Sizin reklam burada

"Ötən ilin martından zallara həsrət qalmışıq"

Title
"Ötən ilin martından zallara həsrət qalmışıq"

Joze Alseionun rəhbərlik etdiyi futzal yığması yanvarın 29-da Bakıda 2021-ci ildə ilk rəsmi matçını keçirəcək.

"Futbol+" xəbər verir ki, milli AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Slovakiyanı qonaq edəcək. İlk rəsmi görüşə iki həftədən bir qədər artıq vaxt qalmasına baxmayaraq, futzalçılar zala həsrət qalıblar. Pandemiya səbəbindən qapalı məkanlarda idman yarışlarının keçirlməsinə icazə verilmədiyindən yığma üzvləri seçmə mərhələ oyunlarına istənilən şəkildə hazırlaşa bilmirlər. Bu azmış kimi, yığmanın çalışdırıcısı da hələ Bakıya gəlib çıxmayıb. Bayram tətili üçün vətəni Braziliyaya yollanan mütəxəssisin Azərbaycana dönüşü gecikir.

Bəs görəsən, yığma üzvləri qarşıdakı oyunlar barədə nə düşünürlər, belə hazırlıqla Slovakiya və Yunanıstan üzərində qalib qələbə qazanacaqlarına inanırlarmı? Bu suallara cavab tapmaq üçün millinin aparıcı üzvlərinin fikirlərini öyrəndik.

İlk həmsöhbətimiz İsa Atayev oldu. Atayev çətin olacağını, ancaq sonda uğur qazanacaqlarına inandığını bildirdi. Futzalçı baş məşqçinin bostanına “daş atmağı” da unutmadı:

“Təbii ki, zalda məşq etməyimiz və ya hazırlığa gec başlamağımız komanda oyununa təsir edəcək. Artıq bir ilə yaxındı bu yöndə əziyyət çəkirik. Açıq havada fiziki hazırlıq keçirik, ancaq oyun təcrübəsinin olmaması, parketə çıxmamağımız heç də yaxş hal deyil. “Araz”la Çempionlar Liqasında bunun acısını yaşadıq. Kağız üzərində AEK-lə matçın favoriti biz idik. Lakin sonda hər şey istədiyimiz kimi alınmadı. Bu gün istənilən formada məşq etməyən komanda nəyəsə nail ola bilməz. Yenə də yaxşı olacağına, tezliklə qapalı məkanda məşqimizə icazə veriləcəyinə ümid edək. Baş məşqçinin hələ də Brazilyadan gəlib çıxmamasına gəlincə, Alesio xəstələnmişdi. Bu səbəbdən gecikir. Fikrimcə, o Braziliyaya getməməliydi. Yaya 5-6 ay qalıb. Bu qədər dözüb burda oturmuşdusa, bir az da səbirli olmalıydı. Təxminən 2 həftədən sonra ilk oyuna çıxmalıyıq. Ona qədər çalışmalıyıq ki, çatışmazlıqları aradan qaldıraq. Buna nə dərəcədə nail olacağımızı isə zaman göstərəcək”.


Yığmanın kapitanı Rizvan Fərzəliyev isə bunları söylədi:

“Hazırda ancaq fiziki hazırlıq keçirik. Baş məşqçi vətəninə yollanmamış tapşırıq verib ki, ən azı 10 fiziki hazırlıq olsun. Köməkçisi Əli müəllimin rəhbərliyi altında məşq edirik. Zalla bağlı problem isə hələ də davam edir. Demək olar ki, ötən ilin martından bəri zala həsrət qalmışıq. Çox çətin vəziyyətdi. Yəqin ki, qısa zamanda bu məsələyə bir əncam çəkilər. Deyilənlərə inansaq, yanvarın 18-dən sonra müəyyən yumşalmalar olacaq ki, bizim zal məsələsi də onda həllini tapacaq. Belə olan halda ən azı oyuna bir həftə, 10 gün qalmış parketə çıxa bilərik. Hələ ki bu da real deyil. Əlimizdən nə gəlir? Gözləyək, görək bizi nə vaxt sevindirirlər? Yığmada oynayan “milliləşdirilən” legionerlərə gəlincə, kimlərin ki çıxış etdiyi çempionat davam edir, onların durumu bizdən qat-qat yaxşıdı. Tyaqo, Vilela hazırda daimi oyun təcrübəsinə malikdi. Qarşıdakı görüşlərdə, demək olar ki, bütün yük onların üzərinə düşəcək. Biz isə bacardığımız qədər onlara yardım etməyə çalışacağıq. Az qala birillik fasilədən sonra zala, parketə öyrəşmək çətin olsa da, əlimizdən gələni edəcəyik ki, yığma ilk iki görüşdə maksimum nəticə qazansın. İlk oyunun Bakıda olması bizə müəyyən üstünlük qazandırır... Komandanın baş məşqçisiz hazırlığa başlaması yaxşı hal deyil. Ancaq Alesionu da başa düşmək lazımdı. İki il idi yaxınlarını görmürdü, vətəninə getmirdi. Bu üzdən onun qısa müddətə olsa da, Braziliyaya yollanması başadüşüləndi. Azərbaycanda olanda Alesionun da testi pozitiv çıxmışdı. Müalicə olunub vətəninə yollandı. Yenidən Bakıya dönmək üçün test verdikdə nəticə ikinci dəfə müsbət çıxıb. Buna görə ən azı orda 14 gün karantində olmalıdı. Alesionun dönüşü yanvarın 22-23-nə planlaşdırılır”.


Tofiq Mikayılov da zalda məşq etmədən rəsmi oyuna çıxmağın çətinliyini vurğuladı:

“Ötən ilin martından zallara həsrət qalmışıq. Etiraf edək ki, heç də az müddət deyil. Adam bir ay bir işdən uzaq düşəndən sonra yenidən dönməyə çalışanda belə əziyyət çəkir. İndi biz də bir ilə yaxındı parketə çıxmırıq. Süni meydan heç bir halda parketi əvəz edə bilməz. Hazırda komanda fiziki hazıqlıq keçir. Söz veriblər ki, gələn həftənin birinci günündən bizi zala buraxacaqlar. Əslində yığmaya müəyyən güzəşt olmalıdı. Ən azı o nəzərə alınmalıdı ki, bu komanda ölkəni təmsil edir, qazanılacaq uğurlu nəticə Azərbaycan idmanının adına yazılır. Baş məşqçinin nə vaxt geri dönəcəyindən xəbərsizəm. Rəqiblərə gəlincə, yəqin ki, gələn həftədən yığmanın məşqçiləri bizə onlar barədə məlumat verəcəklər. Özüm, sadəcə, internet resurslarından Slovakiya və Yunanıstan haqda məlumat toplamağa çalışmışam. Hər ikisi yaxşı komandadı. Slovakiyanı xüsusi qeyd edərdim. Səviyyəli futzalçılardan qurulan komanda təsiri bağışlayır”.


RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.