb, nə də azarkeşlik edirlər.

RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.