Sizin reklam burada

Səmimi, çalışqan və qətiyyətli Vüqar Həşimov

Title
Səmimi, çalışqan və qətiyyətli Vüqar Həşimov

2014-ci il yanvarın 11-i Azərbaycan idman ictimaiyyətinin yaddaşına qara tarix kimi həkk olunub.

Həmin gün şahmat yığmamızın istedadlı üzvü Vüqar Həşimov dünyasını dəyişib. Mərhumun əziz xatirəsi bir neçə gün öncə məzarı başında yad olunub. Vüqarı Rusiyanın populyar “chess-news” portalı da yada salıb. Daha doğrusu, həmkarlarımız onunla geniş müsahibəni dərc edib. Söhbət 2011-ci il yanvarın 6-da baş tutub. Həşimov həmin vaxt İtaliyada keçirilən nüfuzlu turnirin sonuna bir tur qalmış qələbəni təmin edib. Müsahibədən maraqlı çıxarışlarla tanış olaq.

* Bu turnirdə qələbənin böyük əhəmiyyəti var. Demək olar ki, ötən ilin son, yeni ilin ilk yarışıdı. Çox güclü turnirdi. Hələ 3 il öncə mən burda ikinci olanda qalibə verilən kubok atamın xoşuna gəlmişdi. Həmin vaxt ona bu kuboku qazanacağıma söz verdim. İnanmaq istərdim ki, budəfəki kubok da əvvəlki kimi yaxşı olacaq. Baxarıq. Ümumiyyətlə, belə səviyyəli turnirlərdə qələbə qazanmaq xoşdu. Fikrimcə, bu həm də işimin nəticəsinin göstəricisidi. Yayda öz üzərimdə çox çalışdım və nəticələr sıralanmağa başladı. Həmişə yayı istirahət və hazırlıq üçün boş saxlayıram. Xəzər dənizinin kənarında bağ evimiz var, hər yayı orda keçirirəm. 4 itim var orda. Şahmatla məşğul olmağa da vaxt ayırıram.

* Sanki ötən ilin ikinci yarısından etibarən prioritetlərim dəyişdi. Çünki əvvəllər, adətən, turnirlərə yaxşı başlayırdım, sonda isə vəziyyət dəyişirdi. Və haqlı olaraq mənə fiziki hazırlığımın qaydasında olmamasıyla bağlı irad bildirirdilər. Yayda bunun üzərində çalışdım, hətta axşamlar qaçırdım. Çempion olduğumuz İspaniya liqasından etibarən turnirlərin ikinci yarısını yaxşı keçirdim. Özü də yetərincə maraqlı və nəticəyə oynamağa başladım. Adətən, bu iki məqam bir yerdə alınmır. Məndə isə alındı.

* Sizin saniyəölçən və məşqçi Viorel Yordanesku ilə müsahibənizi oxumuşdum. Onunla bir çox yeniliklər fikirləşmişdik. Son yeniliyi isə yaxın dostum Ernesto İnarkiyevlə birgə təlim-məşq toplanışında icad etdik. Yeri gəlmişkən, bu da yayda olub. Əlbəttə, heç də hər gün belə güclü gedişləri tapmaq olmur. Kompüterin gəlişi ilə çox şey dəyişib. Fikrimcə, əvvəllər yeniliklər etmək daha çətin idi. Hətta hazırda nəsə tapanda fikirləşirlər ki, kompüterin köməyinə ehtiyac duyulub. Mən indiyədək ən güclü gedişləri kompüterə ehtiyac duymadan tapmışam. Kompüter hesab-kitab üçün faydalıdı, amma ideya baxımından insanın köməkçisi ola bilməz. Bununla belə, getdikcə gücə çevrilir. Hətta istisna etmirəm ki, bir gün ideya baxımından da gücə çevriləcək. Amma həmin günə kimi yaşamaq və yaşamaq lazımdı...

* İstəklə bağlı qətiyyən problemim yoxdu. Bu məndə həmişə var. Yəqin ki, atamdan keçib. O da həmişə qalib gəlməyə çalışıb.

* Məni tanıyanlar sakit təbiətli adam olduğumu bilirlər. Heç vaxt macəra axtarmıram, söhbət xüsusilə də milli komandadan gedirsə. Açığı, niyə belə alındığını bilmirəm. Bu, indiyədək mənim üçün tapmacadı. Yığmada oynamamağımla bağlı açıqlanan səbəblər çoxlarına aydın deyil. Məsələ indi də açıq qalır. Amma yenidən milliyə qayıdacağımı istisna etmirəm. Sadəcə, çox istərdim ki, vəziyyət dəyişsin. Çünki Olimpiada ərəfəsində yaşananlar qəbuledilməz idi. Yaşayarıq, görərik. Mən ilk növbədə Elman Rüstəmovla görüşüb problemi müzakirə etmək istəyirəm. Çünki bu, media vasitəsilə həll olunmayacaq. Biz görüşüb, niyə belə alındığını müzakirə etməliyik. Əlbəttə, mən məsələnin həllinin tərəfdarıyam. Amma görüş yoxdusa, bu haqda danışmaq tezdi.

* Düz qeyd etdiz ki, çoxdan Avropa turnesindəyəm. Təxminən bir aydı. Amma burdan Bakıya qayıdacam. Sadəcə, bir neçə günlük. Boş vaxtlarımda həm məşq etmək, həm də oynamaq istəyirəm. Hərçənd, demək olar, boş vaxtım yoxdu. Yaya kimi çətin qrafikim var. Sonra bir qədər seyrəklik olacaq.

* Turnirləri daha cəlbedici etmək üçün heç-heçələrlə bağlı qadağalara ehtiyac yoxdu. Qadağa olan yerdə mütləq təzyiq hiss edəcək və istədiyin kimi oynaya bilməyəcəksən. Şahmatçılar fürsət düşən kimi üç gedişi təkrarlamaqla heç-heçə edəcəklər. Çünki həmişə hansısa axmaq vəziyyəti inkişaf etdirib 7 saat oynayandan sonra da heç-heçə etmək mümkündü. Bu üzdən sərbəstlik olmalıdı, sakit oynamalısan və görünən “sülh”dən qaçmamalısan.

Kənan Həsənov
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.