Sizin reklam burada

"Yeni hücumameyilli yarımmüdafiəçinin gəlməsini istəyirəm"

Title
"Yeni hücumameyilli yarımmüdafiəçinin gəlməsini istəyirəm"

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevdən "Sumqayıt"la 1:1 hesabı ilə başa çatan yoldaşlıq oyunu ilə bağlı fikirlərini öyrənməklə yanaşı, bizi maraqlandıran başqa suallara cavab verməsini istədik.

"Futbol+" gənc mütəxəssisin müsahibəsini təqdim edir:

- Yanvarın 5-də Qəbələdə təlim-məşq toplanışına start verdik. Komanda həm fiziki, həm də taktiki-texniki yöndə çox yaxşı toplanış keçdi. Öncə də müsahibələrimdə bildirmişəm ki, toplanış üçün Qəbələdə hər cür şərait var. Biz Antalyaya nəyə görə gedirik? Ancaq yoxlama görüşləri keçirmək üçün. İndiki vəziyyətdə Qəbələ bütün komandaları qəbul edə bilər. İnfrastruktur baxımından durum ürəkaçandı. Bu yöndə sıxıntı yaşamasaq da, yoxlama görüşləri sarıdan çətinliyimiz oldu. Fikrimcə, çempionatda fasilə çox olmadığından bir yoxlama görüşüylə də kifayətlənmək olar. Komanda inkişafdadı və bu mənim çalışdırdığımın maksimumu deyil. Daha yaxşı olacağına inanıram və turdan-tura bunu meydanda göstərəcəyik.


- Fasiləyə 5-ci pillədə yollanan“Qəbələ”nin Avropa Liqasına yollanmaq şansı var. Bunun üçün isə heyət bir qədər də güclənməlidi. Qış “transfer” pəncərəsi”ndə kollektivə yeni oyunçunun və ya oyunçuların qoşulacağını gözləmək olar?
- Ümumilikdə işimizə “mütləq avrokuboka yollanmalıyıq” prizmasından yanaşmırıq. Sadəcə, komandanı komplektləşdirib, mübarizəyədavamlı bir kollektiv görmək istəyirik. Bizi sevindirən məqam odu ki, bu gün “Qəbələ”nin özünəxas dəst-xətti var. İstənilən rəqiblə görüşdə komanda baxımlı oyun sərgiləyir. Onu da qeyd edim ki, rəhbərlikdən yeni transferlər istəmişəm. Ancaq hər addımı büdcəmizə uyğun atmalıyıq. Maliyyə vəziyyəti imkan versə, “Qəbələ”də yeni oyunçular olacaq.

- Sözünüzdən belə çıxır ki, Ceyms Adeniyini sata bilsəz, komandaya yeni oyunçu dəvət edəcəksiz...
- Adeniyinin məvacibi çox yüksəkdi. Bu səbəbdən klubda qalmaq şansı çox azdı.

- Hansı mövqelərə futbolçu istəmisiz?
- Komandaya yeni hücumameyilli yarımmüdafiəçinin gəlməsini istəyirəm.

- Satmaq istədiyiniz Adeniyini ikinci hissədə meydana buraxdız. Düşünmürsüz ki, bu qərar bir qədər riskli idi? Yolüstə olan futbolçu zədələnə də bilərdi...
- Bu gün üçün Ceyms bizim oyunçudu və burda olduğu müddətdə onun xidmətindən yararlanmağı düşünürəm.

- Bu gün meydana iki heyət buraxdız. Fasilədən sonra Tərlan Əhmədli istisna olmaqla hamını dəyişdiz. Bu nəyin göstəricisidi? Hamıya oynamaq şansı yaratmaq istədiz, yoxsa hələ əsas heyəti müəyyənləşdirə bilməmisiz?
- Əsas heyət bəllidi. Sadəcə, bu gün hər bir futbolçunun ağır toplanışdan sonra bu “yük”ü götürməsini istəyirdik. Ona görə də hamıya meydana çıxmaq şansı yaratdım.

- Qışdan sonra komandada akademiyadan çıxan yeni adlar görə biləcəyik?
- Toplanışa akademiyadan 4 gənc futbolçu cəlb etmişdik. Onlardan ikisi hazırda əsas komanda ilə məşq edir. Gələcək üçün yaxşı siqnal verən gənclərdi.

- Adlarını deyə bilərsiz?
- Ad çəkmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, kiçik yaşdan akademiyada olublar və bu gün də bizimlə bir yerdədilər.

- Düşərgədə zədəli futbolçu var?
- Şükür Allaha, zədəli oyunçumuz yoxdu. Tam heyətlə “Zirə” ilə oyuna hazırlaşırıq.

- “Zirə” ilə matçdan sonra ölkə kuboku çərçivəsində “Turan Tovuz”la qarşılaşacaqsız. Tovuzluların sürpriz edəcəyindən çəkinmirsiz?
- Açığı, indi əsasən “Zirə” ilə oyunu düşünürük. Ondan sonra səfərdə keçirəcəyimiz “Turan Tovuz”la qarşılaşmaya hazırlaşacağıq. Əlbəttə, kubokda da yola davam etmək istəyirik. Bunun üçün də maksimum səy göstərəcəyik.

- Dediklərinizdən belə başa düşmək olar ki, bu gün üçün “Qəbələ”də hər şey yaxşıdı, heç bir problem yoxdu. Komandada heç çatışmazlıq yoxdu?
- Təbii ki, hər şey mükəmməl deyil. Ancaq komanda çalışır ki, daha üst səviyyəyə çıxsın. Çatışmazlıqlar da var. Lakin indi bu haqda danışmaq istəmirəm. Nəsə desəm, rəqiblərə sirr ötürmüş olaram (gülür). Ona sevinirəm ki, futbolçular məsuliyyəti dərk edirlər və çatışmazlığı aradan qaldırmağa çalışırlar.

- Geridə qalan iki dövrədə hər dəfə son nöqtəni qoya bilməməkdən şikayətlənirdiz. Bu gün də komanda yetərincə qol şansı qazansa da, imkanlardan yararlanmadı. Deyəsən, “xəstəliyə” hələ də əlac tapa bilməmisiz...
- Hamı bilir ki, “Qəbələ” hər oyunda çoxlu qol vəziyyəti yaradır. Bu gün də belə oldu. Qol vəziyyəti yaratmaq özü də güc tələb edir. Sadəcə, son nöqtəni qoymağa ustalıq çatmır. Ümid edirəm ki, vaxt ötdükcə “xəstəliyi” müalicə edə biləcəyik.

- Büdcəsi aşağı olan klublarımız, adətən, transfer üçün postsovet ölkələrinə, Gürcüstana üz tuturlar. Sizdədə də gürcü futbolçular olub və əksəriyyəti etimadı doğruldub. Nədən Gürcüstan bazarına üz tutmursuz?
- Biz indi seçim zamanı sırf Latın Amerikası, postsovet məkanı ölkələri və ya Avropaya üz tutmamışıq. Bəyəndiyimiz futbolçular var. Onları da ölkələr üzrə yox, büdcəmizə uyğun olduğuna görə seçmişik. Keçidlər alınsa, inanıram ki, çempionata rəng qatmağı bacaracaqlar.

- Sizə elə gəlmir ki, transferlərdə gecikirsiz? Adeniyi gedənə qədər “qaraladığınız” futbolçular başqa klublarla müqavilə bağlaya bilərlər.
- Normal qarşılayacağıq. Onsuz da qış fasiləsində yaxşı oyunçu tapmaq çətindi. Ancaq bu istiqamətdə işləri davam etdiririk.

- Mövsümün sonunda sizi hansı nəticə qane edəcək?
- Mənim üçün vacib olan komandanın nümayiş etdirdiyi oyundu. İstəyirəm çalışdırdığım komandanın öz oyun dəst-xətti olsun, meydanda nə etmək istədiyini bilsin. Və ən əsası, hücum futbolu sərgiləsin. Bu gün də “Qəbələ” məhz belə oynayır. Dediklərimi və istədiklərimi meydanda göstərə bilsək, nəticə də olacaq.

RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.