Sizin reklam burada

Elvin Yunuszadə Şimali Makedoniyaya qayıtmaq istəmir

Title

Yayda Şimali Makedoniya təmsilçisi “Şkupi”yə üz tutan Elvun Yunuszadə hazırda Bakıdadı.

"Futbol+" xəbər verir ki, təcrübəli futbolçunun müqavilə ilə məxsus olduğu klub təlim-məşq toplanışı üçün bir araya gəlsə də, Elvin geri dönməyə tələsmir. Özü ilə söhbətdə bunun səbəbini öyərnməyə çalışdıq:

“İndi Bakıdayam. Komanda dünən (srağagün) təlim-məşq toplanışına başlayıb. Mən hələ qoşulmamışam ki, bunun da səbəbi var. “Şkupi” maliyyə sıxıntısı yaşayır, uzun müddətdi əməkhaqqı verilmir. Gecikmələr olduğu üçün ora qayıtmaq istəmirəm. Düzdü, rəhbərlik qısa vaxtda problemi həll edəcəyinə söz verib. Ancaq söz başqa, əməl başqa. Qarşı tərəfdən cavab gözləyirəm. Problem həll olunmasa, Şimali Makedoniya klubuna qayıtmayacam. Hələ ki gözləmə mövqeyindəyəm. Məsələ tam həll olunmadan hansısa klubla danışıq aparmağım düzgün çıxmaz. “Şkupi” ilə müqaviləm var. Əslində ora böyük ümidlə yollanmışdım. Ötən dəfə sizlə söhbətdə bildirdim ki, Şimali Makedoniya çempionatı skautların diqqət mərkəzindədi. Ordan Avropanın başqa çempionatlarına yollanmaq daha asandı, nəinki Azərbaycan premyer-liqasından. Ora üz tutanda da fikrim bir mövsüm oynayıb, daha güclü çempionata yollanmaq idi. Bu arada agentimlə bəzi danışıqlarımız olub. Sadəcə, tələsik qərar vermək istəmirəm”.


Mətbuatda yazılanlara inansaq, “Səbail” Yunuszadəni rənglərinə bağlamaq istəyib. O da bildirilir ki, artıq bununla bağlı futbolçuya təklif göndərilib. Yunuszadə ilə söhbətdə bu məsələyə də aydınlıq gətirməsini istədik. 29 yaşlı mərkəz müdafiəçisi sabiq klubuna dönəcəyi ilə bağlı deyilənlərə belə münasibət bildirdi:

“Qeyd etdiyim kimi, “Şkupi” ilə tam üzülüşmədən bu haqda danışmaq istəmirəm. Bütün suallara aydınlıq gələndən sonra bu haqda açıqlama verə bilərəm. Sözün düzü, xaricdən də təklifim var. “Şkupi” ilə bağlı məsələyə nöqtə qoyulmadığından addım atmaqda çətinlik çəkirəm. Bir-iki gün də gözləmək lazımdı. Şimali Makedoniya klubunun hansı addım atacağından çox şey asılıdı”.


Yeri gəlmişkən, Elvin ötən ilin noyabrında da Bakıya qayıtmışdı. Futbolçu onda zədəsini sağalmaq üçün vətənə gəlmişdi. Amma artıq bu yöndə heç bir problem qalmayıb:

“Məşqlərin birində heç nədən ayağımdan zədə almışdım. Müalicə məqsədilə bir müddət Bakıda qaldım. Artıq bu yöndə heç bir problem yoxdu, hər şey qaydasındadı. İnşallah, yenidən məşqlərə başlamağa hazıram. İnanıram ki, qısa vaxtda formaya düşüb yenidən hansısa komandanın uğurları üçün çalışacam. Məqsədim yenidən milliyə qayıtmaqdı”.


RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.