Sizin reklam burada

Futzal yığması Operativ Qərargahdan cavab gözləyir

Title
Futzal yığması Operativ Qərargahdan cavab gözləyir

Futzal üzrə milli komandamız AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində yanvarın 29-da qrupda ilk oyununu keçirlməlidi.

"Futbol+" xəbər verir ki, Joze Alesionun çalışdırdığı komanda Slovakiya ilə üz-üzə gələcək. Bundan 3 gün sonra, daha dəqiq desək, fevralın 2-də yığma Yunanıstan qarşısında imtahan verəcək. Seçmə mərhələ oyunlarına sayılı günlər qalmasına baxmayaraq, yığma üzvləri hələ də parketə həsrət qalıblar. Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovdan aldığımız bilgiyə görə, durumla bağlı Operativ Qərargaha müraciət olunsa da, hələ ki qarşı tərəfdən reaksiya yoxdu:

“Yığmanın oyunları ilə bağlı AFFA Gənclər və İdman Nazirliyinə, onlar isə Operativ Qərargaha müraciət edib ki, rəsmi oyunları nəzərə alıb millinin qapalı məkanda məşq etməsinə şərait yaradılsın. Ancaq bu günə kimi qərargah müraciətə cavab verməyib. Ümid edirik ki, bu məsələ yaxın günlərdə həllini tapacaq”.


Bir ilə yaxındı ki, ölkədəki mövcud şəraitlə əlaqədar futzalçıların zallarda məşq etməsinə qadağa qoyulub. Düzdü, futzalçılar müxtəlif məkanlarda, kiçikölçülü meydanlarda açıq havada məşq edirlər. Ancaq heç kimə sirr deyil ki, süni örtüklə parket fərqlidi. Məhz bu səbəbdən ötən ilin noyabrında “Araz” Çempionlar Liqası çərçivəsində Yunanıstan təmsilçisi AEK-ə məğlub olaraq mübarizəni erkən dayandırmaq məcburiyyətində qaldı. Həmin oyundan sonra qəzetimizə açıqlama verən “Araz”ın oyunçuları qarşılaşmaya istənilən səviyyədə hazırlaşa bilmədiklərindən yunanlara uduzduqlarını vurğulamışdılar. Bu gedişlə millini də seçmə mərhələdə Naxçıvan təmsilçisinin aqibəti gözləyir.

Milli komandanın üzləşdiyi durumla bağlı baş məşqçi, hazırda Braziliyada olan Joze Alesio da Silva ilə söhbətləşdik.

- 15 gündən sonra yığma bu il ilk rəsmi oyuna çıxacaq. Ancaq siz hələ Bakıya dönməmisiz. Komanda baş məşqçisiz Slovakiya ilə qarşılaşmaya hazır ola biləcək?
- Bəli, Braziliyadayam, ancaq bura gəlməmiş yığmaya hazırlıq üçün müəyyən plan tərtib edib vermişəm ki, komanda məhz həmin proqram üzrə çalışır. Bakıya dönə bilməməyim isə məndən asılı səbəb deyil. Bilet problemi ilə üzləşmişəm və böyük ehtimalla bir neçə günə Azərbaycana qayıda biləcəm. Braziliyadan İstanbula uçmalıyam. Ora getmək üçün burda koronavirus testindən keçməliyəm. Həmin test də cəmi 48 saat qüvvədədi. Bu üzdən İstanbula çatanda məcburən yenidən test verməliyəm ki, Bakıya dönmək üçün təyyarəyə minim. Yola minimum 3 günüm gedəcək. Məncə, indiki vəziyyətdə ən böyük problem mənim Bakıda olmamağım yox, zalların bağlı qalmasıdı. Plan üzrə komanda artıq zalda toplu məşqlərə başlamalı, taktiki-texniki yöndə hazırlıq keçməliydi. Təəssüf ki, hələ bu yöndə heç bir irliləyiş yoxdu. Bu səbəbdən komanda üzvləri məcburiyyətdən hələ də fiziki hazırlıq keçir. Fiziki hazırlıq da yüksək səviyyədə olmalıdı. Demək olar ki, komanda iki aydı bir yerdə məşq etmir, futzalçıların fiziki durumu istənilən səviyyədə deyil. Sonuncu dəfə “Araz”ın Çempionlar Liqası çərçivəsində keçirdiyi oyun ərəfəsində bir araya gəlmişdilər. Ancaq yenə deyirəm, biz indidən artıq toplu çalışmalara başlamalıydıq. Federasiya prezidenti Zaur Axundovla söhbətdə mənə bildirdi ki, AFFA-nın icraçı vitse-prezidenti məsələ ilə bağlı lazımi yerlərə müraciət edib. Yanvarın 18-dən zalda məşq etməyimizə icazə verilsə, çətin olsa da, komandanı lazımi səviyyəyə qaldırmaq olar.

- Yığmanın şərəfini qoruyan legionerlərin durumu necədi? Heç olmasa, onlara güvənmək olar, yoxsa “milliləşdirilənlər” də yerli futzalçılar kimi zala həsrət qalıblar?
- Yığmada çıxış edən braziliyalılarla tez-tez əlaqə saxlayıram. Onlar komandanın düşərgəsinə qoşulacaqlar. Ancaq braziliyalıların da Bakıya gəlməsi yönündə müəyyən problemlər ortaya çıxıb. Biz qısa vaxtda iki oyun keçirməliyik. Yaxşı olardı ki, ölkə kənarında çıxış edən futzalçılarımız komanda ilə birgə daha çox məşqə çıxaydılar. Ancaq bəlli səbəblərdən onlar düşərgəyə Slovakiya ilə oyundan bir gün öncə qoşulacaqlar. Sevindirici xəbərlər də var. Tyaqo bir müddət klubsuz qalsa da, bir həftədi Bosniya və Hersoqvina klubu ilə anlaşıb və məşqlərdə iştirak edir. Qalo, Edu və Rafael isə İspaniya və Belçikada çıxış edirlər və mənə dediklərinə görə, yaxşı formadadılar. Məni üzən Fineonun zədəli olmasıdı. Bilirsiz ki, o da əsas oyunçularımızdan biridi. Çox istərdim Fineo Slovakiya və Yunanıstana qarşı matçlarda komandaya kömək etsin. Hələ bilinmir, həmin vaxta kimi zədəsini sağaldacaq, ya yox.

- Burda koronavirus testiniz pozitiv çıxandan sonra Bakıda müalicə alıb Braziliyaya yollandız. Bizdə olan məlumata görə, geri qayıtmaq istəyərkən orda verdiyiniz testin də cavabı müsbət çıxıb və bu üzdən 14 gün karantində qalmalısız...
- Bu suala daha əvvəl cavab verdim. Sizə bildirdim ki, həftəiçi Bakıya dönəcəm.

- Rəqiblər haqda məlumat toplamısız?
- Hər iki komanda haqda müyyən bilgi əldə etmişəm. Slovakiya bizə tanış rəqibdi və onlar barədə daha çox məlumata sahibik. Ola bilsin, heyətdə yeni simalar olsun. Ancaq bu, komandanın ümumi oyun planına o qədər də təsir göstərməyəcək. Slovaklarla ilk görüşdən maksimum nəticə ilə ayrılmağı düşünürük. Onları məyus yola salsaq, düşərgədə əhval-ruhiyədə yüksək olacaq. Bu isə psixoloji cəhətdən ikinci görüşdə bizə kömək edəcək. Mən yenə futzalçılarımıza güvənirəm. Hər nə qədər çətin olsa da, seçmə mərhələyə uğurla start verəcəyimizə ümid edirəm.

RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.