Sizin reklam burada

Vüqar Həşimovsuz 7 il…

Baxış Sayı:68

Vüqar Həşimovsuz 7 il…


Vüqar Həşimovun vəfatının 7-ci ildönümü ilə bağlı dünən doğmaları, yaxınları və yeniyetmə şahmatçılar məzarını ziyarət ediblər. Mərhumun ilk məşqçisi Anar Allahverdiyev onun qısa, lakin uğurlu karyerasından danışıb. “Vüqar Həşimov” klubunun üzvləri, yeniyetmələrin şahmat Olimpiadasının qalibləri Aydın Süleymanlı və Əhməd Əhmədzadə qrossmeysterin həyat yolunun gənclərə nümunə olduğunu söyləyiblər. Mərhumun atası Qasım Həşimov Vüqarın həmişə Azərbaycanın idman şərəfini layiqincə qorumağa çalışdığını deyib.

Şahmat tariximizin erkən sönən ulduzu 1986-cı il iyulun 24-də Bakıda anadan olub. Şahmata erkən yaşlarından maraq göstərən Vüqar uşaqlıqda "Şahmat klubu" verilişindəki çıxışları ilə tanınıb. 2002-də qrossmeyster adına yiyələnib. Buna qədər isə 3 dəfə ölkə çempionu olub. Müxtəlif yaş kateqoriyalarında dünya və Avropa çempionatlarının 21 medalını qazanıb. 50-dən artıq beynəlxalq turnirin qalibi olub. 2009-cu ildə Serbiyada keçirilən Avropa çempionatında yığmanın tərkibində həlledici görüşdə qələbə qazanaraq şahmat tariximizdə ilk qitə qızılının əldə olunmasında böyük rol oynayıb. Həyatının son anına qədər ölkənin və dünyanın ən güclü şahmatçılarından biri sayılıb. Təsadüfi deyil ki, hər il Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialına dünyanın ən güclü şahmatçıları toplaşır. Artıq 7 ildi aramızda yoxdu. Beyin xərçəngindən müalicə alan Vüqar Həşimov 2014-cü il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərində vəfat edib.

Allah rəhmət eləsin.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR