Sizin reklam burada

Kramarenkonu Azərbaycandan kim uzaqlaşdırır?

Title

İllərdi deyirik, şikayətlənirik. Şikayətimiz də ondandı ki, azərbaycanlı futbolçulara və mütəxəssislərə ölkəmizdən kənarda ehtiyac duyulmur. Gürcü futbolçular Avropanın dörd bir yanına səpələnib, Arveladze Özbəkistanda məşqçi kimi adından söz etdirir, Sxadadze isə Qazaxıstanda. Amma bizimkilərin heç adını tutan yoxdu.

Onlar da bekarçılıqdan burda bir-birinin qeybətini edir, AFFA-nın səxavətinə, verəcəyi maaş kartına ümid edirlər. Nəhayət, bir istisna oldu. Moskça ÇSKA-sı Dmitri Kramarenkonu məşqçilər korpusuna daxil etdi. Uzun illər Azərbaycan futboluna vicdanla xidmət göstərən Kramarenko Rusiyanın nəhənglərindən biri sayılan “ordu klubu” ilə bu ilin mayına kimi müqavilə bağlayıb, orda qapıçılar üzrə məşqçi kimi çalışacaq. Xeyirli-uğurlu olsun. Dmitri insanlığına, vətənə sevgisinə, Azərbaycan futbolu üçün etdiklərinə görə ən yaxşı sözlərə layiqdi. Qapıçı kimi də yetərincə istedadlı idi. İnanıram ki, Rusiyadakı işləri də uğurlu alınacaq və həmişə xoş sorağını eşidəcəyik.

Məlum məsələdi ki, Kramarenko mentallığına görə bizim mütəxəssislərdən xeyli fərqlənir. Adam Rusiya mühitində böyüyüb, yetkinləşib. Elə Moskva klubları da onun üçün yad deyil. Onu Rusiyada yetərincə yaxşı tanıyırlar və hörmət bəsləyirlər. Sözsüz, bu keçiddə həmin tanışlığın və hörmətin də rolu olub. Millimizin düşərgəsinə də “Dinamo”nun, ÇSKA-nın, Vladiqafqaz “Alaniya”sının üzvü kimi gəlirdi. Səviyyə fərqi dərhal hiss olunurdu. Elə həyata və futbola münasibətində də bu fərq hiss edilir. Adam Canni De Byazinin korpusunda gün keçirməkdən, hazır maaş almaqdan imtina etdi və daha çətin işə qol qoydu. Əminəm ki, bu qərarda maddi məqamlardan daha çox irəliləmək, mütəxəssis kimi özünü isbatlamaq istəyi böyük rol oynayıb. Dima bizimkilər kimi düşünsəydi, elə buralarda gününü keçirərdi.

Dmitri Kramarenko milli komandaya Qurban Qurbanovun baş məşqçi olduğu dönəmdə dəvət alıb. Səhv etmirəmsə, yeganə mütəxəssis oldu ki, Qurbanovun gedişindən sonra kollektivdə qaldı. Əvvəlcə Nikola Yurçeviçlə çalışdı, sonra da De Byaziyə köməkçi təyin olundu. Görünən odu ki, bu mühit onun ürəyini açmadı. Düzdü, açıqlanan rəsmi məlumatlarda bildirilir ki, Kramarenko həm millidə, həm də klubda çalışacaq. Şəxsən mən düşünürəm ki, Kramarenko ilk imkandaca millimizdən ayrılacaq. İtalyanların kölgəsində qalmaq onun üçün cəlbedici ola bilməz. İndiyə qədər təkzib olunmayan məlumatlara dörə, ətrafına həmyerlilərini yığan De Byazi azərbaycanlı məşqçilərlə yola getməyib. İtalyanın Monteneqro və Kiprlə qarşılaşmadan əvvəl komanda ilə keçirdiyi toplantıya Arif Əsədovla Dmitri Kramarenkonu dəvət etməməsi barədə xəbərlər də həmin vaxt idman mətbuatını bəzəyirdi. Elə bütün bunları nəzərə alanda, belə qənaətə gəlirəm ki, Dmitri ilk imkandaca AFFA ilə üzülüşəcək.

Amma səbəb təkcə Canni De Byazinin azərbaycanlı mütəxəssislərə münasibətdə soyuq davranışı deyil. Bir qədər də keçmişə boylansaq, görəcəyik ki, 46 yaşlı mütəxəssis Azərbaycanda axtardığını tapa bilmədi. 2015-ci ilin fevralında Moskvadan verdiyi açıqlamada Dmitri belə deyirdi:

“Azərbaycanda qapıçılar üçün hazırlıq məktəbi açmaq istəyirəm. Bu barədə AFFA ilə danışıq aparacam. Fevralın axırında Azərbaycana gəlməyi, atam Sergey Kramarenkonun adını daşıyacaq qapıçılar üçün hazırlıq məktəbi açmaq üçün fəaliyyətə başlamağı planlaşıdırıram”.

Söz vaxtına çəkər deyib atalarımız. Həmin müsahibənin üstündən 6 ilə yaxın müddət keçib. Düzdü, Kramarenko Bakıya gəldi, AFFA ilə məktəblə bağlı danışdı da. Amma onun başını qatdılar, zamanı boşa verdilər. Əvvəlcə gününü “Neftçi”də keçirdi, “xalq komandası”nın keçirdiyi ağır günlərdə, uğursuzluqların sıralandığı ərəfədə məşqçilər korpusunda yer aldı. Sonra yenidən Moskvaya qayıtdı, burdan narazı ayrıldığını, ona məktəb açmaq üçün şərait yaradılmadığını hər müsahibəsində vurğuladı. Dərhal da əl-ayağa düşdülər, Qurban Qurbanovun da təşəbbüsü ilə Bakıya dəvət olundu, millinin məşqçilər korpusunda yer aldı. Sonrasını siz də bilirsiz.

Biz onun millinin düşərgəsinə klubunun geyimində gəldiyini, meydana “Dinamo”nun köynəyində çıxdığını çox görmüşük. Vətən sevgisi bütün başqa hissləri üstələyirdi. Millinin heyətində keyfiyyətli qapıçı formasıyla təmin olunmadığına görə “Dinamo”nun embleminin üzərini yapışqanlı kağızla bağlayırdı, meydana həmin formada çıxırdı. Amma ruhdan düşmürdü, meydanda son saniyəyə qədər can qoyurdu, hər çağırışa həvəslə gəlirdi. İndi də Azərbaycan futboluna xidmət göstərmək həvəsiylə gəlmişdi, 6 il əvvəl atasının adına futbol məktəbi açmaq, yeni istedadlar üzə çıxarmaq istəyini dilə gətirmişdi. Amma ona bu şansı vermədilər, şərait yaratmadılar. Kramarenkonu Azərbaycandan qaçaq salırlar, özü də çox böyük sürətlə!

AMAL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.