Sizin reklam burada

Klots “Keşlə”nin təklifini qəbul etməyib

Müəllif: football Tarix: 14-01-2021, 13:00 122 Baxış
Klots “Keşlə”nin təklifini qəbul etməyib

Qış hazırlığını davam etdirən “Keşlə” daha bir futbolçu ilə yolları ayırıb.

Klubun saytının məlumatına görə, “qırmızılar” Dmitri Klotsla vidalaşıb. Mövsümün əvvəlində komandaya qoşulan 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Keşlə" ukraynalı oyunçuya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Dmitri Klots premyer-liqada 13 qarşılaşmada meydanda olub. Bu oyunlarda 1 qol da vurub. Statistik göstəricilərdən də görünür ki, ukraynalı yarımmüdafiəçi cari mövsümdə “Keşlə”nin əvəzedilməzlərindən olub. Bəs hansı səbəbdən “qırmızılar” onunla yolları ayırıb?

Sualımıza cavab tapmaq üçün “Keşlə”nin baş məşqçisi Yunis Hüseynovla əlaqə saxladıq. Təcrübəli mütəxəssis Klotsun ayrılmasının səbəblərini açıqladı:

“Klotsun müqaviləsi 6 aylıq idi. Sözləşmədə sonradan müddəti artırmaq bəndi də yer almışdı. Ukraynalı futbolçuya başqa klublardan təkliflər var idi. Onunla müqavilənin müddətini artırmaqla bağlı danışıq aparsaq da, razılığa gəlmədik. Bu səbəbdən də yolları ayırdıq. Nə bizim ondan, nə də onun bizdən narazılığı oldu”.


Əldə etdiyimiz məlumata görə, futbolçu özü şəxsən klubdan ayrılmaq istəyib. “Keşlə” maaşını artırmağı təklif etsə də, Klots qəbul etməyib. Buna səbəb Yunis Hüseynovun da dediyi kimi, ukraynalının başqa təkliflər alması olub. Nəticə etibarı ilə Klots “Keşlə”dən ayrılmağı üstün tutub.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR