Sizin reklam burada

Yığma üçün Rusiyada futbolçu axtarılır

Baxış Sayı:183

Yığma üçün Rusiyada futbolçu axtarılır

2021-ci il Azərbaycanda futbol sahəsi üçün olduqca maraqlı başladı. Maliyyə sıxıntısından əziyyət çəkən klublar transfer bazarında fəal ola bilməsələr də, heyəti gücləndirməyə, lazım olmayanlarla yolları ayırmağa çalışırlar. Bir sözlə, klubların başı qarışıb öz problemlərinə.

Əsas maraqlı məsələlər milli komanda ilə bağlıdı. Mediada yer alan xəbərlərə görə, Canni De Byazi yığmanın üzvlərinin futbolçu bacarıqlarından razı deyil. İtaliyalı mütəxəssis əcnəbilərin “milliləşdirilməsini” istəyir. O, bununla dünya çempionatının seçmə mərhələsində uğur qazanacağını düşünür. İtaliyalı mütəxəssis milli üçün yeni futbolçuların tapılması tapşırığını da verib. Məlumata görə, bu yöndə konkret olaraq Rusiyadakı soydaşlarımızın xidmətindən yararlanmaq istəyir. O, bu bazarı daha yaxşı bilən Emin Ağayevlə Rasim Abuşovdan kömək etmələrini istəyib. De Byazi dolayı yolla hər iki mütəxəssisdən Rusiyadakı potensiallı azərbaycanlı futbolçuların tapılmasını rica edib. (APASPORT)

Xəbərin nə dərəcədə dəqiq olduğunu öyrənmək üçün AFFA ilə əlaqə saxladıq. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın mövqeyi belə oldu:

“Bu məsələ ilə müvafiq şöbə məşğul olur. Rəsmən heç bir məlumat yoxdu. Emin Ağayevlə Rasim Abuşovun AFFA ilə əlaqəsi yoxdu. Ağayev “Səbail”in məşqçisidi. Lakin burda milli komandadan söhbət gedir. Ola bilər ki, De Byazi özü həmin şəxslərdən belə xahiş edib. AFFA milliyə təklif olunan hər futbolçu ilə bağlı araşdırma apardıqdan sonra qərar qəbul edir. Bir dəfə mən də belə cəhd etmişəm. Qranatkin turnirlərinin birində orda iştirak edən valideyinlər mənə yaxınlaşdılar. Bildirdilər ki, Rusiyada çıxış edən bəzi futbolçular milliyə kömək ola bilərlər. Həmin an mənə bir neçə futbolçunun adını demişdilər. Mən də qeydlərimi aparıb, federasiyanın bu işlərlə məşğul olan şöbəsinə bildirmişdim. Onlar da araşdırıb, həmin futbolçularla əlaqə qurdular. Hətta onlardan biri milli komandaya qədər yüksəldi. Yəni belə məsələlərdə yığmaya futbol sahəsində olan hər kəs kömək edə bilər. Lakin bir daha qeyd edim ki, AFFA-dan Emin Ağayevlə Rasim Abuşova bu işlərlə məşğul olmaq tapşırığı verilməyib”.


Firuz bəy De Byazinin ölkəmizə qayıdıb-qayıtmaması ilə bağlı da məlumat verdi:

“İtaliyalı mütəxəssis hələ qayıtmayıb. Yalnız köməkçiləri hazırda paytaxtdadı. Onlar və Arif Əsədov klubların məşqlərini mütəmadi izləyir, qeydlərini aparırlar. Yığmanın məşqçiləri qış fasiləsi müddətində premyer-liqada çıxış edən bütün klubların düşərgəsində olacaqlar, məşqləri izləyəcəklər, yoxlama görüşlərinə baxacaqlar. Bu proses artıq başlayıb. Məsələn, “Neftçi” - “Kəpəz” qarşılaşmasını izləyiblər. Bu gün (dünən) də “Sabah”ın məşqini izləyəcəklər. Orda Arif Əsədovla De Byazinin əcnəbi köməkçiləri olacaq. Proses ardıcıllıqla davam edəcək və bütün klubların toplanışlarında iştirak ediləcək”.


İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR