Sizin reklam burada

Samir Abasov: "10 futbolçudan 8-i Azərbaycana gəlməkdən imtina edib"

Title
Samir Abasov: "10 futbolçudan 8-i Azərbaycana gəlməkdən imtina edib"

“İlk yarı ağır keçdi. Bu da normaldı. Çünki səbəbini bilirdik. Bu qarşılaşmaya kimi ardıcıl iki gün 2 məşqimiz oldu. Bu matçı futbolçuların bir-birinə uyğunlaşması və taktiki gedişlər etmək üçün nəzərdə tutmuşduq. Nəticə bizim üçün o qədər önəmli deyildi. Yaxşı ki, qələbə qazandıq. Qələbə ən yaxşı motivasiyadı. Bəzi elementlərdə daha yaxşı ola bilərdik. Ümumiyyətlə, ilk hissədə yaxşı şanslarımız oldu, amma bəzi məqamlarda bir az narahat qaldım".

Bu sözləri "Futbol+"ə açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib. Təcrübəli mütəxəssis komandasının "Keşlə" oyununu dəyərləndirdi:

"Lakin fasilədən sonra daha yaxşı idik. İki yoxlama oyunu keçirdik. Bunları nəzərə alsaq, komanda çempionatın ikinci hissəsinə hələ tam hazır deyil. İnanıram ki, oyunlar başlayandan sonra, turlar keçdikcə yüzfaizlik nəticəyə çatacağıq. 10 günlük istirahətdən gələn futbolçuların konsentrasiyasını düzəltməlisən, taktiki gedişlər aşılamalısan. Mən də təzəyəm, öz metodalarımı futbolçulara izah etməyə çalışıram. Lakin ümumi götürsək, deyə bilərəm ki, “Səbail”lə matça yüz faiz hazır olmayacağıq".


"Flaqman"ın baş məşqçisi komandanın 2-3 futbolçu ilə danışdıqlarını bildirdi:

"Nə hücum xəttində, nə də başqa yerdə boşluğumuz var. Mən bunu dəfələrlə demişəm. Hücum xətti deyəndə bəziləri təkcə forvardı nəzərdə tutur. Bu gün hücuma hücumçunun yanındakılardan kimisə qoysaq, başqalarından daha yaxşı effekt verə bilər. Problem dinamikamızda idi. Hücumları daha yaxşı və daha tez qura bilərdik. Bunu bacarmadıq. İkinci hissənin sonlarında iki hücumçu ilə oynadıq. Belə şeyləri tez-tez görəcəyik. Jozef-Monroza xüsusi tapşırıq vermişdik ki, təhlükəli epizodlardan yan qaçsın. Çünki üç aya yaxındı futbol oynamır, zədədən qayıdıb. Futbolsuz qaldığı üçün əziyyət çəkmişdi. Bu gün Namiq də yox idi. Özümüz ona istirahət vermişdik. Azca ağrıları var idi. Namiq kimi futbolçudan da gizli forvard kimi istifadə edə bilərik. Əsas odu ki, komandamızda çoxlu hazır futbolçu olacaq. Müxtəlif mövqelərdə rotasiyalar edə bilərik. Əsas istəyimiz odu ki, heyət baxımından problem yaşamayaq. Futbolçularda xroniki və ciddi zədələr olmamasına çalışırıq. Mediada Solomon və başqaları haqda xəbərlər çıxdı. Bütün dünyada belədi. Bəzən menecerlər, bəzən jurnalistlər qəsdən bu tip informasiyalar yayırlar. Həmin futbolçularla nə təmasa keçmişik, nə də danışığımız olub. Bu gün transfer siyasətimiz hücumçu mövqeyində dayanır. 2-3 nəfər var ki, onlarla təmas qurmuşuq. Ümumiyyətlə, siyahımızda 10 futbolçu var idisə, 8-i Azərbaycana gəlməkdən imtina edib. Dediyim kimi, iki-üç nəfərlə maraqlanırıq. Bizdən asılı olmayan səbəblərdən gözləyirik”.


İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.