Sizin reklam burada

Ayxan Abbasov rəqabət yaratmağa çalışır

Title
Ayxan Abbasov rəqabət yaratmağa çalışır

“Qəbələ” ilə 1:1 bitən yoxlama matçından sonra “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov "Futbol+"in əməkdaşının suallarını cavablandırıb.

Təcrübəli mütəxəssisin müsahibəsini təqdim edirik:

- Əvvəlcə oyunla bağlı fikirlərinizi bölüşərdiz.
- Fasilə dönəmində ikinci yoxlama görüşümüz idi. Futbolçularımızın fiziki cəhətdən necə təsir bağışladığını, meydanda hərəkətliliyini görmək istəyirdik. Bilirik ki, bu həftə “yükləmələr” olub, oyunçular o qədər təravətli deyillər. Bəyəndiyim oyun epizodları da oldu, səhvləri də gördüm. Bəzi futbolçular yeni gəlib. Taktiki baxımdan önəmli həftə olacaq. İstəyərdik ki, hazırlıq üçün daha bir həftə vaxtımız olsun. Bu azdı. Amma bütün komandalar üçün vəziyyət eynidi. Bizi “Keşlə” ilə çətin çempionat oyunu gözləyir. Həmin matça hazır olmağa çalışacağıq.

- Bu gün meydanda iki yeni transferiniz də var idi. Onların çıxışından razı qaldız?
- Mehdi Şərifini tanıyırıq, bizimlə bir mövsüm keçirib. O, 6 aydı oynamır, oyun praktikasından əziyyət çəkir. Höccət Haqverdini isə bir ay idi izləyirdim. Təcrübəsi göz önündədi. Müdafiədə belə oyunçuya ehtiyacımız var idi. İnanıram ki, bizə kömək edəcək. Bütün mövqelərdə rəqabət olmasına çalışırıq. Çempionat uzun marafondu. 11-12 oyunçu ilə sona qədər getmək olmaz. İlk yarının sonlarında çox əziyyət çəkdik. Həm zədəlilərimiz çox idi, həm də xəstəliyə yoluxanlarımız. Rəqabət yaratmağa çalışırıq. Bu yalnız futbolçuların xeyrinədi.

- Qış fasiləsinə kimi əsas heyətin əsas simaları olan Rəhim Sadıxovla Elvin Bədəlov meydana sonradan çıxdılar. Onların ehtiyatda qalması nə ilə bağlıdı?
- Çalışırıq bütün mövqelərdə rəqabət olsun. Kim bu gün bizimlədisə, onların hamısına inanırıq. Hələ ki əsas heyət müəyyənləşməyib və buna görə hamının “11-liy”ə düşmək şansı var.

- Bu gün ikinci hissədə Dmitri Nağıyevi gördük. Onun oyunundan razı qaldız?
- Dmitri hələ tam hazır deyil. Moldovada çempionat ötən ilin noyabrında başa çatıb. Ondan sonra məşq etməyib. Bir həftədi bizimlədi. Hələ yenə yoxlayacağıq. Amma ümumilikdə pis təsir bağışlamadı.

- Nöbəti turda rəqibiniz olan “Keşlə” 4, “Sumqayıt” isə 5 oyundu qələbəyə həsrətdi. Bu qarşılaşma hər iki komanda üçün bir növ həlledici matç olacaq. Bu məqam komanda üzərində əlavə basqı yaradır?
- Bəli, biz də neçə oyundu qalib gələ bilmirik. Turnir cədvəlində 4-cü yeri itirə bilərik. Hər iki komanda üçün çətin oyun olacaq. Amma bu matçın nəticəsi hələ heç nəyi dəyişmir. Özünüz də bilirsiz ki, aşağı pillədə olan komandalarla aramızdakı xal fərqi də çox deyil. Bizim çempionatın sabitliyini tutmaq da çətindi. Xal qazanmağa çalışacağıq. Amma məncə, mübarizə çempionatın sonuna qədər gedəcək.

- Mətbuatda yayılan xəbərlərə görə, Almaniyadan 4 futbolçu ilə maraqlanırsız. Hətta onların adı olan siyahı belə açıqlanmışdı...
- Bəzən tanımadığım oyunçuların adlarını çəkirlər. Bəlkə də kimlərsə özlərini reklam edir. Ancaq dediyiniz futbolçuların heç birinə baxmamışıq. Heç maraq dairəmizdə olmayıblar. Bu gün Dima bizimlədi. Cinaha oyunçu götürmək istəyirik. Ola bilər, gələcəkdə bu mövqeyə hansısa oyunçunu dəvət edək.

- O da yazılıb ki, həmin futbolçular akademiyanızın rəhbəri Hakan Sünalın vasitəsilə sizə təklif olunub...
- Bu günə kimi Hakan Sünalla hansısa oyunçu barədə söhbət etməmişəm. Mən onu burda akademiyanın rəhbəri kimi tanımışam. Ümumiyyətlə, bizdə klub rəhbərliyi istədiyim mövqeyə futbolçu tapır və mənə təklif edir. CV-yə baxıram, onların iştirakı ilə keçirilən matçları izləyib sonra qərarımı veririrəm. Təbii ki, futbolçunu bir-iki oyunla seçmirik. Mövsüm ərzində meydana çıxdığı bütün qarşılaşmaları izlədikdən sonra fikrimizi ortaya qoyuruq. Hakan mənə heç vaxt oyunçu təklif etməyib.

- Kərəm Sultanovun məsələsi açıq qalır, yoxsa artıq onunla vidalaşmaq qərarı vermisiz?
- Böyük ehtimalla həm Kərəm, həm də Adəm Həmati ilə vidalaşacağıq. Özlərinə də bu haqda demişik. Düzdü, Adəm bu sistemdə oynamamışdı və ona görə çətinlik çəkirdi. Müyyən oyunlarda Kərəmin də xidmətindən yararlandıq. Ancaq onları komandada görmürük. Vaxtında xəbərdar edəcəyik ki, özlərinə yeni klub tapsınlar.

- Bu gün akademiyanın yetirməsi olan bir neçə oyunçunu da gördük. Onların premyer-liqa matçlarında oynamaq şansı var?
- Statistikaya baxanda da görmək olar ki, premyer-liqa klubları arasında ən çox gənc futbolçu bizdə oynayır.Bu gün Sənanı qeyd edə bilərəm, 16 yaşı var. Gələcəyi olan oyunçudu. Biz də ona dəstək verməliyik. Bu yöndə işlər gedir. Sabah onları premyer-liqa oyunlarında görsəz, təəccüblənməyin.

- Yığmaya gedən oyunçularınızda kluba qayıdandan sonra dəyişiklik hiss olunur? Bizim futbolçularda ani vaxtda özlərini ulduz hesab etmək kimi “xəstəlik” var.
- Olur. Ancaq buna “ulduz xəstəliyi” deməzdim. Müəyyən dəyişikliyin olduğu sezilir. Yığmadan qayıdandan sonra iki gündə özlərini çempionat oyununa hazırlamaqda problemlər oldu. Biz də bundan əziyyət çəkdik. Məhz bu səbəbdən istəyirəm ki, komandada rəqabət olsun. Yığmaya çağrılanların mövqeyində futbolçumuz olmalıdı ki, biz də nəsə fikirləşə bilək. Mən həmişə onlara “bu günlə barışmayın, indi hansısa uğuru əldə etmisizsə, onunla kifayətlənməyin, daha yuxarı çıxmağa çalışan. Bu gün barışsaz, ciddi heç nəyə nail ola bilməyəcəksiz” kimi məsələhətlər veririrəm. İnanıram ki, yığmanın qarşıdakı oyunlarında “Sumqayıt”dan yeni futbolçular düşərgəyə dəvət alacaq.

RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.