Futzal millimiz 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq. Artıq komandanın ilk oyunlarının vaxtı da müəyyənləşib. Yığma yanvarın 29-da Bakıda Slovakiyanı qəbul edəcək. Bu matçdan bir neçə gün sonra – fevralın 2-də Yunanıstan millisinin qonağı olacağıq.Oyunlara qısa müddət qalsa da, komanda ilə bağlı problemlər var. Millinin baş məşqçisi Joze Alesio da Silva karantinlə bağlı hələ ki paytaxta gələ bilməyib. Bundan başqa, sərt karantin rejimi üzündən qapalı məkanlar bağlıdı. Bu üzdən komanda zallarda məşq keçə bilmir.
Yığmanın hazırkı vəziyyəti, məşqlərin keçirilməsi ilə bağlı Alesionun köməkçisi Hacıbala Abdullazadə ilə danışdıq:
“Ötən həftədən fiziki hazırlığa başlamışıq. “ASK Arena”da, açıq havada fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında məşqlərə start verdik. Artıq bir həftədi qaçış, trenajor məşqləri və başqa fiziki mərhələləri keçirik. Planlaşdırdığımız kimi hazırlıq keçmək üçün yanvarın 18-ni gözləyirik. Bildiyiniz kimi, karantinlə bağlı zallar bağlıdı. Ayın 18-dən bu qadağanın aradan qaldırılacağına ümid edirik”.
Albullazadədən hazırlığa qatılan futbolçuların hazırkı durumunu da öyrəndik:
“Braziliyalı legionerlərimiz də yanvarın 18-dən komandaya qoşulacaqlar. Hazırda düşərgədə olan, məşqlərə qatılan yerli futbolçulardı. “Araz”, “Neftçi” və EKOL-dan futbolçular var. 15-16 nəfərlə hazırlığı davam etdiririk. İndiki vəziyyətdə hər şey ola bilər, ona görə də ehtiyatda daha çox futbolçumuz olmalıdı. Oyunçular uzun müddətdi istənilən keyfiyyətdə məşqlər edə bilmir. Çempionat yoxdu, oyunlar keçirilmir. Bu üzdən lazımi səviyyədə deyillər. Amma yavaş-yavaş özlərinə gəlirlər. Birdən-birə çox yükləmək də olmaz, tədricən məşqlərin ağırlığı artır. Yanvarın 18-dən, zalların açılandan sonra taktiki-texniki tapşırıqları yerinə yetirməyə başlayacağıq”.
Qeyd etdiyimiz kimi, Alesio komandaya qoşula bilməyib. Görəsən, onun yoxluğu məşqçilər heyətinin işini çətinləşdirib:
“Baş məşqçi də məlum vəziyyətlə əlaqədar gələ bilmir. O, lazımi tapşırıqları verir, fiziki hazırlıq üzrə məşqçimiz də onun təlimatlarını yerinə yetirir. Onun olmaması işimizə təsir göstərmir. Burda olsaydı belə, biz hazırda fiziki hazırlıq üzrə məşqçimizlə bu prosesləri edirdik. Alesionun yoxluğu hiss olunmur. Fiziki hazırlıq üzrə məşqçimiz hər şeyi edir. Biz, qalan məşqçilər də bu prosesi izləyir, lazımi qeydlər aparır, müzakirə edirik. O daha yaxşı bilir ki, bu dövrdən neçə keçmək lazımdı”.
Sonda millinin məşqçisindən seçmə mərhələ və Slovakiya ilə keçiriləcək ilk oyunla bağlı hədəfləri soruşduq:
“Pandemiya ilə bağlı, demək olar ki, bütün ölkələrdə vəziyyət pisdi. Virus bütün həyata, idmana təsir edib, xüsusilə də futzala. Amma vəziyyətimiz pis olsa belə, hədəfimiz ilk yer olmalıdı. İlk oyun Bakıda Slovakiyaya qarşıdı. Bütün oyunçuların, məşqçilərin, federasiya prezidentinin fikri 1-ci yerdi. Hər şey ola bilər, amma fikir, istək ondan ibarətdi ki, burda qələbə qazanaq. Necə ki torpaqlarımızı alaraq sevindik, müharibədən qalib ayrıldıq, indi idmanda da qalib gəlmək istəyirik”.
AYGÜL