Sizin reklam burada

“Bakcell Arena”da futbol tamaşası

Title
“Bakcell Arena”da futbol tamaşası

Dünənki yoxlama görüşlərindən biri də “Bakcell Arena”da keçirildi. “Neftçi” “Keşlə”ni sınağa çəkdi. 7 qolun vurulduğu oyunda flaqman qalib gəldi - 4:3.

"Neftçi”: 1. Səlahət Ağayev, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 17. Bruno Teluşi, 19. Fəhmin Muradbəyli, 20. Mərt Çelik, 22. Mirabdulla Abbasov, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 91. Tallison Dias.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 4. Rener Alves, 5. Anton Krivotsyuk, 10. Saman Nərimancahan, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 37. Vüsal Əsgərov, 44. Seymur Əliyev, 56. Elton Əlibəyli, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 80. İsmayıl Zülfüqarlı.
“Keşlə”: 1. Stanislav Namaşko, 4. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 8. Tural Axundov, 14. Turan Vəlizadə, 7. Rəhman Hacıyev, 10. Sezar Meza Kolli, 23. Nicat Qurbanov, 9. Anatole Abanq, 17. Vüsal İsgəndərli.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 20. Rail Məlikov, 21. Miyuşko Boyoviç, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 25. Con Kamara, 91. Sadio Tounkara, 22. Elçin Mustafayev.

Rəşad Əhmədovun idarə etdiyi oyun saat 17.00-da start götürdü. Samir Abasov komandasını meydana ənənəvi 5-4-1 sxemi ilə çıxarmışdı. Namiq Ələsgərovla Yusuf Lavalın yoxluğu və yoldaşlıq görüşü amili “Neftçi”nin eksperimentlərinə yol açmışdı. Beləliklə, flaqman meydana cinah yarımmüdafiəçisi olmadan çıxmışdı. Dayaq yarımmüdafiəçisi mövqeyində Mamadu Kane, mərkəzdə Emin Mahmudov, pleymeyker mövqeyində isə Sabir Buqrin çıxış edirdi. Yunis Hüseynov “Keşlə”ni meydana 4-3-3 taktikası ilə çıxarmışdı. Təcrübəli mütəxəssis ənənəsini pozmayaraq, sadəcə, oyunçu dəyişikliklərinə yol vermişdi.

Oyun çox sürətli başladı. Komandalar sanki yoxlama yox, çempionat oyununda üz-üzə gəlirdi. İlk təhlükəli vəziyyəti “Keşlə” yaratdı. Sağ cinahdan hücuma qoşulan Tural Axundov Səlahət Ağayevin sayıqlığını yoxladı. 2 dəqiqə sonra isə flaqman hesabı açdı. Buqrin ağıllı hərəkətlə rəqibi geridə qoyub, Mirabdullaya ideal ötürmə etdi, hücumçu isə komanda yoldaşının əziyyətini boşa vermədi. Qoldan sonra Hüseynovun yetirmələri topa daha çox nəzarət edir, təhlükəli hücumlar qururdular. “Neftçi” isə əks-hücumlara bel bağlayırdı. Hesab açılandan sonra “Keşlə” 4 dəfə fərqlənə bilərdi. Əvvəlcə yeni transfer Nicat Qurbanov əlverişli vəziyyətdə topu qapının üstündən vurdu. 23-cü dəqiqədə Rəhman cərimə zərbəsindən hesabı bərabərləşdirməyə çalışsa da, Səlahət möhtəşəm seyv etdi. Daha sonra Meza Kollinin iki epizodda bəxti gətirmədi. Yarımmüdafiəçi 25-ci dəqiqədə qapıçı ilə təkbətək zamanı dirəyi nişan aldı. Bir qədər sonra isə təxminən 30 metrdən vurduğu zərbə tirə dəysə də, xətti keçmədi. “Neftçi”dən 35-ci dəqiqədə Buqrinin ağıllı ötürməsindən sonra Mirabdulla qapıçı ilə dueldən məğlub ayrıldı. Amma növbəti hücumda fərq artdı. Buqrinin ötürməsindən sonra Mirbadulla Namaşko ilə üzbəüz qaldı və daha yaxşı mövqedə olan Tallisonun fərqlənməsinə şərait yaratdı.

Fasilədən sonra oyun daha maraqlı keçdi. Hər iki baş məşqçi qolkiperləri dəyişdilər. “Neftçi”də Səlahəti Aqil, “Keşlə”də Namaşkonu Kamal əvəzlədi. “Qırmızılar”ın heyətində Rail Məlikov, Con Kamara və Elçin Mustafayev adlı gənc sağ cinah müdafiəçisi də meydana çıxdı. İkinci hissəyə Yunis Hüseynovun komandası daha istəkli başladı. Zədələn Rəhmanı Silvio Rodriges əvəzlədi. Bununla da “Keşlə” 4-3-3-dən 4-4-2-yə keçdi. Məhz bu dəyişiklik sözünü dedi. Abanqın istəkli oyunu “Keşlə”nin fərqi azaltmasına şərait yaratdı. Hava mübarizələrində bütün topları götürən forvardın zərbəsini Aqil qaytarsa da, özünü yetirən Nicat komandasının ilk qolunu vurdu. 2 dəqiqə sonra isə “Keşlə” hesabı bərabərləşdirdi. Hücumun təşkilində yenə Nicat və Abanq əsas pay sahibi oldu. Qurbanovun uzun ötürməsindən sonra forvard topu qarşısına atdı. Kamerunlu hücumçu boşda olan Silvioya ötürmə etdi. Braziliyalı isə şansdan yararlandı. “Neftçi” mərkəzdən oyuna başlayan kimi hesabı yenidən öz xeyrinə dəyişdi. Yenə Buqrinin ideal ötürməsindən sonra Kane reydini qolla tamamladı. Qol şousu bununla bitmədi. 3 dəqiqə sonra Tallison dublunu rəsmiləşdirdi. 70-ci dəqiqədə Nərimancahan Buqrini, Krivotsyuk Stankoviçi, Buludov Diası, Əsgərov isə Teluşini əvəzlədi. Samir Abasov 78-ci dəqiqədə daha bir dəyişiklik etdi. Kaneni əvəzləyən Jozef-Monroz uzun fasilədən sonra meydana döndü.

Oyunun sonları da maraqlı məcrada keçdi. Əvvəlcə Jozef-Monrozun ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Mirabdulla topu Kamalın başı üzərindən tora ata bilmədi. 89-cü dəqiqədə isə Rodriges başla zərbə endirsə də, Aqil hesabın bərabərləşməsinə imkan vermədi. Beləliklə, gərgin keçən paytaxt derbisində “Neftçi” “Keşlə”ni 4:3 hesabıyla məğlub etdi.

Ümumilikdə oyun çox maraqlı məcrada keçdi. “Kəpəz”lə oyundan fərqli flaqman bu görüşdə daha çox qol vəziyyəti yaratdı. “Keşlə”də isə vəziyyət fərqlidi. “Qırmızılar” Dmitri Klotsun yoxluğunu hiss edirdilər. Qəsəbə təmsilçisi dayaq yarımmüdafiəçisi tapmasa, işi çətin olacaq. Həmin mövqedə çıxış edən Turan Vəlizadənin oyunu istənilən səviyyədə alınmadı. Yeni transferlər Abanq və Qurbanov özlərini yaxşı tərəfdən göstərdilər. Kamerunlu forvard komandasının ən yaxşısı idi desək, yanılmarıq. Tounkara isə hələ tam hazır deyil. O, bu qarşılaşmada özünü yaxşı tərəfdən göstərə bilmədi. Beləliklə, hər iki komandanın premyer-liqanın ikinci hissəsi üçün tam hazır olmadığı göründü. Amma hələ vaxt var. “Neftçi” hücumçuya, “Keşlə” isə dayaq yarımmüdafiəçisinə ehtiyac duyur.

İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.