Sizin reklam burada

“Tovuzlu azarkeşlərin də “Qəbələ” ilə kubok oyunundan gözləntiləri böyükdü”

Title
“Tovuzlu azarkeşlərin də “Qəbələ” ilə kubok oyunundan gözləntiləri böyükdü”

Birinci divizionun ötənilki çempionu, cari mövsümə də yaxşı başlayan “Turan Tovuz” doğma rayonda təlim-məşq toplanışını davam etdirir.

Aşağı dəstənin “qış çempionu” ötən ildən fərqli bu il ölkə kuboku uğrunda mübarizəyə də qoşulacaq ki, bu üzdən İlham Yadullayevin çalışdırdığı komanda məşqlərə daha ciddi yanaşır. Ən yaxşısı İlham bəyi dinləyək:

“Toplanışa daha tez, dəqiq desəm, yanvarın 5-də başlamağı planlaşdırmışdıq. Ancaq həmin tarixdə baza hazır olmadığından məşqlərə 11-də start vermək məcburiyyətində qaldıq. Bəribaşdan vurğulayım ki, belə bazaya görə bir həftə güc başlamağa dəyərdi. Əvvəllər komanda üzvləri başqa-başqa evlərdə kirayə qalırdılar. İndi isə öz bazamız var ki, burda da hər şey yüksək səviyyədədi. Bütün komanda bir yerdə qalır, stadion da biraddımlıqdadı. Yüksək şərait olan yerdə toplanış keçmək asandı. İlk 3 gündə komanda bir dəfə məşq etdi. Sabahdan (bu gündən) isə gündə iki məşqimiz olacaq. İnanıram ki, toplanışı zədəsiz və itkisiz başa vurmağı bacaracağıq”.


Ötən sayların birində qeyd etdiyimiz kimi, tovuzlular 2020-ci ildə yenilgi acısı dadmayıb. Onlar 2020/21 mövsümündə də uğurlu seriyanı davam etdirərək, fasiləyə ilk pillədə yollanıb. Şübhəsiz, komandanın uğurlu çıxışında yayda həyata keçirilən seleksiyanın xüsusi rolu olub. İlham bəy və köməkçilərinın “Turan Tovuz”a dəvət etdiyi futbolçular etimadı artıqlamasıyla doğruldublar. Ancaq yüksək həflər uğrunda mübarizə aparmaq üçün “boşalmaq” olmaz. Əks halda rəqiblər bundan yararlanaraq, hakimiyyəti ələ keçirə bilərlər. Bəs görəsən, Tovuz təmsilçisinin rəhbərliyi fasilə dönəmində heyəti gücləndirmək istəyir, yoxsa “qalib heyəti dəyişməzlər” prinsipinə əsaslanaraq çempionatın qalan bölümündə də eyni oyunçulara güvənmək niyyətindədi? Yadullayev köklü islahlatların aparılmayacağını bildirməklə yanaşı, bir neçə futbolçu ilə anlaşacaqlarını söylədi:

“Açığı, fasilədə komandada çoxlu dəyişiklik etmək fikrimiz yoxdu. Futbolçular bir-birinə öyrəşib, oyun fəlsəfəmizi mənimsəyiblər. İndiki məqamda ciddi dəyişiklər etmək bir qədər riskli olardı. Ancaq bəzi mövqeləri gücləndirmək istəyirik. Əsas problem qapı ilə bağlıdı. Mövsümün geridə qalan hissəsində “bir nömrə” olan Əmrah Zülfüqarlı komandadan ayrılmağa qərar verdi. Əmrah 2000-ci il doğumlu olduğundan həm də limitə düşürdü. Onun gedişi bizi bir qədər çətinə salıb. Məndə olan məlumata görə, ailəsində problem olduğundan, ümumiyyətlə, karyerasını başa vurub. Onun əvəzinə “Qəbələ” və “Səbail”dən qapıçı dəvət etmişik. Hazırda onlar baxışdadılar. Yəqin ki, yaxın günlərdə hər ikisi ilə bağlı son qərarımızı verəcəyik. Bir də “Sabah”dan Abbas Abaszadəni rənglərimizə bağlamışıq. Abbasın komandaya kömək edəcəyini düşünürəm. Bakı klubunun əsas heyəti ilə məşqlərə çıxması onun perspektivli və potensiallı gənc olduğunu göstərir. Onu da qeyd edim ki, Abbaszadə ilə daimi əsasda müqavilə bağlanıb. Transferlərimiz böyük ehtimalla bununla yekunlaşacaq”.


Yuxarıda qeyd etdiyimiz kimi, “Turan Tovuz” birillik fasilədən sonra yenidən ölkə kuboku uğrunda mübarizəyə qoşulacaq. Tovuzlular yanvarın 25-də “doğma divarlar” arasında ölkə kubokunun son qalibi “Qəbələ”ni qonaq edəcək. Baş məşqçinin dediyinə görə, istər rayon camaatı, istərsə də futbolçular həmin qarşılaşmanı böyük həyəcanla gözləyirlər:

“Püşkatmadan öncə futbolçular öz aralarında danışanda kubok qarşılaşmasında elita klubu ilə üzləşməyi arzulayırdılar. Püşk onları istəyinə çatdırdı (gülür). Kubokun son qalibi “Qəbələ” ilə üz-üzə gələcəyik. Komanda ötən ilin sonunda yaxşı formada idi. Matç əvvəlcədən planlaşdırldığı kimi dekabrın 24-də keçirilsəydi, daha yaxşı olardı. İndi fasilədən sonra optimal formanı yığmaq bir qədər çətindi. Buna baxmayaraq, inanıram ki, “Qəbələ” ilə qarşılaşmada uğurlu nəticə qazana biləcəyik. Komandada istək çox yüksəkdi. İstək və əamkarlıq olan yerdə uğura ümid etmək mümkündü. Tovuzlu azarkeşlərin də həmin oyundan gözləntiləri böyükdü. Heyif ki, pandemiya səbəbindən matç boş tribunalar qarşısında keçiriləcək. Əks halda Tovuz stadionunda anşlaq yaşanardı. “Qəbələ” ilə oyuna qədər isə bir yoxlama matçı keçirməyi düşünürük. Yanvarın 17-də Tovuzda “Kəpəz”lə qarşılaşacağıq”


RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.