Sizin reklam burada

Sabiq futbolçusu “Keşlə”dən FIFA-ya şikayət edib

Baxış Sayı:117

Sabiq futbolçusu “Keşlə”dən FIFA-ya şikayət edib

Mövsümün əvvələrində “Keşlə”dən müəmmalı şəkildə ayrılan Aleksandr Kristovao paytaxt təmsilçisindən FIFA-ya şikayət edib.

Anqolalı forvard heç kimə demədən klubun bazasını tərk etmişdi. O, Niderlanda, ailəsinin yanına yollanmışdı. Həmin müddətdə hücumçunun “qırmızılar”la davam edən müqaviləsi var idi. Onun hərəkətini Yunis Hüseynov hörmətsizlik kimi qəbul edərək, geri dönməməsini rəhbərlikdən tələb etmişdi. Təcrübəli mütəxəssis anqolalı hücumçunun özbaşınalığını bağışlamayaraq onun geri dönmək ehtimalının və komandada oynamaq şansının olmadığını Müşahidə Şurasına çatdırmışdı. Bu səbəbdən də rəhbərlik Kristovao ilə yolları ayırmışdı. Belə olan təqdirdə hücumçu ona çatan məvacibi tam ala bilməməsi səbəbindən FIFA-ya şikayət edib. Anqolalının əsas tələbi ona çatdırılmalı olan pulu əldə etməkdi.

Bəs klub məsələ ilə bağlı hansı addımları atıb? Kristovaonun şikayəti haqda “Keşlə”yə hansısa məlumat və ya məktub gəlibmi? Klubun mətbuat katibi Murad Axundovu dinləyək:

“Ötən ilin sonlarında kluba belə məlumat daxil oldu ki, Aleksandr Kristovao FIFA-ya şikayət edib. Biz də hüquqi prosedura başlamışıq. Artıq məsələ ilə bağlı FIFA ilə danışıqlara başlanılıb”.


“Keşlə” rəsmisi klubu müdafiə edən hüquqşunasla bağlı sualımıza belə cavab verdi:

“Bu barədə rəsmi açıqlama verə bilmərik. Çünki bizi hüquq şirkəti müdafiə edir, hansısa şəxs yox. Onlar haqda məlumat vermək də doğru deyil”.


Axundov məsələnin “Keşlə”nin xeyrinə həll olunacağını düşünür:

“Futbolçu özbaşınalıq edərək, heç kimə xəbər vermədən komandanın düşərgəsini tərk edir. Sonradan xəbər tuturuq ki, Niderlanda yollanıb. Bu da qayda pozuntusudu. Bundan istifadə edərək müqaviləsinə xitam verildi. İndi FIFA-ya şikayət edir ki, pulum verilməyib. Bu məsələdə “Keşlə” olaraq haqlıyıq. İstənilən halda hüquqi prosedura başlamışıq. Əminəm ki, qərar lehimizə olacaq. Çünki qaydanı pozan tərəf “Keşlə” deyil. Kristovao özbaşınalıq edib və indi nəsə etməyə çalışır. Yenə də FIFA-nın qərarını gözləmək lazımdı”.


İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR