Sizin reklam burada

Yunis Hüseynov: "Hər oyun üçün ayrı sxem tərtib etməyi sevmirəm"

Title
Yunis Hüseynov: "Hər oyun üçün ayrı sxem tərtib etməyi sevmirəm"

“Oyun maraqlı keçdi. Yoxlama xarakterli görüşlərdə komandanın çatışmazlıqlarını bilirik. Ayın 4-dən məşqlərə başlamışıq. Bu oyun özümüzü yoxlamaq baxımından çox yaxşı oldu. Üstün və zəif tərəflərimizi bildik. İndi isə “Sumqayıt”la oyuna kimi çatışmayan cəhətlərimiz üzərində çalışacağıq”.

Bu sözləri “Futbol+”ə açıqlamasında “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis “Neftçi”yə 4:3 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra əməkdaşımızın suallarını cavablandırıb.

Hüseynov komandasındakı çatışmazlıqlardan danışıb:

“Müdafiədə problemlərimiz var idi. Əks-hücumlara çıxanda müdafiəçilərimiz gecikirdi. Bu da qlobal problem deyil. Səhvlərimiz üzərində işləyəcəyik. İkinci hissədə iki hücumçu ilə mübarizə apardıq. Taktiki dəyişiklik effektiv oldu. Lakin bundan əlavə mərkəzi də nəzərə almalıyıq. Bu mövqedə istədiyimizə nail ola bilmədik. İki forvardla oynayanda qol vura bildik, amma orta sahədə boşluqlara yol verdik. Hər oyun üçün ayrı sxem tərtib etməyi sevmirəm. Mənim sevimli taktikam var. “Sumqayıt”la oyunda da komandanı həmin sxem əsasında meydana çıxaracam”.


Mütəxəssis heyətinə qatdıqlarını oyunçuları da dəyərləndirib:

“Yeni transferlərdən Sadio hələ tam hazır deyil. Komandaya ən gec qoşulan da odu. Fiziki cəhddən də çatdırmırdı. Amma Abanq komandaya ən tez qoşulan idi. Buna görə də formasını bərpa etmişdi. Düşünürəm ki, özünü yaxşı tərəfdən də göstərdi. Nicat da istədiyim səviyyədə hazır deyil. Düşünürəm ki, ona da vaxt lazımdı. Lakin Abanqın artıq tam hazır olduğunu deyə bilərik.
Dmitro Klotsun yoxluğunu doldurmağa çalışırıq. Bir futbolçu ilə danışıq aparırıq. İnşallah, bu gün qərar qəbul olunmalıdı. Alınsa, ictimaiyyətə məlumat verəcəyik”.


İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.