Sizin reklam burada

Güney Azərbaycanın pisi olan Peyman Babayi

Title
Güney Azərbaycanın pisi olan Peyman Babayi

Vətən eşqi, müstəqillik əzmi! Min illərdi xalq olaraq damarlarımızda axan, qanımızda, canımızda dövr edən həyat qaynağıdı bu sevgi. Yaşatdıqca bizi yaşadan vicdan və amal meyarımızdı. Vətən durduqca biz də varıq. “Vətən hardan başlayır, harda qurtarır” sualı çox vaxt eşitdiyimiz və ya ünvanladığımız suallardan biri olub. Əlbəttə, məktəb illərindən yadda qalan suallardı bunlar. Cavabını böyüdükcə, tarixi keçmişimizlə yaxından tanış olandan sonra daha dərindən dərk etdim. Vətən dünyaya göz açdığımız doğma ocaqdan, məndən, səndən, bizdən, elə özümüzdən başlayır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla vətənini şəxsiyyətində, mənliyində yaşatmalıdı. Yaşatmalıdı ki, vətən yaşasın. Xalqımız tarix boyunca vətənin mənfəətini öz mənfəətindən, gələcəyini öz gələcəyindən üstün tutan bir anlayışa, dərin bir vətən sevgisinə sahib olub. Hər bir sevginin təməli ailədə qoyulur, həmçinin vətən sevgisinin. Şəhidlik zirvəsini ən ali, ən uca zirvələrdən hesab edən bu günün mərd oğul-qızları da elə məhz belə vətənpərvər ailələrdə böyüyürlər.

Bu duyğu elə bir hissdi ki, hər kəsdə olmur. Məsələn, Peyman Babayi adlı futbolçu bu duyğudan uzaq biridi. Hazırda Təbrizin “Maşınsazi” klubunda çıxış edən hücumçu bir müddət əvvəl “Sumqayıt”ın uğurları üçün tər töküb. Ötən mövsüm “kimyaçılar”ın heyətində özünü yaxşı tərəfdən göstərirdi. Milli komandada hücumçu çatışmazlığı olduğunu nəzərə alıb, Peymanı ölkənin əsas yığmasına layiq görürdük. Elə şəxsən mən özüm onlardan biri idim. Həm hücumçu keyfiyyətlərinin yaxşı olduğu, həm də bizdən biri olduğunu düşündüyüm üçün bu qənaətə gəlmişdim. Amma yanılmışam. Peyman azərbaycanlıların həsrət şəhəri Təbrizdə doğulsa da, türk oğlu türk olsa da, özünü bizdən hesab etmirmiş.
Hücumçunun yerlisi olan Şəms Təbrizinin belə bir kəlamı var: qapımıza yox, qəlbimizə vuran buyursun. Peyman, sadəcə, “Traktor”da özünü göstərə bilməmiş, “Maşınsazi”də gün keçirən futbolçu idi. “Sumqayıt”da ona şans verildi və komanda yoldaşlarının köməyi ilə oyununu təkmilləşdirə bildi. Ona güvən var idi, Peyman da bundan sui-istifadə etdi.

“Futbol+”dən öncə başqa media qurumunda çalışarkən hücumçudan dəfələrlə müsahibə və açıqlama almışam. Hətta bir dəfə çəkiliş üçün evinə belə dəvət edib. Məhz həmin müsahibədə Azərbaycana çox dəyər verdiyini, ölkəmizin milli komandasında oynamaq istədiyini, bu formanı geyməyin onun üçün şərəf olduğunu söyləmişdi. Həmin müddətdə futbolçu üçün sənədləşdirmə işlərinin aparıldığı ilə bağlı məlumat da əldə etmişdim.
İki-üç gün öncə hücumçu belə bir açıqlama ilə yadda qalıb:

"Karyeramı Avropada davam etdirmək istəyirdim. Amma şərtlər məni "Maşınsazi"yə qayıtmağa məcbur etdi. Çünki klubla müqaviləm var idi. Azərbaycan yığmasından iki dəfə təklif aldım, amma razılaşmadım. Çünki bütün iranlı futbolçular kimi öz yığmamıza dəvət almağı gözləyirəm. AFFA-nın təklifini qəbul etməməyimin səbəblərindən biri budu. Düzdü, hazırda İran millisində hücum xətti üçün seçim genişdi. Amma yığmaya çağrılacağıma ümid edirəm".


Mən anlamıram, 1 ildən sonra insan qəlbindəki vətən sevgisini necə dəyişə bilər? Ya da 26 yaşlı bir şəxs hələ də özü üçün vətəninin hara olduğunu müəyyənləşdirə bilməyib?

2019-cu ilin sonlarında Təbrizə səfər etmişdim. İlahi, ordakı insanlarımız necə vətən, azadlıq, Azərbaycan həsrəti ilə alışıb-yanırlar. Sözlə ifadə etmək mümkün deyil. Elə “Traktor”un oyunlarında bunu görmək çox da çətin olmaz. Bütün stadion “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Bakı, Təbriz, Ankara, biz hara, farslar hara” kimi şüarlar səsləndirirlər. Çünki təbrizlilər, Güney azərbaycanlıları özünü türk hesab edirlər, iranlı yox.
Bəzən atalar sözlərinin nə qədər hikmətli olduğunu anlayıram. “Meşə çaqqalsız olmaz”, “hər yerin yaxşısı da var, pisi də” kimi misallar ən dəyərlilərindəndi. Peyman Babayi Təbrizin, Cənubi Azərbaycanın pisidi. Çünki o, özünü azərbaycanlı yox, iranlı sayır.

Şəms Təbrizi deyir ki, dənizin suyunun şor olduğunu anlamaq, hiss etmək üçün bütövlükdə dənizi içməyə ehtiyac yoxdu, bir qurtum da kifayət edər. Peyman Babayi heç kim olan zaman Azərbaycan klubu “Sumqayıt” onu futbolçu etdi, azərbaycanlı məşqçi Ayxan Abbasovun və köməkçilərinin sayəsində potensialını daha da artırdı. Azarkeşlərin duyğularından istifadə edib, vətənpərvər çıxışlar edərək özünü sevdirdi. Sonra isə bu dəstəkdən, sevgidən istifadə edib, mövsümün sonunda “kimyaçılar”la pul söhbəti edərək komandanı pis vəziyyətdə qoydu. Qarabağda döyüşlər gedən müddətdə bir dəfə də sosial şəbəkələrdə ölkəmizə dəstək paylaşımları etmədi. Yaxşı ki, Peyman özünü azərbaycanlı yox, iranlı sayır. Çünki heç bir azərbaycanlı yuxarıda sadaladıqlarımı özünə sığışdırmaz. Hər nə olsa da, azərbaycanlı, qəlbində Azərbaycan sevgisi olan iki gündən bir vətənini dəyişməz!
Məsələ ilə bağlı AFFA-nın da mövqeyini öyrəndik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Peymana milli komandada oynamağı təklif etmədiklərini bildirdi.

İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.