Sizin reklam burada

“Araz Naxçıvan” birinci diviziona can atır

Title

“Araz Naxçıvan” növbəti mövsümdən birinci divizionda çıxış edəcək. Muxtar Respublika təmsilçisi bunun üçün hazırlığa start verib.

“Qırmızı-ağlar” həm infrastrukturu yaxşılaşdırır, həm də heyətini formalaşdırmağa çalışır. Naxçıvan klubunun planları ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub.

“Araz Naxçıvan” rəhbərliyi Muxtar Respublikanın İdman Nazirliyinin hazırda Uzunoba gölünün ətrafındakı İdman Kompleksinin stadionlarının tikintisi prosesinə nəzarət edir. Klubun istifadə edəcəyi arenada işlər, demək olar ki, bitmək üzrədi. Hazırda paltardəyişmə otaqlarında və inzibati binada tamamlanma işləri görülür. Təxminən bir aya işlər yekunlaşacaq. Klub əsasən burdakı stadiondan məşq etmək üçün istifadə edəcək. Birinci divizion oyunlarını isə Muxtar Respublika stadionunda keçirəcək. Uzunoba gölünün ətrafındakı İdman Kompleksində əsasən 17 yaşadək komandaların çempionat oyunları keçiriləcək.

Klub 1-ci divizionda iştirakla bağlı hələ ki nə PFL-ə, nə də AFFA-ya müraciət edib. Komanda hazırda istirahətə buraxılıb. Futbolçuların yanvarın 25-də bir araya gəlməsi planlaşdırılıb. İstirahətdən sonra komanda baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında hazırlığa start verəcək. “Araz Naxçıvan”a yeni futbolçuların qoşulub-qoşulmayacağı məhz təlim-məşq toplanışının gedişində bəlli olacaq. Məqsəd 1-ci divizonda çıxış etməkdi və buna uyğun heyət formalaşdırılacaq.

Əsgər Abdullayevin köməkçiləri də artıq bəllidi. Qapıçılar üzrə məşqçi Amil Ağacanov çoxdan fəaliyyətə başlayıb. O, həmçinin Naxçıvan Futbol Federasiyasının qapıçılar üzrə əlaqələndiricisi vəzifəsində çalışır. Daha iki köməkçi isə “Araz Naxçıvan”ın sabiq futbolçuları Nicat Əsgərovla Çingiz Qurbanov olacaq. Gənc məşqçilər 6 aydan çoxdu fəaliyyət göstərirlər. Onlar AFFA-nın Naxçıvan Muxtar Respublikasında təşkil olunan məşqçi kurslarında iştirak ediblər. Həmin proses də pandemiya ilə bağlı yarımçıq dayandırılıb. Lakin karantin rejimi yumşaldılandan sonra kurs davam edəcək. Məhz adı çəkilən məşqçilər burda özünü yaxşı tərəfdən göstərənlərdi ki, Əsgər bəy onları özünə köməkçi götürüb.

Beləliklə, “Araz Naxçıvan” 1-ci divizionda çıxış etmək üçün həm infrastruktur, həm də heyət baxımından hazırlıq işləri görür. İndi qalır PFL ilə AFFA-nın bu niyyəti təsdiqləməsi. Gözləyək, görək nə olur.

İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.