Sizin reklam burada

Əsgər Xəkiyev Qurban Qurbanovla görüşündən danışdı

Title
Əsgər Xəkiyev Qurban Qurbanovla görüşündən danışdı

“10 ildən çoxdu “Qarabağ”a azarkeşlik edirəm. Hərbi xidmətə yollanmamış komandanın bütün oyunlarını izləyirdim. Həm çempionat, həm də avrokubok matçlarını qaçırmırdım. Fanklub üzvü olmamışam. Kluba qarşı qəlbimdə sevgim olub. Qarabağ döyüşləri vaxtı hər kəs nəsə istəyirdi. Biz üç dost da “Qarabağ” azarkeşi idik. Düşündük ki, belə bir müraciət edək. Bəlkə klub bizi sevindirər".

Bu sözləri "Futbol+"ə açıqlamasında əsgər Elməddin Xəkiyev deyib. "Qarabağ"a azarkeşlik edən ərənimiz Vətən müharibəsi vaxtı arzularını həyata keçirmələrindən də danışdı:

"Videonu “instaqram”a yüklədik. Yaxşı mənada effektli oldu. Bunu “Qarabağ”a olan sevgimizdən etmişdik. Başqa niyyətimiz yox idi. “Qarabağ” rəhbərliyi də sağ olsun, bizi axtarıb tapdılar. Asif Əsgərov “instaqram”da mənə yazdı, əlaqə nömrəmi istədi. Bildirdi ki, bizi hərbi xidməti bitirdikdən, sağ-salamat qayıtdıqdan sonra klubun bazasında gözləyirlər. Həmin an çox sevindim. Şükürlər olsun, istəyim alındı”.


Xəkiyev klubun bazasında baş tutan görüş barədə ətraflı məlumat verdi:

“Həyəcanımı necə ifadə edəcəyimi bilmirəm. İlk dəfə klubun bazasında olurdum. Oyunlarını stadiondan çox izləmişdim, amma məşq etdiyi yerləri görməmişdim. Bu, mənim arzum idi. Hədsiz dərəcədə sevinirdim. Bizimlə Qurban Qurbanov və Asif Əsgərov görüşdü. Mənim üçün dəyərli olan forma hədiyyə etdilər. Sonra bir müddət söhbətləşdik. Qarabağ döyüşlərindən, orda başverənlərdən danışdıq. Çox xoş söhbət oldu. Biz stadiona gedəndə komandanın məşqi bitmişdi. Futbolçuların, demək olar ki, hamısı getmişdilər. Əslində futbolçuları da görmək çox xoş olardı. Görüş bitdi və bazanı tərk edəndə Qara Qarayevi gördük. Onunla da şəkil çəkdirdik. Həqiqətən çox xoş təsadüf oldu. Qara Qarayev çox sevdiyim futbolçulardan biridi. Onunla görüşmək həmin günə qismət imiş. Ümumilikdə çox möhtəşəm gün oldu”.


Elməddin bəy kluba təşəkkür etməyi də unutmadı:

“Müharibə müddətində çox əziyyət çəkdik. Şükürlər olsun ki, qələbə qazandıq. Bütün əsgərlərimizin bir istəyi var idi ki, torpaqlarımızı işğalçılardan təmizləyək. Çox şükür, buna nail olduq. Düzdü, əziyyət çəkdik, amma canımız da vətənə fəda olsun. Bunun qarşılığında “Qarabağ” klubundan bir rica etdik. Klub rəhbərliyi sağ olsun ki, istəyimizi dəyərləndirdi. Əsgər olmağımıza baxmayaraq, uşaq kimi sevinirdim. Qurban Qurbanovla görüşmək, klubun bazasında olmaq, çempionluqlara görə qazanılan kubokları görmək çox xoş idi. Bu hisslər əvəzolunmazdı. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. “Qarabağ” çox sağ olsun ki, vətən uğrunda döyüşən şəxsləri sevindirdi. Bizi xüsusi olaraq öz yanlarına dəvət etdilər. Döyüşlərdə çıxış edən bir şəxs kimi kluba xüsusi təşəkkürümü bildirirəm”.


İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.