Sizin reklam burada

“Bəhramov”un dəyişən rəngi: usta səhvi, yoxsa macərabazlıq?

Title
“Bəhramov”un dəyişən rəngi: usta səhvi, yoxsa macərabazlıq?

Bəzən ölkəmizdə elə hadisələr yaşanır ki, adam bilmir gülsün, yoxsa ağlasın? Əslində son günlərdə Tofiq Bəhramovun heykəlinin başına gətirilənlər çox maraqlı bir felyetona mövzu ola bilərdi. Amma bir çox başqa janrlar kimi, bu da mətbuatın menyusundan çoxdan çıxdığından elə quru nəqletmə ilə kifayətlənəcəyik.

Mərhum, dünya şöhrətli hakimin adını daşıyan stadionun inzibati binasının yanında yerləşən, Gənclər və İdman Nazirliyinə məxsus Reabilitisiya Mərkəzində təmir işləri aparan ustalar nə düşünüblərsə, heykəli rəngləməyə qərar veriblər. Yəqin bürünc rəngi bəyənməyiblər, ya da heykəlin ağ rəngdə daha gözəl görünəcəyini, qaranlıqda belə gözə çarpacağını fikirləşiblər və ...gülməli mənzərə yaranıb. Rəngləmələri azmış kimi, kişinin doğum tarixinə də əl gəzdiriblər. Yəni 1925-ci ildə dünyaya gələn referinin doğum tarixi kimi 1926 göstəriblər. “Bəhramovun rəngini dəyişməsi” xəbəri necə olubsa, onun adını daşıyan nəvəsinə çatıb və bundan sonra sosial şəbəkələrdə mərəkə qoşub. Bizim millətə də elə bu cür məzə mövzusu lazım deyilmi? Gəlin, etiraf edək ki, belə qeyri-adi olaylar üzə çıxanda fantaziyamız fontan vurur, hadisəyə yüz yöndən yanaşa bilirik.

Təbii ki, sosial şəbəkələrdəki reaksiyalar həm Gənclər və İdman Nazirliyinə, həm də AFFA-ya çatıb. Daha doğrusu, kiçik Tofiq Bəhramov AFFA-ya, AFFA da AGİN-ə müraciət edib. Söz-söhbətin böyüdüyünü görən AGİN qısa müddətdə və operativ şəkildə “Bəhramov”un əvvəlki rənginə qayıtmasını təmin edib. Bütün bu həngamənin gedişində diqqəti cəlb edən daha bir məqam var. Stadionun direktoru utanıb-çəkinmədən deyir ki, “sözün düzü, bu iş məndən xəbərsiz görülüb”. Hələ bu məsələyə görə narahatlıq keçirənlərin boynuna az qala minnət də qoyur:

“Əsas odu ki, heykəlin ətrafı baxımsız deyil, ordakı güllərə daim qulluq olunur”.


Bax, elə bu cür açıqlamanı oxuyandan sonra adam gülməklə ağlamaq arasında seçim edə bilmir. O boyda heykəli rəngləyirlər, ağappaq “Bəhramov” iki-üç gün yanından ötüb keçənləri “seyr edir”, direktorun isə xəbəri olmur. Bunun adı ya diqqətsizlikdi, ya səhlənkarlıqdı, ya da məsuliyyətsizlik. Amma hər nədisə, stadionun direktorundan xəbərsiz heykəlin rənglənməsi heç yaxşı əlamət deyil. Digər tərəfdən, onu da fikirləşirəm ki, nə yaxşı “Bəhramov”a ağ boya çəkiblər. Öz aramızdı, mərhum hakimi tanımayan, futboldan xəbərsiz ustanı rəng maraqlandırır? Qırmızı, yaşıl, sarı rəng də çəkə bilərdi. Görün onda sosial şəbəkələrdə nələr yazacaqdılar...
HUŞƏNG
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.