“Mançester Yunayted” heyətinə yeni futbolçu cəlb edib. İngiltərə klubu “Atalanta”dan Amad Dyallonu alıb."Futbol+" xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti 2025-ci ilin yayınadək razılaşdırılıb. Diallo bu mövsüm “Atalanta”nın heyətində 2 oyun keçirib. Onun transferinin detalları hələlik açıqlanmayıb.
Timoti Fosu-Mensa isə MY-ni tərk edib. Gənc müdafiəçini “Bayer-04” transfer edib. Leverkuzen klubunun saytında bu transferin 1,7 milyon avroya başa gəldiyi yazılıb. 23 yaşlı oyunçu ilə 3,5 illik müqavilə imzalandığı da bildirilib. Bu mövsüm premyer-liqada yalnız bir matçda meydana çıxan Timotinin mankunianların formasında ümumilikdə 30 oyun keçirdiyini və bir məhsuldar ötürmə verdiyini xatırladaq.
Ümumiyyətlə, son vaxtlar komandanı tərk edəcək oyunçularla bağlı xəbərlər çoxluq təşkil edir. Rəhbərlik qapıçı Serxio Romero və müdafiəçi Markos Roxo ilə müddəti bu yay başa çatacaq müqaviləni yeniləməyəcək. Bu barədə baş məşqçi Ole Qunnar Sulşer məlumat verib. Norveçli mütəxəssis sözügedən oyunçular üçün yeni komanda axtardıqlarını bildirib. Qeyd edək ki, Roxo İngiltərə nəhəngində 2014-cü, Romero isə 2015-ci ildən çıxış edir. Argentinalı futbolçular bu mövsüm ölkə çempionatının bir oyununda belə görünməyiblər.
Əlbəttə, çoxlarını Pol Poqbanın taleyi düşündürür. Artıq iki ildi ki, fransız futbolçununn MY-də qalmayacağı haqda xəbərlər səngimir. Artıq klub dünya çempionu olan futbolçusuna qiymət qoyub. İspaniyada çıxan “Mundo Deportivo” qəzetinə inansaq, fransalı yarımmüdafiəçinin başlanğıc satış qiyməti 75 milyon avrodu. Məlumatda o da bildirilib ki, 27 yaşlı oyunçu ilə “Real” və PSJ maraqlanır. Populyar idman nəşri rəhbərliyin Polu bu yay satmaq və ona 2016-cı ildə ödədikləri 105 milyon avronun bir qismini geri qaytarmaq istədiyini yazıb. Poqba bu mövsüm İngiltərə çempionatında 14 oyuna 2 qol vurub.