Sizin reklam burada

Millimizin baş məşqçisi üzgündü

Title
Millimizin baş məşqçisi üzgündü

2020-ci ilin sonlarında UEFA Avropa zonasında keçiriləcək aşağı yaş qrupları üzrə yığmaların əsas turnirlərinin seçmə mərhələ oyunlarının bəzilərini ləvğ etmişdi. Bura 17 yaşlı oğlanlardan ibarət millilərin Avropa çempionatının təsnifat mərhələsi də daxildi.

Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün U-17-nin baş məşqçisi Miloş Velebitlə əlaqə saxladıq. Serbiyalı mütəxəssis qəzetimizə açıqlamasında seçmə mərhələnin oyunlarının təxirə salınmasının planlarına təsir etdiyini bildirdi:

“Bütün dünyada hökm sürən koronavirus pandemiyasına görə belə hadisə baş verdi. UEFA bütün seçmə mərhələ görüşlərini təxirə saldı. Əlbəttə, bizim üçün yaxşı olmadı. Çünki həm AFFA, həm də futbolçularım ötən il ərzində turnirə kifayət qədər ciddi hazırlaşmışdıq. Federasiya nümayəndələri bizə xüsusi dəstək olurdular. Onlarla yaxşı əlaqələr yaratmışıq. Bu da oyunçulara əlavə motivasiya verirdi. Yaxşı hazırlıq prosesi keçmişdik. Kifayət qədər işlər görmüşdük. Hazırda üzücü durumdayıq. Hər kəs - komanda, texniki heyət, futbolçular bir az həvəsdən düşüblər. Lakin həmişə demişəm ki, ümidsizliyə qapılmaq olmaz. Mən onlarla həmişə fəxr etmişəm. İstənilən halda koronavirus pandemiyası işlərimizə mane ola bilməz. Bu dönəmdə xüsusi tapşırıqlarla onların fərdi məşq keçmələrinə çalışıram. Lakin belə qərar verilməsi şəxsən məni üzdü. Çünki ötən ilin martından dekabra kimi çox yaxşı işlər görmüşdük. Konkret hədəfimiz oyunlara köklənmək idi. Üzücü durumdu. Çünki futbolçularım beynəlxalq turnirlərdə iştirak etmədilər. Onlar güclərini rəqiblərə qarşı oyunlarda sınaya bilmədilər. Öz işimi də dəyərləndirə bilmədim. Mənə aydın olmadı ki, komandaya faydalı olmuşam, ya yox? Futbolçularıma öyrətdiklərimin işə yarayıb-yaramadığını da bilmədim. Sərəncamımda çoxlu oyunçu var. Onların hansının gələcəyini müəyyənləşdirmək məhz beynəlxalq oyunlarda göstərdikləri performasdan asılı olur. Burdakı çıxışları ilə əsas milli komanda üçün yararlı olub-olmayacaqları müəyyənləşir. Düzdü, bir seçmə mərhələ ilə buna qərar vermək olmur. Lakin qarşılaşmalardan sonra onlara doğru yolu göstərə bilirik, inkişaf üçün nələrsə edirik. Düzdü, bu qərar bütün ölkələrə aiddi. Amma Azərbaycan futbolunun inkişafına da bir az zərbə vurdu. Çünki bu nəslin hansı potensialda olduğuna qərar verə bilmədik. Məhz təsnifat mərhəsindəki oyunlar gənclərin inkişaf yolunu və istiqamətini bəlli edir”.


Velebit komandasındakı futbolçulara güvəndiyini də qeyd etdi:

“İndiki uşaqlara çox güvənirəm. Onların arasında yetərincəə keyfiyyətli oyun sərgiləyən futbolçular var. Əsas məsələ onların komanda kimi formalaşmasıdı. Mən heç vaxt fərdi bacarığa önəm verməmişəm. Çalışmışam ki, komanda futbolu nümayiş etdirən yığma formalaşdırım. Düşünürəm ki, oyunçularım bu özəlliklərə sahibdilər. Onları inkişaf etdirib, milli komanda səviyyəsinə yüksəltmək lazımdı. Fərdi şəkildə kimlərinsə adını çəkməyə ehtiyac yoxdu. Hamısı potensiallı və layiqli gənclərdi. Öz üzərlərində çox çalışmalıdılar. Mən və başqa yığma məşqçiləri bu yöndə onlara xüsusi kömək olmalıyıq”.


İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.