Sizin reklam burada

"Qəbələ" braziliyalı və gürcü futbolçu ilə maraqlanır?

Müəllif: football Tarix: 14-01-2021, 14:00 96 Baxış
"Qəbələ" braziliyalı və gürcü futbolçu ilə maraqlanır?

Fasilə dönəmində Qəbələdə toplanış keçən eyniadlı komanda dünən toplanışı başa vuraraq Bakıya qayıdıb.

Bu haqda məlumatı klubun baş meneceri Zaur Əzizovdan aldıq:

“Komanda bu gün (dünən) Qəbələdə bir məşqlə toplanışı başa vurdu. Hər şey əvvəlcədən tutulan plan üzrə getdi. Çox yaxşı, məhsuldar toplanış oldu ki, bu da bizi sevindirməyə bilməz. Ən vacibi toplanış dönəmində heç bir futbolçumuz zədələnmədi. Hazırlıq tam heyətlə keçirildi. Baş məşqçi Elmar Baxşıyev məşqlərə akademiyadan da bir neçə gənc futbolçu dəvət etmişdi. Böyük ehtimalla mövsümün qalan hissəsində onlardan minimum ikisi premyer-liqada debüt edəcək. Sabah “Sumqayıt”la yoxlama görüşü olacaq. Ondan sonra futbolçulara qısa istirahət veriləcək. Onun ardından isə komanda Bakıda “Zirə” ilə oyunun hazırlığını davam etdirəcək”.


Maliyyə problemləri səbəbindən daha çox yerli və yüksək ödənişli olmayan legionerlərə güvənən “qırmızı-qaralar” çempionatın əvvəlində ardıcıl heç-heçələrlə yadda qaldı. Elmar Baxşıyevin çalışdırdığı komanda ilk iki dövrənin böyük hissəsini autsayderlər arasında olsa da, qış fasiləsi ərəfəsində sürət yığaraq ardıcıl qələbələr sayəsində turnir cədvəlindəki vəıizyyətini düzəltdi. Fasiləyə 5-ci pillədə yollanan bölgə təmsilçisi “avrokubok zonası”ndan bir addım geri qalır. Qış “transfer pəncərəsi” zamanı rəhbərlik heyəti bir qədər də gücləndirsə, mayda Avropaya bilet sifariş etmək elə də çətin görünmür. Bizə çatan informasiyaya görə, ölkə kubokunun son qalibi yeni transferlər gerçəkləşdirmək niyyətindədi:

“Həmişə olduğu kimi, yeni futbolçu axtarışındayıq. Maddi planda və səviyyə baxımından bizə uyğun olan oyunçuları gözdən keçirir, maraq dairəmizdə saxlayırıq. Ancaq bu gün üçün “konkret bu futbolçuları rənglərimizə bağlayacağıq” kimi qəti qərarımız yoxdu. Hər şey hadisələrin axarından asılıdı. Daha doğrusu, Ceyms Adeniyini bizi qane edən şərtlərlə sata bilsək, komandaya yeni legionerlər dəvət edə bilərik. Braziliyalı və gürcü futbolçu? Hər şey ola bilər. Açığı, maraq dairəmizdə olan tək onlar deyil. Maraqlandığımız futbolçular arasında başqa ölkələrdən də olanlar var”.


Artıq neçə müddətdi Adeniyinin “Qəbələ”ni tərk edəcəyi deyilir. Klub rəsmiləri dəfələrlə mətbuata açıqlamalarında nigeriyalı forvardı satmaq istədiklərini bildiriblər. Söylənilənlərə inansaq, Ceymsə “eçi düşənlər” arasında həm yerli, həm də xarici klublar var. Yanvarın əvvəlində “Neftçi”nin Adeniyini rənglərinə bağlamaq istədiyi xəbəri yayıldı. Hətta klubların bu mövzuda danışıqlar masasına oturduğu da deyilirdi. Lakin sonda bu yöndə səs-soraq çıxmadı. Bugünlərdə isə “Keşlə” və “Zirə”nin nigeriyalının xıdmətində maraqlı olduğu deyilir. Xaricdən isə ən real təklifin İsraildən gəldiyi söylənilir. Ancaq bütün bunlar hələ ki şayiə səviyyəsindədi, ortada real heç nə yoxdu. Zaur bəylə söhbətdə Ceyms məsələsinə nə vaxt nöqtə qoyulacağı ilə də maraqlandıq:

“Bəzi mətbu orqanlarda İsrail təmsilçisi “Kiryat Şmona”nın transferdən vaz keçdiyi ilə bağlı xəbərlər yayılıb. Ancaq mən sizə danışıqların davam etdiyini deyirəm. Sadəcə, bu elə məsələdi ki, alan da, satan da razı qalmalı, futbolçunun şəxsi müqaviləsinin detalları ona sərf edən olmalıdı. Ona görə də proses bir qədər uzanır. Biz qarşı tərəfə şərtlərimizi bildirmişik. İndiki məqamda Ceymsin agenti onun şəxsi müqaviləsinin detallarını müzakirə edir. Açıq sizə bildirim ki, bu gün klub olaraq Adeniyinin müqavilə şərtlərini yerinə yetirməkdə çətinlik çəkirik və buna görə də onu satmaq istəyirik. Onun transferi reallaşsa, yuxarıda qeyd etdiyim kimi, komandaya yeni legionerlər dəvət olunacaq. Yerli klublara gəlincə, ola bilsin, onun xidmətində maraqlı olan premyer-liqa təmsilçiləri var. Ancaq bizə konkret heç kim müraciət etməyib”.


RƏŞAD
SON XƏBƏRLƏR