Sizin reklam burada

Dünyanın gözü Azərbaycanın keçirəcəyi yarışda olacaq

Müəllif: football Tarix: 14-01-2021, 15:00 226 Baxış
Dünyanın gözü Azərbaycanın keçirəcəyi yarışda olacaq

Ötən il böyük marağa səbəb olan E-milli liqanın yeni mövsümünün başlamasına qısa müddət qalıb.

AFFA-nın bayrağı altında keçirilən yarış artıq 2 liqadan ibarət olacaq: E-milli PRO və E-milli Open. Birinci turnirdə ötən çempionatda yaxşı nəticə göstərən 15 komanda mübarizə aparacaq. Artıq bunların adları da bəllidi: “Qarabağ”, “Ajaxbaku”, “Neftçi”, “Energetik”, “Sumqayıt”, “Səbail”, “Keşlə”, “Sabah”, “MİL”, “Qəbələ”, “Şamaxı”, “Kəpəz”, “MR.FİX”, “CBC Sport” və “Qardaşlar”. Yarış liqa formatında – dairəvi sistemlə keçiriləcək ki, mübarizəyə yanvarın 25-də start veriləcək. Liqa üçün püşkatma keçirilməsə də, ilk turda qarşılaşmalı olan cütlər bəllidi:

“Sumqayıt” - “Səbail”
“CBC Sport” - “Keşlə”
“Sabah” - “MİL”
“Qarabağ” - “Energetik”
“Ajaxbaku” - “Qəbələ”
“Qardaşlar” - “MR. FİX”
“Şamaxı” - “Neftçi”

İkinci turnir isə yanvarın 26-da start götürəcək. Burda iştirak etmək hüququ hər kəsə şamildi. İstənilən şəxs və ya şəxslər e-klub yaradaraq çempionata qatıla bilər. İştirakçı komandaların sayı hələ açıqlanmayıb.

Beləliklə, 3 ay müddətində bizi bir-birindən maraqlı kiberidman oyunları gözləyir. E-milli liqadakı ümumi mənzərəni, marağı öyrənmək üçün turnirin layihə rəhbəri Fuad Həşimzadə ilə əlaqə saxladıq:

“İlk turnirdən sonra bu sahəyə maraq artdı. Həm E-milli liqanın özünə, həm də AFFA-ya çoxlu müraciət oldu. Media bu yarışı daim nəzarətdə saxladı. Sosial şəbəkələrdə monitorinq etdik və nəticə müsbət oldu. Bunun nəticəsində qərara aldıq ki, bu il 2 liqa keçirək. Çempionatlar paralel şəkildə həyata keçəcək və divizonlaşdırılacaq. Əsas liqa E-milli PRO, ikinci isə OPEN adlanacaq. Birinci çempionat həmişə və sadəcə, Azərbaycan klublarının çıxış edəcəyi liqa olacaq. Burda rəsmi klub kimi fəaliyyət göstərənlərin kiber komandaları mübarizə aparacaq. Bu, əsas lisenziya şərtlərindəndi. Burda premyer-liqada, 1-ci divizionda, Region Liqasında, futzal çempionatında, çimərlik futbolu liqasında iştirak edən klublar iştirak edə biləcəklər. Əlavə olaraq, AFFA-dan klub kimi fəaliyyət göstərmək üçün lisenziya alan bir neçə həvəskar komanda var ki, onlar da bu hüquqa malik ola biləcəklər. Bu artıq peşəkarlığın göstəricisidi. Çünki burda iştirak edən oyunçular ötən mövsümdən başlayaraq turnirə qatılıblar. Onların rəsmi müqavilələri təqdim olunacaq və bunun əsasında həm klubların, həm də oyunçuların öhdəlikləri olacaq. E-milli OPEN isə daha çox qlobal məhsuldu. Bu, Azərbaycan layihəsidi. Bu çempionata Avropanın top-liqalarının klublarının marağı var. Belə turnirlərin ikinci mövsümünə keçdiyimizi nəzərə alsaq, sevindirici haldı. Burda coğrafi limit qoymamışıq. Biz qeydiyyatı elan etdik və bir çox xarici ölkələrdən müraciət oldu. Onların arasında məşhur şəxslər də var. Məsələn, “Arsenal”ın üzvü bu turnirdə iştirak edəcək. “Roma”nın kiberidman komandasının kapitanı oynayacaq. “Zenit”in, “Qalatasaray”ın, “Atalanta”nın rəsmi oyunçuları müraciət ediblər. İsrail millisinin üzvü də turnirdə çıxış edəcək. Bu şəxslər hamısı bir komandanı təmsil etməyəcəklər. Öz dostları ilə birgə komanda qurublar və yarışda mübarizə aparacaqlar. Bu da ədalətin pozulmaması ilə nəticələnəcək. Bu layihə azərbaycanlı gənclərin dünyada tanınması deməkdi. Təsəvvür edin, nə qədər həmvətənimiz var ki, PES-2021 oynayır və istedadlıdı. Onlar turnirə qoşularaq özlərini göstərə biləcəklər. İspaniya və İtaliyanın iki nəhəng holdinqi ilə müqavilə bağlamışıq. Onlar bizim çempionatda özünü yaxşı tərəfdən göstərən oyunçuları yoxlayacaqlar və Avropa nəhənglərinə təklif edəcəklər. Yəni kiberidman təkcə həvəskar statusu daşımayacaq. Nəzərdə tutmuşduq ki, əsas liqada 16, ikincidə 40 klub mübarizə aparsın. Lakin fərqliliklər oldu. Əsasən də E-milli OPEN turnirində sayı azaltdıq. Azərbaycanın 12 və başqa ölkələrin 10 klubu mübarizə aparacaq. Burda da bölüşdürmə etdik. Ümumilikdə 4 qrup olacaq: A, B, C, D. Bunların ikisində ancaq Azərbaycan təmsilçiləri, digərlərində əcnəbilər mabarizə aparacaq. Strukturu elə tərtib etmişik ki, əcnəbilərlə bizimkilər ancaq yarımfinal mərhələsində qarşılaşa biləcəklər. Bu da Azərbaycan komandasının ən azı 3-cü yeri tutması deməkdi. Çünki bəzi nüansları nəzərə aldıq. Məsələn, Braziliyadan müraciət edən klub var idi. Onların saatı ölkəmizdəkindən fərqlidi. Yerli klublardan isə avadanlıqları, internetlə təmin olunmayanları turnirə qəbul etmədik. Çünki sabah bəhanələr edib, turnirin gedişinə təsir edə bilərdilər. Növbəti mövsüm üçün bu sayı artırmağı planlaşdırırıq. Çünki həqiqətən kifayət qədər müraciət edənlər oldu”.


Təşkilatçı yarışların keçirilməsində hansısa problemin olmayacağını söylədi:

“Liqalar arasında bağlılıq var. PRO-da özünü pis tərəfdən göstərən iki komanda OPEN-ə düşəcək. İkinci liqada yaxşı nəticələr qazanan ikisi isə əsas çempionata yüksələcək. Belə turnirlər artıq ölkəmizdə kütləvi xarakter alıb. 2019 və 2020-ci ildə Avropa çempionatının seçmə mərhələsində iştirak üçün yarışlar təşkil etdik. Ötən il həm də ilk dəfə E-milli liqanı həyata keçirdik. Bu il isə daha peşəkar şəkildə 2 turnir reallaşacaq. Hər iki çempionat PES-2021 əsasında oynanılacaq. Bunun üçün oyunun rəsmi sahibi olan “Konami” şirkəti ilə danışıqlar aparılıb. PES-2021-dən tam istifadə etmək hüququna malikik. Yəni turnir “yığışdıq, oynadıq və dağılışdıq” prinsipi ilə həyata keçirilməyəcək. Bu səbəbdən də çox çətinlik olmayacaq. Rəsmi yayınlamaq hüququna da malikik və kontentlərimizi sosial şəbəkələrdə müəllif hüquqlarına görə bloklamayacaqlar”.


Turnirdə Qarabağ regionunu təmsil edən klublar da iştirak edəcək:

“İşğaldan azad olunan torpaqlarımızın e-klubları da çempionatda çıxış edəcəklər. Onlardan biri “Şuşa”dı. Bu gözəl diyarımızda doğulan şəxs öz doğma yurdunun komandasını təmsil edəcək. Belə bir klub qurublar və çempionatda uğur qazanmaq niyyətindədilər. Laçın və Zəngilanı təmsil edən komandalarımız da var. İnşallah, onlar haqda yaxın günlərdə ətraflı məlumat veriləcək”.


Layihənin rəhbəri liqaların püşkatma prosesindən də bəhs etdi:

“AFFA-nın bayrağı altında keçirilən turnirdi. Bu səbəbdən də püşkatma olacaq. Bu E-milli OPEN və kuboka aiddi. Bu yarışların püşkatması “CBC Sport” kanalında yayınlanacaq. E-milli PRO-da bunu etməyi lazım bilmədik. Çünki əsas turnir liqa formatındadı. Bunu əsasən klubları və izləyiciləri nəzərə alaraq etdik. Çünki oyunlar canlı yayınlanacaq. Orda hansısa problem olsa, yarışın gedişinə təsir edəcək. Əsas liqa olduğu üçün qrafiki özümüz qurmuşuq ki, heç bir problem olmasın. Bu da klubların nümayəndələri ilə razılaşdırılıb. PRO üçün yayınlar iki günə təsadüf edəcək. Qarşılaşmalar həftəiçi keçiriləcək. Çünki 2 liqadı və material da çoxdu. İşi yaxşı tənzimləmək üçün belə qərar vermişik. Əsas futbol çempionatları ilə üst-üstə düşməməsini nəzərə almışıq. Çünki premyer-liqamızın və başqa çempionatların oyunları keçirilir. Yayını təşkil edən kanal məcburdu ki, əsas futbol qarşılaşmalarını versin. Ortaya keyfiyyətli iş qoymaq üçün oyunların həftəiçi keçirilməsini istədik. Marağın azalmaması üçün belə bir qərar qəbul etmişik. Oyunların yayın qrafiki ilə bağlı bütün məlumatları həm öz, həm də federasiyanın rəsmi saytında paylaşacağıq. Bunların hər birini iştirakçılar və azarkeşlər görəcək. Canlı yayınlar zamanı yeganə çətinlik çəkəcəyimiz məqam şərhçiliklə bağlı idi. Oyunlarımızı Süleyman Vəliyev şərh edirdi. O, Vətən müharibəsinin iştirakçısı idi. Artıq qələbə ilə geri dönüb. Bu, bizim üçün sevindirici haldı. Özü də bu məsələyə görə çox sevinir. Çünki futbol və e-futbol üçün həqiqətən darıxmışdı. Süleymanın qayıdışından sonra canlı yayınların təşkili yolunda başqa problemimiz qalmayıb”.


Fuad bəy “Zirə”nin turnirdən imtinasının səbəbini də açıqladı:

“Nəzərdə tutmuşduq ki, E-milli PRO-da 16 komanda iştirak etsin. Hansı ki, onların hamısı ötən çempionatda həm məsuliyyət, həm də oyun baxımından fərqlənmişdilər. “Qartallar” turnirdə iştirak etməyəcəklər. Buna səbəb onların imtina etməsidi. Ümumiyyətlə, liqada məcburiyyət anlayışı yoxdu. Hər kəsə dəvət göndərilib. Kiberfutbola marağı olanlar bu turnirə qoşulur. Hətta bir çoxları e-idmançılarla rəsmi müqavilə bağlayıblar, maliyyə ayırıblar, sosial şəbəkə üzərindən onların təbliğatını aparırlar. Yəqin “Zirə” bu istiqamətə maraq göstərməyib. İnşallah, qarşıdakı mövsümlərdə klubun kiberidman sahəsinə marağı olsa, yenidən qoşula bilərlər. Ölkədə fəaliyyət göstərən bütün klublar üçün qapımız açıqdı. Biz heç kimə sanksiya tətbiq etmirik”.


Turnirin əsas söz sahibi ermənilərin yarışda iştirak etmək ehtimalının olub-olmamasına da toxundu:

“Hazırda İtaliya, Rusiya, Türkiyə, Niderland, İsrail, Yunanıstan, İngiltərə, Bosniya və Hersoqovina və Serbiya klublarını qeydiyyatdan keçirmişik. Onların təmsilçiləri arasında milliyyətcə erməni olan hansısa şəxsə rast gəlməmişik. Çünki qeydiyyat prosesinə ciddi nəzarət edirik. Hər bir iştirakçının şəxsiyyət vəsiqəsinə və arxivlərinə baxılır. Hər bir xarici klubla müqavilə bağlamışıq. Onların üzvlərindən hansısa biri xoş olmayan hərəkət edərsə, birbaşa məsuliyyət daşıyacaq. Əminliklə deyə bilərəm ki, həmin klubların üzvlərinin heç biri erməni deyil. Bilmirəm, bu məlumat hardan çıxır. Ola bilər ki, iştirakçılardan kiminsə dostu ermənidi və belə informasiya yayırlar. Oyunçular haqda məlumatları qeydiyyat prosesi tam başa çatandan sonra ictimaiyyətə açıqlayacağıq”.


Həşimzadə əməkdaşlıq etdikləri şirkətlər haqda da məlumat verdi:

“Bu mövsüm “Coca-Cola” ilə birgə fəaliyyət göstərəcəyik. Həmin şirkət bizimlə əməkdaşlığı özü istədi. Belə ki, turnirdəki iştirakçılar bir sıra nominasiyalar üzrə mükafatlandırılacaq. Hədiyyəri məhz adı çəkilən şirkət verəcək. Həmçinin iştirakçıların beynəlxalq oyunlara qatılmasını da təmin edəcək”.


İLKİN SULTANLI
SON XƏBƏRLƏR