Sizin reklam burada

“Zəfər kuboku” yaxşıdı, yoxsa “öz şirəsində qaynamaq”?

Baxış Sayı:87

Yanvarın 10-da Azərbaycan çempionatında növbəti “transfer pəncərəsi” açılıb.

Deməli, klublar artıq heyətini yeni oyunçularla gücləndirə, ehtiyac duymadıqlarını isə göndərə bilərlər. Bəs bu imkandan yararlanacaqlarmı? Koronavirusun yaratdığı məlum çətinliklər üzündən faktiki kimisə sınamaq, güclü rəqiblərlə yoldaşlıq oyunları keçirmək də mümkün olmadığından, futbolumuzun sabahı mənə yetərincə qaranlıq görünür. İndi məni bu qənaətə gəlməyə məcbur edən səbəbləri açıqlayacam.

Dekabrda təqvimdə yaşanan məlum dəyişikliklərə görə istirahət vaxtının azalması klublarımızı başqa ölkələrdə toplanış keçmək fikrindən daşındırdı. Düzünə qalsa, şəxsən mən heç onların vətəni tərk edəcəyinə də inanmırdım. İlk növbədə ona görə ki, dünyanı bürüyən qlobal iqtisadi böhran Azərbaycana da təsir göstərməkdədi, yəni bizim klubların bəlli maliyyə qaynaqları heç də ideal durumda deyil. İkincisi, koronavirusun yaratdığı test-logistika çətinlikləri istər ölkədən çıxmağı, istərsə də ölkəyə gəlməyi əzab-əziyyətli prosesə çevirib. Uyğun sənədləşmə, test işlərinin aparılması günlərlə vaxt tələb edir.

Klubların ölkədən kənara çıxa bilməməsi onları avtomatik güclü rəqiblərlə yoldaşlıq oyunları keçirmək, futbolçuların səviyyəsini belə oyunlarda sınamaq imkanından da məhrum edir. Hər şeyi açıq danışmaq lazımdı. Mövsüm ərzində 4, hətta bəzən 5 dəfə qarşılaşan komandalar bir-birinin potensialına yaxşı bələddi, yoxlama oyunlarında da meydanda bir o qədər can qoymurlar, zədədən qorunurlar, “kartları açmaq” istəmirlər və s. və i.a. Başqa ölkələrin klubları ilə görüşlər həm də ona görə vacibdi ki, “beynəlxalq” təyini, əcnəbi skautların, klub nümayəndələrinin diqqət mərkəzində olmaq reallığı istər-istəməz futbolçuların boynuna əlavə məsuliyyət qoyur. Öz aramızdı, ölkə daxilində keçirilən, iki klubun personalından başqa kimsənin izləmədiyi oyunlar futbola və futbolçuya nə qazandıra bilər?

Təbii ki, heç nə! Məhz bu heç nə də enində-sonunda gətirib avrokuboklardakı yay uğursuzluğuna çıxarır. Başqaları elə 1-ci və ya 2-ci mərhələdə mübarizəni dayandırır, “Qarabağ” Avroliqanın qrupuna düşəndə elliklə papağımızı göyə atırıq.

Klublar ölkəni tərk etməmişdisə, onları bir araya gətirmək imkanı var idisə, AFFA və PFL daha orijinal yol seçə bilərdi. Bir neçə il əvvəl “CBC Sport” telekanalı turnir keçirsə də, təəssüf ki, həmin ideya uzunömürlü olmadı. Amma ölkə futboluna rəhbərlik edən qurumlar bir neçə güclü klubun iştirakı ilə “Zəfər kuboku” və ya buna oxşar ad altında çox maraqlı turnir keçirə bilərdi. Həm torpaqlarımızın işğaldan azad olunması futbol qaynaqlarında da maddiləşər, həm də yoldaşlıq oyunlarının prinsipiallığı, dadı-duzu artardı. Lap rəmzi mükafat fondu da müəyyənləşdirmək olardı ki, futbolçular, komandalar daha həvəslə mübarizə aparsın, bunun da nəticəsi kimi Azərbaycan futboluna könül verən çox məhdud kontingent ekran önünə keçsin.
Təəssüf ki, bizim futbolda orijinal şəxsiyyətlər və futbolçular ilə yanaşı, qeyri-adi, maraqlı ideyalar da çatışmır. Komandalar mövsüm ərzində bir-biri ilə ən azı 4 dəfə qarşılaşmaqla “öz şirəsində qaynayır”, hər il qonşu ölkələrə “milliləşdirmə” tilovu atırıq, illər dəyişir, amma yığmaların faciələri davam edir, əcnəbi çalışdırıcılar heyət qurmağa futbolçu tapmır, futbolçu yetişdirməyin optimal variantlarını tapa bilmirik, hər yeni nəsil özündən əvvəlkilərdən zəif təsir bağışlayır. Bütün bu məqamlar nəticə etibarı ilə gətirib ona çıxarır ki, ölkədə futbola maraq get-gedə azalır, təkəm-seyrək müzakirə və diskussiyalarda da “Qarabağ”la “Neftçi”nin yox, “Real”la “Barselona”nın, ya da “Qalatasaray”la “Beşiktaş”ın adı çəkilir. Artıq uzun illərdi ölkənin futbol səlnaməsinin yazılmasında iştirak edən adamlardan biri kimi şəxsən məni bütün bu məqamlar qətiyyən razı salmır. Ölkəmizin futbolunu və futbolçusunu daim irəlidə görmək istəyirəm, amma heç nə alınmır. Çox təəssüf ki, bu ölkədə futbol təsərrüfatının varlığı get-gedə formal xarakter almaqdadı. AFFA və PFL-in standart fəaliyyəti, klubların dəfələrlə bir-biri ilə qarşılaşması, Avroliqada qrupdan bir addım irəli gedə bilməməyimiz, başqa ölkələrin çempionatlarında futbolçularımızın olmaması… Daha nəyi əlavə edim? Bəlkə elə oxuduğunuz bu yazı da…

HUŞƏNG

Oxşar xəbərlər
SON XƏBƏRLƏR